• Təqvim

  • Maraq



Qazaxda Azərbaycanın qədim şəhəri Şuşanın düşmən işğalından azad edilməsi və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirilib

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin noyabrın 8-də xalqımıza səbirsizliklə gözlədiyi müjdəni – Şuşanın işğaldan azad olunması xəbərini verməsi 9 Noyabr - Dövlət Bayrağı Günü ərəfəsində xalqımıza hədiyyə edilən ən böyük töhfə oldu. Və bu gün Dövlət Bayrağı Günündə Azərbaycan bayrağı Şuşada dalğalanır.

Bayrağımız qürur mənbəyimizdir, dövlət rəmzlərimizdən biridir. Dövlət bayrağımızın tarixinə qısaca nəzər salsaq görərik ki, Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub.

Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağına sahib çıxdı. Dövlət bayrağımızı səciyyələndirən ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi.


Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur.

Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Dövlət bayrağımız Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların binaları qarşısında ucalır. Yarışlarda qalib gələn idmançılarımızın şərəfinə bayrağımız qaldırılır, himnimiz səslənir. Biz bundan böyük qürur duyuruq, ucalan bayrağımıza baxanda gözlərimiz sevincdən yaşarır.

2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyev deyib: "Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”.

Rəşadətli ordumuzun bu il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı uzaqgörən, müdrik Prezidentimizin 10 il əvvəl dediyi sözlərin əyani təsdiqidir. 2016-cı ilin Aprel döyüşləri zamanı, daha sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı nəticəsində işğaldan azad edilən doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu gün həmin zəfərlərin davamı olaraq qəhrəman Azərbaycan əsgəri bayrağımızı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinə, Hadrut, Mincivan, Ağbənd qəsəbələrinə, Suqovuşana, işğaldan azad olunmuş 215 kəndə sancıb.

Bu qələbələr fonunda Prezident İlham Əliyevin iki il əvvəl Bakıda keçirilən hərbi paradda böyük inamla dediyi sözlər də yada düşür: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimizi erməni işğalından addım-addım, qarış-qarış azad edir və üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalandırır.

Xalqımız əmindir ki, işğal atlındakı bütün torpaqlarımız azad olunacaq, dövlətimizin başçısının dediyi kimi, həmin torpaqlarımızda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirilərək hərbi paradda nümayiş etdiriləcək. O gün çox yaxındadır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Şuşanın azad olunması xəbəri və 9  Noyabr – Dövlət Bayrağı Günü böyük təntənə ilə qeyd olunub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın qədim şəhəri Şuşanın düşmən işğalından azad edilməsi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirilib.




Yürüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın məsul şəxsləri, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Tural Məmmədov, idarə, müəssisə rəhbərləri, məktəb direktorları, gənclər, Qarabağ müharibəsi əlilləri, "Ehtiyyatda ola zabitlər” Konfederasiyasının Qazax rayon şöbəsinin üzvləri, şəhər sakinləri iştirak ediblər.

Yürüş Qazax şəhərinin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkdan start götürüb. Əllərində üçrəngli Azərbaycan bayrağı tutmuş şəhər sakinlərinin yürüşü Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanının qarşısına kimi davam edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yürüş iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini yad edib, dərin ehtiramlarını bildiriblər.













Sonra Heydər Əliyev prospekti boyunca əllərində üçrəngli dövlət bayrağını tutmuş yürüş iştirakçıları alqış sədaları altında "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır!”, "Şəhidlər ölməz, Vətən bölünməz!”, "Şuşa azaddır!”, "Yaşasın Ali Baş Komandan!”, "Yaşasın Azərbaycan Ordusu!”, "Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir!” şüarlarını səsləndiriblər.









 

Daha sonra Şəhidlər xiyabanında Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Şəhidlər xiyabanında ucaldılmış memorial önünə tər qərənfillər düzülüb.
















