• Təqvim

  • Maraq



Qazaxda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi keçirilib


Bu gün Qazaxda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş zona müşavirəsi keçirilib.

Tədbirdə ölkəmizin qərb bölgəsində yerləşən rayonların icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri iştirak ediblər. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göyçay, Yevlax, Şəki, Bərdə, Tərtər, Daşkəsən, Goranboy, Samux, GöygölNaftalan rayonlarından olan nümayəndələr müşavirəyə qatılıblar.

Müşavirədən öncə Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə Ulu Öndər Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub.



 

Daha sonra müşavirə Qazax Gənclər Mərkəzində öz işinə başlayıb.


Qazax Rayon İcra Hakmiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək qonaqları və müşavirə iştirakçılarını salamlayıb. Keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən söz açan icra başçısı respublika səviyyəsində olan tədbirin Qazax rayonunda keçirilməsinə görə Vergilər Naziri cənab Mikayıl Cabbarova öz adından və Qazax ictimaiyyəti adından dərin minnətdarlığını bildirib. İcra başçısı Qazax rayonunda kənd təsərrüfatı sahəsində aparılan islahatların müsbət nəticələri barədə məlumat verib, bütün sahələrdə olduğu kimi, burada da uçotun düzgün aparılmasının vacibliyini qeyd edib.


Vergilər nazirinin müavini Sahib Ələkbərov çıxış edərək müşavirə iştirakçılarını nazirliyin rəhbərliyi adından salamlayıb və tədbirdə iştiraklarına görə təşəkkürlərini çatdırıb. Müşavirənin əhəmiyyətini vurğulayan nazir müavini kənd təsərrüfatında uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblər, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə məlumat verib. Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş hesab oluna bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqların olması bu sahənin daha sürətlə inkişaf etdirilməsinə əngəl törədən əsas amillərdən biridir. Xüsusi olaraq vurğulanıb ki, görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyatı dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir. Qeyd olunub ki, kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Digər tərəfdən, uçota alınmadan fəaliyyət göstərənlər, uçotda olub öz fəaliyyətlərini şəffaf şəkildə quranlara nisbətən müvəqqəti də olsa, bəzi üstünlüklər əldə edir, qeyri-sağlam rəqabət mühitinin formalaşmasına səbəb olurlar.

S.Ələkbərov bildirib ki, avqust ayından etibarən bütün ölkə ərazisində ilkin olaraq kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə start verilib və ötən müddət ərzində 11 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib. 3500-ə yaxın vergi ödəyicisinin fəaliyyət sahəsi dəqiqləşdirilib, onlardan 1539-nun mükəlləfiyyəti dəyişdirilib. Fəaliyyəti passiv göstərilmiş 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib.


Vergilər Nazirliyinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət, Ərazi vergi orqanlarının aidiyyəti dövlət qurumları ilə birlikdə görəcəkləri işlərlə bağlı hazırlanmış proseslər xəritəsi barədə təqdimatla çıxış edib.


Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Səməd Vəliyev idarənin nəzarət dairəsinə aid olan rayonlarda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülən işlər, qarşıya çıxan suallar və problemlər barədə məlumat verib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.







GOYEZEN.AZ



Facebook-da paylaş