Vətəndaşların müraciətinə baxılıb
Bu gün Qazax Rayon İcra Hakimiyyətinə müraciət etmiş bir qrup Aşağı Salahlı kənd sakininin müraciətinə baxılıb. Sakinlər ötən ay təbii fəlakət nəticəsində onlara məxsus üzüm bağlarının dolu vurması ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşan icra başçısı Rəcəb Babaşov bu gün həmin sakinlərlə görüşüb.
Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin hər zaman vətəndaş amilini ön plana çəkməsindən söz açıb. Bu gün dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrin, vətəndaşlara olan qayğısının Qazax rayonunda da daim diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, siz sakinlər tərəfindən qaldırılan hər bir məsələyə dəqiq və operativ şəkildə baxılsın. Sizləri narahat edən nə məsələ varsa, müsbət həll olunması üçün məqsədyönlü işlər görülsün. İcra başçısı bugünkü görüşün də məhz bu məqsədi daşıdığını vurğulayıb.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov məsələ ilə bağlı məlumat verərək yerində baxış keçirildiyini, sakinlərlə görüşdüyünü bildirib. Aşağı Salahlı kəndində 41 nəfərin üzüm bağına dolu vurması nəticəsində ciddi ziyan dəydiyini qeyd edib.
Sonra fərdi təsərrüfat sahiblərini dinləyən icra başçısı bütün məsələlərə olduğu kimi, onları narahat edən bu məsələyə də xüsusi həssaslıqla yanaşılacağını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.
Sakinlər onları qəbul edib müraciətlərini dinlədiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş