Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüş keçirilib
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə
təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. AZƏRTAC xəbər verir ki,
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi,
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək
bildirib ki, üç il bundan əvvəl Heydər Əliyev Fondu "2016-cı ilin Aprel
döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə
təmin edilməsi” layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi
yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı
protezlərlə təmin olunub. Bugünkü görüşün üç il bundan əvvəlki Aprel
döyüşlərinə, ordumuzun qələbə gününə təsadüf etdiyini deyən Anar Ələkbərov
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub. Müraciətdə deyilir: "Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq
Qarabağ və digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan respublikası
tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi
işğal altına düşüb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın
və köçkün vəziyyətində yaşayır. 1994-cü ildə atəşkəs razılığının əldə
olunmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı dəfələrlə silahlı təxribat
törətmiş, lakin xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı və şücaəti
sayəsində Azərbaycan Ordusu bu təxribatların qarşısını alaraq düşmənə hər zaman
layiqli cavab vermişdir. Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi
bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması
yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölkənizə, xalqınıza,
Prezident və Ali Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan
dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli
oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq
mübarizəsidir. Azərbaycan dövləti münaqişənin ədalətli, beynəlxalq hüququn
prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün
əlindən gələni əsirgəmir. 2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlər
bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman
barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini,
həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel
döyüşlərinin cəsarətli iştirakçılarının qəhrəmanlığı nəticəsində bu gün Füzuli,
Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan
bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim
hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri,
əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini Vətən yolunda
qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban vermiş mərd
oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir,
dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün
Azərbaycan dövləti bütün lazımi addımları atır və bundan sonra da atacaqdır.
Mən sizin hər birinizə cansağlığı və uğurlar arzulayıram”. Görüşdə polkovnik-leytenant Eldəniz Sadıqov çıxış edərək deyib ki,
3 il bundan əvvəl baş vermiş Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə və
bütün dünyaya öz gücünü sübut etdi. 2016-cı ilin aprel ayında düşmənin
kəşfiyyat və diversiya qruplarının hücumunun qarşısı Azərbaycan Ordusu
tərəfindən alındı. Düşmənin müdafiə xətti tez bir zamanda yarılaraq mühüm
strateji yüksəkliklər işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim
güclü və nizami ordumuz var. Biz öz torpaqlarımızı geri qaytaracağıq.
Azərbaycanın Ali Baş Komandanı ordumuza yüksək qayğı göstərir, hərbçilərin
məişət şəraitinin yaxşılaşdırılmasına, müasir hərbi hissələrin tikilməsinə,
zabitlərin yeni evlərlə təmin olunmasına böyük diqqət ayırır. "Aprel
döyüşlərində mən və mənim silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və ya sağ
qalacağıq. Biz o haqda heç düşünmürdük. Çünki inanırdıq ki, biz şəhid olsaq da,
Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim
ailələrimizin yanında olacaq”, - deyə Eldəniz Sadıqov bildirib. Xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən
zabitlərin, əsgərlərin özlərini cəmiyyətdən kənar hiss etmədiklərini söyləyən
kapitan Amil Dadaşov bununla qürur duyduqlarını qeyd edərək deyib: "Aprel
döyüşlərində yaralanan hərbçi yoldaşlarım artıq üç il ərzində dinamik həyat
fəaliyyəti ilə məşğul olurlar, insanların arasındadırlar”. Amil Dadaşov onlara
göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Baş leytenant Namiq Alıyev qeyd edib ki, Aprel döyüşlərində
yaralanmış əsgər və zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın
tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin
edilib. "Bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı,
gözümüzü itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan
alırıq”, - deyə Namiq Əliyev bildirib. Görüşdə MEDİCOM şirkətinin direktoru Anar Rüstəmov Heydər Əliyev
Fonduna minnətdarlığını bildirərək, protezlərlə təmin edilən hərbçilərimizə də
layihə çərçivəsində görülən işlərdəki ruh yüksəkliyinə görə təşəkkürünü
bildirib. Sonra hərbçilərə Heydər Əliyev Fondunun təşəkkürnamələri təqdim
edildi. Daha sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan
hərbçilərlə görüşdü, onlarla səmimi söhbət etdi. Söhbət zamanı Birinci vitse-prezident vətənpərvər övladlarımızın
qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək
olacağını vurğulayaraq dedi: -Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən,
torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan
uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır
olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə
qardaşlarım var. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir,
sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan
xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki,
sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid
övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla
biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində
Azərbaycan bayrağı dalğalanacaq. Mən bir daha sizə dərin minnətdarlığımı bildirirəm. Mən bilirəm
ki, Heydər Əliyev Fondunun əməkdaşları daim sizinlə ünsiyyətdədirlər. Bir daha
sizi əmin etmək istəyirəm ki, hər bir problemin həllində biz əlimizdən gələn
hər şeyi etməyə hazırıq. Siz müraciət edirsiniz, bilirəm ünsiyyətdəsiniz. Hər
bir problemin həllini şəxsən özüm diqqətdə saxlayacağam. Mən mümkün olan köməyi
ən yüksək səviyyədə göstərəcəyəm. Sağ olun. Hərbçilər göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya
minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirildi. Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış
əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini
həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət
qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il
Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər
və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Belə ki, Aprel
döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların
aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin
protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun,
müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı
məhsulları seçilib. Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya
olunmuş hissə ilə hərəkət uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və
yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya
olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət
edir. Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək
məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir
qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək
texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində
protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv
həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.Birinci vitse-prezident Mehriban Əliyeva hərbçilərlə səmimi söhbət edib
Facebook-da paylaş