Gözünüzü yumub, ağzınızı açıb nə gəldi danışmayın - Qazaxlı ziyalıdan sərt münasibət
Son aylar işlərimlə əlaqədar olaraq doğma yurda, bizim Qazaxa tez-tez gedib-gələsi olmuşam. Düzünü deyəcəyəm, əvvəllər Qazaxda rayon rəhbərliyi səviyyəsində baş verən bəzi xoşagəlməz neqativ olay və əməllərə görə çoxlarını qınayırdım, elə özümü də qınayırdım. Həssas və məlumatlı oxucular biləcək ki, nəyə və hara toxunuram. Nə isə, keçirəm birbaşa öz ampluama. Deməli hər dəfə rayona gedib, gəldikcə Qazax şəhərində və kəndlərdə gördüyüm dəyişikliklər məndə müsbət fikirlər yaratmağa başladı. Həqiqətən də dəyişib və gözəlləşib.
Haşiyə.
Üç il bundan öncə, yəni 19 may 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rəcəb Abas oğlu Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı. Doğrusu hamı ümidli idi ki, bu təyinatla rayonda geri qalmış sahələrdə irəliləyiş baş verəcək, insanlar məmur süründürməçiliklərindən, əsassız bürokratik əngəllərdən az da olsa can qurtaracaq, boş qalımış, əkilib-becərilməyən torpaq sahələrində canlanma yaranacaq…
Amma bu yerdə bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Özüm də bir qazaxlı olaraq etiraf edim ki, böyük tarixi keçmişi olan Qazax camaatı xaraktercə çox ağır, əyilməz və ötkəm camaatdır. Həm də Qazax rayonu dədə-babadan maarif beşiyi olduğuna görə burada oxumuş, savadlı, hərtərəfli insanların sayı digər bölgələrimizə nisbətdə daha çoxdur. Ona görə də bu rayonda çoxlu rəngarəng fikirli insanlar olduğundan ortaq fikirə gələ bilmək bir qədər çətin olur. Qazax rayonunda Sovet dönəmi də daxil olmaqla üzü bəri müstəqillik illərində birinci katib və İcra Hakimiyyəti başçısı işləmiş rəhbərlər üçün bu rayonda çalışmaq bir qədər çətin olub. Çətinliyin əsas səbəbindən biri də rayon əhalisinin sadaladığım xüsusiyyətləri olub. Ona görə də düşünürdük görəsən ki, yeni başçının təyinatından sonra bu məsələlər həllini tapa biləcəkmi... Amma ümidlər çox tez doğrulmağa başladı. Fəaliyyətin ilk günündən rayonda hədəflər, perspektivlər, məqsədlər açıq-aydın formada ortaya qoyuldu. Qəti addımlar atıldı. Qayda-qanunu pozan, qanunun tələblərinə uyğunlaşmayan məmurlar vəzifələrindən, görəvlərindən uzaqlaşdırıldı. Rayonun bütün strukturları arasında saat mexanizmli bir idarəetmə üsulu yaradıldı. Qısa müddət ərzində məmur otaqlarından başlanan vətəndaş məmnunluğunun çevrəsi genişlənərək sosial rifahın yüksəlməsinə təsir etdi. Məktəblərə, uşaq bağçalarına göstərilən diqqət və qayğı sayəsində Qazağın respublika üzrə təhsil səviyyəsi də yüksəldi.
Bu qeyd etdiyim uğurlu işlərin başında isə cənab Prezidentin Qazaxa yeni təyin etdiyi icra başçısı - Rəcəb Babaşov dayanırdı. Lakin vəzifəsindən uzaqlaşdırılan, əlindən "yağlı tikə”ləri çıxan "Salman”lar və "Məmmədxan”lar isə rayonda əldə edilən bu uğurlardan, yeniliklərdən, insanların haqlarının müdafiəsindən narazı qalaraq aman yeri, güman yerləri olan, qara "piar” aparan saytlara, sosial şəbəkələrə üz tutdular. Oğrun-oğrun ordan burdan əldə etdikləri yalan-yanlış məlumatlara öz məqsədlərinə uyğun don geyindirərək bir çox yanlış fikirlər də əlavə edib cəmiyyətdə fikir çaşqınlığı yaratmaq istəyirdilər. Amma bu fikirləri deyənlərin çoxu qarayaxma və şər-böhtan xarakterli məişət sözləri yazarlar. Ona görə də rəhbərlik səviyyəsində bu yazılara, şər-böhtanlara fikir verilmədən Qazaxda start götürən inkişaf daha sürətlə davam etdirildi. Bütün qohum-əqrabam, əzizlərim Qazaxda olduğuna görə rayonla mütəmadi olaraq əlaqələr saxlayıram. Rayonda görülən işlər haqqında mətbuatdan, insanlardan məlumat alırdıq. Bir sözlə qısa müddət sonra forma dəyişiklikləri məzmun dəyişikliyinə, keyfiyyət irəliləyişinə keçdi.
Tam əminliklə deyə bilərəm ki, cənab Prezidentin qətiyyətli tapşırıqlarından sonra, Rəcəb Babaşovun da rayonda vətəndaşa göstərdiyi diqqət və qayğı sayəsində əsasən, rüşvət faktorunun kökü kəsildi. Vətəndaş hansı idarə və təşkilata gedirsə xoş rəftarla, səmimi ünsiyyətlə qarşılanır və müraciəti onu qane edəcək formada izah edilib razılıqla yola salınır.
İqtisadiyyatın kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq, yüngül sənaye istiqamətləri inkişaf etdirilərək yeni-yeni iş yerləri açıldı. Kəndarası yolların yenidən qurulmasına, bərpasına başlanıldı. Bütün bu inkişafı gördükcə hər dəfə ürəyimə gəlirdi ki, bir ziyalı olaraq, qazaxlı olaraq rayonda görülən işlər haqqında bir yazı hazırlayıb ortaya çıxardım. Yaxın bir dostlarım da mənə o fikirdə olduqlarını deyirdi. Həm də icra başçısı Rəcəb Babaşovun dəfələrlə "Qazax” Xeyriyyə İctimai Birliyinin illik və yarımillik hesabat tədbirlərinə gələrək Qazaxdan kənarda yaşayan qazaxlılar qarşısında rayonda görülən işlər haqqında hesabat xarakterli çıxışlar etməsini və ağsaqqalların ona ünvanlanan suallarına cavab verməsini, problemlərlə bağlı qeydlər götürməsini görmüşəm. Ona görə də düşündüm ki, Rəcəb Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsindən sonra baş verən dəyişikliklə ilə bağlı məqalə hazırlayım.
Amma çox təəssüf hissi ilə deyirəm ki, bu gün də doğma Qazaxımdan olan bəzi insanlar icra başçısı haqqında xoşagəlməz, lağ-lağı ilə dolu, yalan, hətta şəxsiyyəti alçaldan yazılar, sosial şəbəkələrdə statuslar yazırlar. Çoxları demokratik ölkədir deyib, gözünü yumub ağzını açıb nə gəldi danışır. Ayıbdır!
Belə mənasız bir yazıları görcək dayana bilmədim və elə yazı müəllifinə açıq formada, öz adımla cavab verirəm: Bəlkə də Rəcəb Babaşov sizlər qədər məlumatlı ola bilməz bundan öncəki bəzi rayon rəhbərlərinin oyunlarından, Qazaxa olan münasibətindən. O vaxt qeyrətli Qazax camaatı iş yeri, dolanışıq problemindən daha çox başqa şeylərin dərdini çəkirdi. Özünüz də bilirsiz. Amma indi isə, iş yeri, mənzil şəraiti, kanalizasiya, su problemi haqqında düşünür və Prezidentin yerli nümayəndəsi də düz problemlərinin olduğu yerə, onların yanına gəlir. Gerçəkdən də başçı çox vaxt şikayət edilən ünvana gedərək yerində araşdırır və qərarı da birbaşa oradan verir.
Dövlət idarələrinə gedib-gələn qazaxlının özünəməxsus qürurla dediyi: "Mən filan arayışı, filan sənədi alanda bir manat da vermədim”, - sözlərini az qala hamı gündə eşidir. Yəqin ağlına gələnləri yazan yerlilərim hələ də 3 il öncəki hava ilə nəfəs alır. Ola bilər!
Qazaxın keçmiş başçısı var idi, Rauf adlı. Onun Qazaxda rəhbərlik etdiyi dövrü ən utanclı illər hesab edirəm, qazaxlılar üçün. Bu savadsız və bacarıqsız adam Qazaxın tarixi şəxsiyyətlərinə də hörmətsiz yanaşıb. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun şərəfinə 1973-cü ildə marşal Pavel Kutaxov tərəfindən ucaldılmış 01 təyyarə monument abidəsini sökərək məhv etmək istəyirdi. Son anda Salahlı kəndinin və Qazaxın ağsaqqallarının təpkisi nəticəsində təyyarəni tullantı kimi Salahlı kəndinə göndərmişdi. Rəcəb Babaşov başçı təyin olunan kimi, həmin abidəni daha uğurlu yerə qoyaraq hər kəsin narazılığına son qoydu. Görəsən şər-böhtan yazanlar Kosalara, Aşağı Salahlıya çəkilmiş, ümumi uzunluğu 30 km-dən çox olan yoldan, yaxın vaxtlarda isə Xanlıqlara çəkiləcək yoldan da xəbərsizdimi? Rayonda yeni istifadəyə verilən tibb məntəqələrindən, uşaq bağçalarından, rayon mərkəzi xəstəxanasından da xəbərsizdilərmi? Əziz oxucu, bir daha Hannibal andı içərək, sizə tam məsuliyyətimlə deyirəm ki, bu yazdıqlarım fikirlər subyektiv fikrimdir və heç bir şişirtmə və mübaliğədən istifadə etməmişəm. Nə də bu yazıda ifadə etdiyim fikirlərə görə kimlərdənsə təşəkkür almaq istəyim yoxdur. Sadəcə, vicdanımın tələbi idi, bunları yazmaq. Hətta bu yazımla ədalətli Qazax ziyalılarına da ünvanlı çağırış edərək, münasibət bildirmələrini istərdim.