 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycanın dilbər guşəsi olan Şuşanın işğaldan azad olunması və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı və bütün xalqımızı, yürüş iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı qeyd edib ki, Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Şuşanın işğaldan azad olunması münasibətilə Ali Baş Komandana və Birinci vitse-prezidentə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə Qazax ictimaiyyəti adından minnətdarlığını bildirib. İcra başçısı sentyabrın 27-dən başlayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən Azərbaycanın yeni tarixinin yazıldığını qeyd edib. O tarix ki, illər, əsrlər ötsə belə bütün dünya bizim hansı gücə, qüdrətə malik dövlət olduğumuzu biləcək. Gələcək nəsillər həmin şanlı tarixi bir nəfəsə oxuyacaqlar. Hərb tariximizə qızıl hərflərlə yazılan qələbələrin, zəfərlərin qazanılmasında ordumuzun böyük şücaət göstərdiyini vurğulayan rayon rəhbəri bizi qarşıda daha böyük qələbələrin gözlədiyini bir daha diqqətə çatdırıb. Rayon rəhbəri 27 ildən sonra 43 gün ərzində Azərbaycanın haqq savaşında əldə etdiyi nailiyyətlərin, qələbələrin, zəfərlərin böyük məna daşıdığını bildirib. Bu qələbələrin kökündə bizim mənliyimizin, kimliyimizin, özümüzün özümüzə qayıdışımızın, hər şeyimizin dayandığını söyləyib.


İcra başçısı illər öncə ulu öndər Heydər Əliyevin söylədiyi "Mən xoşbəxtəm ki, azərbaycanlıyam” kəlməsinin bu gün sözün həqiqi mənasında özünü doğrultduğunu qeyd edib. Bu gün hər bir ölkə vətəndaşının fəxrlə söyləyəcəyi kəlmənin məhz azərbaycanlıyam kəlməsi olduğunu bildirib.



Dövlətin, ölkə Prezidentinin şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğıdan danışan icra başçısı bunun bariz nümunəsi olaraq ölkə başçısının yaralı əsgərlərimizə baş çəkərkən söylədiyi fikirləri bir daha diqqətə çatdırıb. Dövlətimizin başçısının "Şəhidlərimizin, yaralı əsgər və zabitlərimizin, onların ata və analarının qarşısında baş əyirəm” söyləməsini ən yüksək qiymət kimi dəyərləndirib. Bu nümunəvi addımın hər birimiz üçün örnək olduğunu, bütün bu qələbələrin qazanılmasına görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirib.

 

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, şair, Əməkdar incəsənət xadimi Barat Vüsal çıxış edərək Şuşanın işğaldan azad olunması və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Qeyd edib ki, bütün ucalıqlara çatmağın bir yolu var ki, o da milli birlik, ləyaqəti və məmləkətin bütövlüyünü qorumaqdır. "Bu gün bizlər xoşbəxt xalqıq ki, İlham Əliyev kimi Ali Baş Komandanımız var” deyən B.Vüsal onun rəhbərliyi altında Azərbaycan dövlətinin daha böyük uğurlara imza atacağını bildirib. "Ali Baş Komandanım” şeiri ilə təbriklərini çatdıran B.Vüsal xalqımızı böyük zəfərlərə aparan yolda hər kəsə uğurlar arzulayıb.

 

YAP Qazax Rayon Təşkilatının Qadınlar Şurasının sədri, Qaratel Hacımahmudova adına Qazax şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək alınmaz qalanın – Şuşanın azad olunmasına görə hər kəsə gözaydınlığı verib. "Qazilərimizin, şəhidlərimizin axan bir damcı qanına bütün Azərbaycan anaları qurban olsun” deyən Y.Göyüşlü bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, qarşılarında baş əydiyini söyləyib. Haqqın davasını aparan haqqın ordusuna daha böyük qələbələr qazanmağı arzu edən məktəb direktoru bu yolda əsgər və zabitlərimizə, hərbçilərimizə Allah özü kömək olur deyib. Qeyd edib ki, Azərbaycan Ordusu qazanılan qələbələrlə Qafqazın ən güclü ordusu olduğunu bütün dünyaya sübut etdi. Düşmənlə yanaşı, bütün dövlətlər bir daha şahidi oldular ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Y.Göyüşlü bildirib ki, 2019-cu ilin oktyabrında "Valday”da "Qarabağ Azərbaycandır və nida işarəsi” deyən Prezident İlham Əliyev düz bir ilin tamamında xalqımıza böyük sevinc yaşatdı. Və bütün dünyaya bir daha sübut etdi ki, həqiqətən də Qarabağ Azərbaycandır və Azərbaycanın əzəli torpaqları olub.

