• Təqvim

  • Maraq



Qazaxda növbəti səyyar görüş şəhər sakinləri ilə keçirilib


Bu gün ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq şəhərin Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı binalarda, eləcə də həmin küçə ətrafında yaşayan sakinlərlə səyyar görüş keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Görüşün məqsəd və əhəmiyyətindən danışan icra başçısı şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Qeyd edib ki, ən əsası da vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Rayon rəhbəri görüşdə Respublika Prezidentinin əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması məqsədilə iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan da söz açıb. Sosial paketin icrası ilə bağlı imzalanmış Sərəncamları, həmin Sərəncamlardan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini ölkə vətəndaşlarına olan diqqət və qayğı kimi qiymətləndirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.

Görüşdə son illər ölkəmizdə, eləcə də respublikamızın bütün bölgələrində işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən də danışılıb. Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışı nəzərdə tutulan obyektlərin rayonda işsizliyin minimuma endirilməsində mühüm rol oynadığı vurğulanıb. Açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verildikdən sonra xeyli sayda insanın iş yeri ilə təmin olunması kimi qiymətləndirilib. Bundan başqa, su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərilib.

Son 3 ildə Qazaxda bütün sahələr üzrə uğurlu nəticələrin əldə olunduğunu qeyd edən icra başçısı rayonda kənd təsərrüfatı üzrə daha çox işçi qüvvəsinə böyük ehtiyac olan sahələrin - baramaçılığın, tütünçülüyün, kartofçuluğun inkişaf etdirildiyini vurğulayıb.

Hazırda rayonda görülən işlərdən söhbət açan rayon rəhbəri buna misal olaraq su-kanalizasiya sisteminin yenidən qurulmasını, 10 korpusdan ibarət 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunda aparılan son tamamlanma işlərini göstərib.

Çoxmənzilli yaşayış binalarında görülən işlərdən danışan rayon rəhbəri vətəndaşların müraciətlərinə əsasən bu gün balansda olan 163 binadan artıq 140-a yaxın binanın əsaslı təmir olunduğunu və bu sahədə görülən işlərin sürətlə davam etdirildiyini bildirib.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən bağçalardan söz açan icra başçısı bu sahədə görülən işlərin geniş miqyas aldığını vurğulayıb. Rayonda olan 25 uşaq bağçasından 21-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, bu gün şəhərdə 6 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, hər biri günün tələblərinə cavab verən səyiyyəyə çatdırılıb.


Son illər ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də bölgələrimizdə  qazanılan uğur və nailiyyətlərdən danışan rayon rəhbəri Qazax təhsilinin ildən-ilə inkişaf etdiyini bildirib. Bu il ali və orta ixtisas məktəblərinə 335 nəfər məzunun qəbul olmasını, 15 nəfərin 600 baldan, 33 nəfərin 500 baldan yüksək nəticə göstərməsini həmin uğurun əyani sübutu kimi qiymətləndirib.

İcra başçısı Prezident İlham Əliyevin qazaxlılara verdiyi dəyəri özündə əks etdirən Sərəncamlardan da söz açıb. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzalanmış 3 noyabr 2018-ci il tarixli Sərəncamın Qazax təhsilinə, elminə verilən ən böyük qiymət olduğunu qeyd edib. İcra başçısı 2019-cu ilin də əlamətdar hadisə ilə yadda qaldığını vurğulayıb. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzalanmış 28 yanvar 2019-cu il tarixli Sərəncamı, daha sonra görkəmli ədibin adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmasını qazaxlı ziyalılara verilən ən böyük dəyər kimi qiymətləndirib.

İcra başçısı Dövlət Proqramında əksini tapan məktəb tikintisindən də söz açıb. 5 illik proqramda Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin əksini tapdığını bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan daha bir məktəbin - Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə tikintisinə başlanılacağını vurğulayıb. 

Görüşdə erkən nikahlarla, eləcə yeni ailə quran gənclərin nikaha daxil olması ilə əlaqədar olan məsələlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını bildirib.

Sakinlərdən Qəməd Qasımov, Dilbər Məhərrəmova, Xəyalə Əzizova, Müqabil Musayev, Hürmələk Məmmədova, Rabiyə Alıyeva, Xanım Mahmudova, Sahibə Sarıyeva, Tükəzban Mustafayeva çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son 3 ildə rayonda görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan binalardan da yan keçmədiyini bildiriblər. Ə.Şıxlinski küçəsində, "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında, həmin küçədə yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan "Oxumaq-oxumaq” adlanan binada əsaslı təmir işlərinin aparılmasını, xüsusilə də evə ehtiyacı olan insanlara həmin binada yaşamaq üçün şərait yaradılmasını bu gün də minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Çıxış edənlər ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin bu gün Qazaxda olduğu kimi icra olunmasını vurğulayaraq onlara olan səmimi münasibətə görə rayon rəhbərliyinə bütün bina sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə binada yaşayan sakinlər adından təşəkkürlərini çatdırıblar.  

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların işlə təmin olunma, yaşadıqları binanın tüstü bacasının təmizlənməsi və digər məsələlərlə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. 











GOYEZEN.AZ



Facebook-da paylaş