Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ilin dekabr ayında
Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası,
respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100
illiyi tamam olur. Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub
yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli
fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri
istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli
nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli
zənginləşdirmişdir. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının
rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və
festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı
nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera
əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional
rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin, həmçinin
xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində
fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli
töhfələr vermiş Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100-cü
ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Əminə
Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata
keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 4
sentyabr 2019-cu il.
Facebook-da paylaş