• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü böyük ehtiramla yad edilib


10 May! Təqvimdə bu tarixi gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günüdür. Artıq 18 ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

Qürurverici olan isə odur ki, xalqımız öz Ulu Öndərinin anadan olmasının 98-ci ildönümünü fərqli ovqatla qeyd edir. Bu gün qürur duyuruq ona görə ki, ötən ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq niskilinə son qoyuldu. Biz doğma Qarabağımıza qovuşduq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Qazax rayonunda da geniş şəkildə qeyd edilib. Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü münasibətilə pandemiya qaydalarına uyğun olaraq onlayn videokonfranslar keçirilib, rəsm müsabiqələri təşkil olunub. Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun orta ümumtəhsil məktəblərində şagirdlərə "Ulu  Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda mühazirələr oxunub.

Mayın 10-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü böyük ehtiramla yad edilib.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin ildönümü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.


 

Sonra Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən stendlərlə, kitab və jurnallardan ibarət guşə ilə tanış olublar. Mərkəzdə olan qonaqlara bildirilib ki, bu gün Azərbaycan xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf strategiyası hazırda Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biridir.

 

Qeyd edilib ki, Ümummilli Liderin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanı dünyada tanıdan, Qarabağı azadlığına qovuşduraraq, ata vəsiyyətini dönmədən yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi oğul yetişdirməsidir.

Bu gün əbədiyaşar Lider haqqında düşünərkən Prezident İlham Əliyevin Şuşa azad olunan gün – noyabrın 8-də Fəxri xiyabanda Ulu Öndərin məzarını sonsuz qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.


Bildirilib ki, Ulu Öndər 3 dəfə - 1971, 1979 və 1998-ci illərdə Qazax rayonunda olub, əmək adamları ilə görüşüb, müşavirələr keçirib. Ümummilli Lider Qazax rayonuna, onun zəhmətsevər insanlarına, yazıçı və şairlərinə, elm adamlarına daim yüksək dəyər verib, zaman-zaman onları qiymətləndirib.

Vurğulanıb ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ümummilli Lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə anılır, sevilir, yaşanır və əbədi yaşayacaqdır.

 

GOYEZEN.AZ



Facebook-da paylaş