Güman edirəm ki, rayon rəhbərliyinə qarşı qarayaxma yazan, danışan həmyerlimiz, eloğlumuz da ziyalıların mövqeyindən sonra öz qınına çəkiləcək. Kim deyir ki, yazmayın. Yazın, tənqid yazın, təhqir yazmayın. Kim deyir ki, danışmayın. Danışın, haqq olanı danışın, Allahsız danışmayın. Niyə heç Qazağa aid strateji dövlət obyektlərini su qiymətinə özəlləşdirib məhv edən allahsızlardan danışmırsız. Çünki onlar bu işləri görəndə çox ağızlar "şirinlədib”.
Dahilərdən hansısa deyib ki, həqiqət ən iti qılıncdır. Həqiqətən də bu gün icra başçısı Rəcəb Babaşov Qazaxı respublikamızın inkişaf etmiş rayonlarından birinə çevirmək istiqamətində çalışır. Qazaxın Baş planına uyğun olaraq rayonda böyük işlər görülür. Şəhərdə, kəndlərdə istehsalat sahələri, iaşə obyektləri, təsərrüfat subyektləri gündən-günə böyüyür ki, bu da əhalinin maddi rifah halını yaxşılaşdırır, yeni iş yerləri açılır. Təbii ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin regionlarla bağlı həyata keçirmək istədiyi böyük işlərin əsasında dayanır. Tanrı bu yolda Prezidentimizə və icra başçımıza kömək olsun. Qədirbilən qazaxlılar da həmişə bu işlərə dəstək olub daim yaxşı əməllərə çiyin verib başlanmış işlərə kömək edəcəklər. Rəcəb Babaşov Qazaxa başçı təyin olunduğu gündən "bütün qazaxlılar mənim üçün çox doğma və əzizdir. Qazaxın qadınları mənim anam, bacılarım və qızlarımdır”, - dedi. Qısa müddət ərzində Qazaxda həyata keçirilən həm sosial layihələr, həm iqtisadi inkişaf, həm maddi rifah halının yaxşılaşdırılması istiqamətində böyük işlər aparan başçı, əziz qazaxlılar, hələ görəcəyimiz işlər öndədir, - deyərək bizi daha da uğurlara səsləyir...
Uğurlar sizə, Rəcəb müəllim. Siz əsl Qazaxlısız. Əmin olun ki, Qazax camaatı bundan 100 il, 1000 il sonra da sizi böyük ehtiram, məhəbbət və sevgi ilə dəyərləndirəcəklər. Sizin gördüyünüz işlərə qarşı gedənlərin dedikləri isə tarixin arxivlərinə - öz sələflərinin yanına gömüləcək. Çünki Qazaxa yeni baxış gətirərək Qazaxın tarixi keçmişini, mədəniyyətini, adət-ənənəsini, iqtisadi gücünü özünə qaytarırsız. Siz Qazaxda insanları bir-birinə sevgi çevrəsinə dəvət etdiniz. Siz Qazaxda haqqı yeyiləni haqqı yeyən naxələf üzərində ucaltdız. Bu özü bir əxlaq nümunəsi idi ki, siz sərgilədiz. Qazaxın son zamanlar unudulmuş insanlarını yad etdiniz, onları bir daha ucaltdınız. Əminəm ki, min illik tarixi olan qədirbilən Qazax camaatı da həmişə bu dəyərlər müqabilində Vətənə, dövlətə, dövlətçiliyə daha möhkəm bağlarla bağlanıb daim dövlətə nümunəvi sədaqət nümayiş etdirəcəklər.
Sonda əsl qazaxlılara səslənərək deyirəm: Əziz qazaxlılar, sizlər ki, haqqın nə olduğunu yaxşı bilirsiniz, belə yerdə susmayın, münasibət bildirin. Şair Mədət Məhbub demişkən:
Sizə qurban olum, ay Qazaxlılar!
Duruşu dağlara tay Qazaxlılar!
Yığışın hay salın, hay, Qazaxlılar!
Küsüb, dağılışıb iraq olmayın!
Qaynayın, qarışın, qıraq olmayın!
Yusif Alıyev (Afşar)
Fizika üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Elm və innovasiyalar şöbəsinin müdiri,
"Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü
Facebook-da paylaş