 

AYB-nin üzvü, Qaymaqlı kənd folklor evinin müdiri Kazım Kazımlı da "Qarabağ bizimdir, bizim olacaq” şeiri ilə təbriklərini çatdırıb.

 

Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək əlamətdar günlər münasibətilə Səməd Seyidovun adından hər kəsi təbrik edib. "Biz qazaxlı gənclər Qarabağı görməsək də hər birimiz özümüzü qarabağlı hiss etmişik, bilmişik” deyən deputat köməkçisi bunun tək səbəbkarının ölkə başçısı, Ali Baş Komandan olduğunu bildirib. Ötən illər ərzində cənnətimiz olan Qarabağı yaddan çıxartmayan, gələcək nəsillərə təqdim edən, işğaldan azad edərək doğma soydaşlarına qaytaran Ali Baş Komandan İlham Əliyevə və şanlı ordumuza bütün qazaxlı gənclər adından minnətdarlığını bildirib. Qazaxlı gənclərdə böyük ruh yüksəkliyinin olduğunu qeyd edən A.Əmirov bundan sonra da hər zaman Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməyə hazır olduqlarını vurğulayıb.

 

AYB-nin üzvü, şair Mustafa Rasimoğlu çıxış edərək şəhidlərimizə həsr etdiyi şeiri səsləndirərək ruhları qarşısında baş əydiyini söyləyib.

 

Təqaüdçü müəllim Cavanşir Rüstəmov çıxış edərək Ali Baş Komandan başda olmaqla, müzəffər Azərbaycan Ordusunu və yumruq olub ölkə başçısının ətrafında sıx birləşən xalqımızı bayramlar münasibətilə təbrik edib, gözaydınlığı verib. "Ucalır hər yanda zəfər bayrağı” adlı şeiri ilə təbriklərini çatdıran C.Rüstəm bizi qarşıda daha böyük zəfərlərin gözlədiyini bir daha vurğulayıb.


Aşıq Camoy Qurbanov çıxış edərək şeir töhfəsi ilə təbriklərini çatdırıb.

 

Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olmuş və yaralanmış hərbçilərimizdən Canpolad TanrıverdiyevCavid Musayev çıxış edərək əldə edilən qələbələr münasibətilə ürək sözlərini çatdırıblar. Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini canla-başla yerinə yetirən Azərbaycanın güclü ordusu olduğunu və həmin ordunun igidliyi, şücaəti, əzmi sayəsində xalqımızı daha böyük qələbələrin gözlədiyini vurğulayıblar. Azərbaycan Ordusunda xidmət edən hər bir əsgər və zabitin son damla qanına kimi düşmənin üzərinə gedəcəklərini, torpaqlarımızı son qarışınacan işğaldan azad edəcəklərini vurğulayıblar. Şuşa, eləcə də digər işğaldan azad olunan rayonlarımız kimi, Qazaxın işğalda olan 7 kəndinin də tezliklə işğaldan azad oluncağını bildiriblər.

 

Şəhid atası Mahmud Pənahov övladı ilə, bütün şəhidlərimizlə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək "Vətən sağ olsun” deyib. Bu gün işğaldan azad olunmuş şəhərlərimizin, rayonlarımızın, kəndlərimizin adı açıqlandıqca qürur hissi keçirdiyini və şəhidlərimizin qisasının alındığını, qanlarının yerdə qalmadığını qeyd edib. 

 

Qaratel Hacımahmudova adına Qazax şəhər ümumi orta məktəbin IX sinif şagirdləri Əsgər Hacıyev Sədaqət Camalova Dövlət Bayrağına həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda Vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna dua oxunub, ruhları qarşısında bir daha baş əyilib.


 

 

GOYEZEN.AZ



Facebook-da paylaş