Birinci Şıxlı kəndində səyyar görüş keçirilib
Bu gün Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə hər həftə keçirilən növbəti səyyar görüş Birinci Şıxlı kəndində olub. Bütün səyyar görüşlərdə olduğu kimi, bu görüşdə də ötən ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb. Uğur və nailiyyətlərlə yanaşı, sakinləri narahat edən məsələlər və qayğılar da dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində Füzuli rayonu istiqamətində şəhid olan həmyerlimiz, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun göstərdiyi şücaətdən söz açıb, şəhidin yaxınlarına, bütövlükdə bütün Qazax ictimaiyyətinə bir daha başsağlığı verib. Bundan əlavə, Azərbaycan ədəbiyyatına böyük töhfələr verimiş Xalq şairi Osman Sarıvəllinin uzun müddət Türkiyədə çalışan oğlu, professor Babək Qurbanovun ölümü ilə bağlı kədərləndiyini bildirib, dəyərli insana Allahdan rəhmət, yaxınlarına isə səbir diləyib.
Rayon rəhbəri bildirib ki, ölkə başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci dəfədir ki, sizinlə səyyar görüşümüz keçirilir. Keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı bildirib ki, hər bir görüşdə olduğu kimi bugünkü görüşün də məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
"Ölkə prezidentinin də söylədiyi kimi biz məmurların əsas vəzifəsi xalqa xidmət göstərməkdir”, - deyən icra başçısı qeyd edib ki, bu cür görüşlərin keçirilməsi məhz siz sakinlərin qayğılarını öyrənmək və mümkün olan köməkliyi göstərmək məqsədi daşıyır.
Respublika prezidentinin diqqət və qayğısı sayəsində son 3 ildə Qazaxda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən söz açan rayon rəhbəri ötən illər ərzində xeyli sayda işlər görüldüyünü bildirib. Həmin işlərin 2019-cu ildə də daha geniş vüsət aldığını qeyd edib.
Rayon rəhbəri bu gün Qazaxda bütün sahələrin inkişaf etdiyini diqqətə çatdıraraq abadlıq işlərində, kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə əldə edilən uğurlu nəticələrdən danışıb.
Ötən il rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını, sərhəd qoşunları üçün yeni inzibati binaların tikintisini göstərib.
Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri hər il olduğu kimi, bu il də məktəblilərimizin "Ölkəmizi tanıyaq” tur-aksiyasından qələbə ilə qayıtdıqlarını bildirib. Qeyd edib ki, Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla ayrılan şagirdlərimiz bu dəfə də rayonumuza əliboş qayıtmayıb. "Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı intellekt yarışmasından qələbə sevinci ilə dönüblər. 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdiriblər. Ümumilikdə 51 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Vurğun” komandası 1-ci yeri, "Günəş” komandası isə 3-cü yeri qazanıblar. Komandalarımız Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülüblər.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin Dövlət Proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlar əldə etməsindən xəbər verir. İcra başçısı Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında rayonumuzun Qaymaqlı kəndində yeni məktəbin tikintisinin, Kosalar kənd tam orta məktəbin bərpa-gücləndirilməsinin və əsaslı təmirinin, Orta Salahlı kənd tam orta məktəbin tikintisinin, Sarıvəlli kənd tam orta məktəbin tikintisinin, İkinci Şıxlı kənd tam orta məktəbin əsaslı təmirinin, Qazax şəhər 5 nömrəli tam orta məktəbin əsaslı təmirinin, Çaylı kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirinin, məktəb-liseyin əsaslı təmirinin də qeyd edildiyini bildirib.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 17-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Bildirib ki, bu gün bir neçə kənddə bağçanın olmasına ehtiyac var ki, həmin kəndlərdən biri də Birinci Şıxlı kəndidir. Rayon rəhbəri bu kənddə də bağçanın açılması istiqamətində məqsədyönlü işlər görülməsinin nəzərdə tutulduğnu qeyd edib.
Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlərdən də söz açıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. 2018-ci ildə yol infrastrukturu ilə bağlı görülən işlərin 2019-cu ildə də uğurla davam etdiriləcəyini və Dövlət Proqramında da öz əksini tapdığını qeyd edib. Hazırda uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulmasını bu dediklərimizin əyani sübutu olduğunu bildirib. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolunun çəkilərək sakinlərin istifadəsinə verildiyini, Daş Salahlı kəndində uzunluğu 11,5 km olan yeni asfalt yolun çəkilişinin isə davam etdiyini qeyd edib.
Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Son 3 ildə rayonda 41 ədəd subartezian quyusunun qazıldığını qeyd edib.
Rayon rəhbəri qeyd edib ki, bu gün kənddə mövcud olan problemlərdən biri də Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin aparılmasıdır. İcra başçısı Dövlət Proqramında 5 il müddətində daha 21 ədəd subartezian quyusunun qazılması ilə yanaşı, Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin aparılmasının da nəzərdə tutulduğunu vurğulayıb. İcra başçısı kənddə içməli su problemi ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını da diqqətə çatdırıb.
Rayon rəhbəri son 2 ayda ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanlardan da söz açıb. Təqaüdlərin, əməkhaqqının, Qarabağ müharibəsi əlillərinin, veteranlarının, Əfqanıstan müharibəsi iştirakçılarının, şəhid və məcburi köçkün ailələrinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışan rayon rəhbəri görülən bu işləri ölkə vətəndaşlarına verilən ən böyük qiymət kimi dəyərləndirib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Digər kəndlərdə olduğu kimi Birinci Şıxlı kəndində də bu işin həyata keçiriləcəyini bildirib.
"Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Sakinlərdən Səfurə Vəliyeva, Rəfael Əfəndiyev, Fəzail Musayev, Bayram Musayev və başqaları çıxış edərək memarı və qurucusu ulu öndər Heydər Əliyevin olduğu Azərbaycanın ölkə prezidenti tərəfindən gündən-günə inkişaf etməsindən söz açıblar. Ümummilli liderin bizlərə miras qoyduğu uğurlu dövlət siyasətinin onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən olduğu kimi yerinə yetirilməsini minnətdarlıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıblar. Çıxış edən kənd sakinləri son illər respublikamızda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin Qazaxda da geniş vüsət almasını böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. Görülən işlərə görə ölkə başçısı İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə, məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını çatdıran sakinlər onların maddi rifah hallarının yaxşılaşdırılması istiqamətində görülən işləri də yüksək qiymətləndiriblər. Ölkə başçısının son 2 ayda imzaladığı çoxsaylı Fərman və Sərəncamlardan söz açan sakinlər bildiriblər ki, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlar biz sakinləri çox sevindirir. Xüsusən də Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Respublika Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir. Bu Fərmanla ölkə başçısı xalqının yanında olduğunu, hər zaman onların rifah halını düşündüyünü bir daha sübut etmiş oldu.
Rayon rəhbəri səyyar görüşdə iştirak edən Birinci Şıxlı kənd tam orta məktəb şagirdlərinin söylədiyi şeirləri dinləyib və dərslərində müvəffəqiyyətlər arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş