• Təqvim

  • Maraq



Qazaxda səhiyyə müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətində səhiyyə müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə bütün sahələrə olduğu kimi, səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərilən dövlət qayğısından, ölkə Prezidenti cənab İlham Əliyevin səhiyyə sahəsində şəffaflığın təmin olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən, bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən söhbət açılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətini bildirib.Respublika Prezidentinin son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərək onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirləri, xüsusilə də ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olmasını, bu sahədə məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələri bir daha diqqətə çatdıran rayon rəhbəri səslənən bu amilin Qazaxda da daim diqqət mərkəzində olduğunu bildirib.

 

Rayon rəhbəri dövlət başçısının istər vətəndaşlara olan diqqət və qayğısının, istərsə də şəffaflığın təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini qeyd edib. İcra başçısı rayonda iki böyük sahədən birinin təhsildən sonra məhz səhiyyə sahəsi olduğunu bildirib. Digər sahələr kimi səhiyyə sahəsinin də daim diqqət mərkəzində saxlanıldığını, istər dövlət, istərsə də rayon rəhbərliyi tərəfindən hər cür dəstək və qayğı ilə əhatə olunduğunu vurğulayıb. Dövlətin, ölkə başçısının Qazax rayon səhiyyəsinə, bu sahədə çalışan işçilərə olan qayğısının bariz nümunəsi kimi 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisini göstərib. Bütün səhiyyə işçiləri, eləcə də qazaxlılar adından ölkə başçısına minnətdarlığını çatdıran icra başçısı bu sahədə çalışan insanların hər zaman onlara olan etimadı layiqincə doğrultmalarını, öz işlərində bundan sonra da daha böyük məsuliyyətlə çalışmalarını qeyd edib. İcra başçısı bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində olan şəffaflığın, vətəndaşlara göstərilən xidmətlərin bundan sonra da yüksək səviyyədə olması üçün verilən tapşırıqlara birmənalı şəkildə əməl olunmasını bildirib. Rayon rəhbəri ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında dayanan vətəndaş amilinin bütün sahələrlə yanaşı səhiyyə sahəsində də ön planda tutulmasını, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə, onlara olan münasibətə, göstərilən diqqət və qayğıya hər zaman həssaslıqla yanaşılmasını söyləyib.

Bugünkü müşavirənin də məhz bu məqsədə, amala xidmət etdiyini qeyd edən icra başçısı kökündə vətəndaş məmnunluğu dayanan hər bir işin, göstərilən xidmətin öhdəsindən layiqincə gəlmək üçün hər bir işçinin bundan sonra da böyük səylə çalışmasını tövsiyə edib.

Sonda icra başçısı görülən işlərin, atılan addımların birbaşa rayonun adı ilə bağlı olduğunu bir daha vurğulayıb. Hər bir idarə, müəssisə, təşkilat rəhbərinin, xüsusilə də səhiyyə sahəsində çalışan insanların bu məsələnin mahiyyətini dərk etmələrini, rayonda atılan hər bir addımın ölkə başçısının istəyinə, verdiyi göstərişlərə uyğun şəkildə olması üçün  öz işlərində daha da məsuliyyətlə çalışmalarını vurğulayıb. Bununla bağlı bir daha tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ



Facebook-da paylaş