• Təqvim

  • Maraq



Dəmirçilər kəndində səyyar görüş keçirilib


Bu gün ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən hər həftə keçirilən növbəti səyyar görüş Dəmirçilər kəndində olub. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ötən ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb. Ən əsası da sakinləri narahat edən məsələlər dinlənilib, qayğıları ilə maraqlanılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək kənd sakinlərini salamlayıb, qədim və milli bayramımız olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb.

Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Orxan Mürsəlov, Vüqar Hüseynov, Murad Qasımov və Elşən Bayramov tərəfindən Prezident İlham Əliyevin tapşırığına əsasən bu gün rayonumuzda vətəndaşlarla görüşüb, sakinlərin qaldırdıqları məsələləri diqqətlə dinləyiblər.  Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Sonra qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci dəfədir ki, sizinlə səyyar görüşümüz keçirilir. Keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı bildirib ki, hər bir görüşdə olduğu kimi bugünkü görüşün də məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. 

İcra başçısı qeyd edib ki, ölkə rəhbərinin də söylədiyi kimi biz məmurların əsas vəzifəsi xalqa xidmət göstərməkdir. Bu cür görüşlərin keçirilməsi də məhz siz sakinlərin qayğılarının öyrənilməsinə xidmət edir.

Son 3 ildə respublika prezidentinin diqqət və qayğısı sayəsində Qazaxda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən söz açan rayon rəhbəri bu illər ərzində xeyli sayda işlər görüldüyünü bildirib. Ötən illərdə olduğu kimi 2019-cu ildə də qarşıda daha böyük işlərin olduğunu qeyd edib.

Rayon rəhbəri bu gün Qazaxda bütün sahələrin inkişaf etdiyini diqqətə çatdıraraq abadlıq işlərində, kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə əldə edilən uğurlu nəticələrdən danışıb.

Ötən il rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını, sərhəd qoşunları üçün yeni inzibati binaların tikintisini göstərib. 


Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlərdən də söz açıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. 2018-ci ildə yol infrastrukturu ilə bağlı görülən işlərin 2019-cu ildə də uğurla davam etdiriləcəyini və Dövlət Proqramında da öz əksini tapdığını qeyd edib. Hazırda uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulmasını bu dediklərimizin əyani sübutu olduğunu bildirib. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolunun çəkilərək sakinlərin istifadəsinə verildiyini, Daş Salahlı kəndində uzunluğu 11,5 km olan yeni asfalt yolun çəkilişinin isə davam etdiyini qeyd edib.

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Rayon rəhbəri həmin kəndlərdən birinin məhz Dəmirçilər kəndi olduğunu qeyd edərək yeni subartezian quyusunun qazılmasını suvarma ilə bağlı problemin aradan qaldırılması kimi qiymətləndirib. Son 3 ildə rayonda 41 ədəd subartezian quyusunun qazıldığını qeyd edib.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin Dövlət Proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlar əldə etməsindən xəbər verir. İcra başçısı Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında rayonumuzun Qaymaqlı kəndində yeni məktəbin tikintisinin, Kosalar kənd tam orta məktəbin bərpa-gücləndirilməsinin və əsaslı təmirinin, Orta Salahlı kənd tam orta məktəbin tikintisinin, Sarıvəlli kənd tam orta məktəbin tikintisinin, İkinci Şıxlı kənd tam orta məktəbin əsaslı təmirinin, Qazax şəhər 5 nömrəli tam orta məktəbin əsaslı təmirinin, Çaylı kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirinin, məktəb-liseyin əsaslı təmirinin də qeyd edildiyini bildirib. Bundan əlavə, həmin Dövlət Proqramında 5 il müddətində daha 21 ədəd subartezian quyusunun qazılmasının, Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin aparılmasının, eləcə də digər məsələlərin nəzərdə tutulduğunu qeyd edib.

"2019-cu ili islahatlar və inqilabi inkişaf ili” kimi adlandıran icra başçısı son 2 ayda ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanlardan söz açıb. Təqaüdlərin, əməkhaqqının, Qarabağ müharibəsi əlillərinin, veteranlarının, Əfqanıstan müharibəsi iştirakçılarının, şəhid və məcburi köçkün ailələrinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışan rayon rəhbəri görülən bu işləri ölkə vətəndaşlarına verilən ən böyük qiymət kimi dəyərləndirib.  

Rayon rəhbəri bildirib ki, bu ilin daha bir sevindirici xəbəri də odur ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxananın qalan 5 korpusunun inşası öz əksini tapıb. Bu gün həmin korpusların inşasına başlanılıb. Bu, eyni zamanda, rayon sakinlərinin işlə təmin olunması deməkdir. Bu gün həmin tikintidə xeyli sayda rayon sakini çalışır, həm yeni korpusun tikintisinə, həm də işlə təmin olunmalarına görə ölkə başçısına minnətdarlıq edir.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 19-nun müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Bildirib ki, bu gün bir neçə kənddə bağçanın təmiri nəzərdə tutulub ki, həmin kəndlərdən biri də Dəmirçilər kəndidir. Bu kəndin bağçasında da əlavə işlər aparılmalıdır və bu istiqamətdə məqsədyönlü işlər görüləcəkdir.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Digər kəndlərdə olduğu kimi Dəmirçilər kəndində də bu işin həyata keçiriləcəyini bildirib.

"Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 
Sakinlərdən Habil Xəlilov, Nüsrət Musayev, Dəmirçilər kənd tam orta məktəbin direktor müavini Gülnar Osmanova, Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, Məmməd Qasımov, Eldar Qasımov, Səbuhi Səmədov, Məzahir Kərimov, Allahverdi Nəsirov çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Son illər Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar. Qeyd ediblər ki, bu gün xalqla dövlət arasında olan birliyi görəndə bir daha əmin oluruq ki, ulu öndərin əsasını qoyduğu dövlət siyasəti onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən olduğu kimi yerinə yetirilir. Bu gün biz sakinlərin qayğıları dinlənilirsə, qaldırdığımız ən xırda bir məsələ belə operativ şəkildə öz həllini tapırsa, bu, həmin uğurlu siyasətin və ölkə rəhbərinin bizlərə olan qayğısı deməkdir. Dövlət başçısının şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə, məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını çatdıran sakinlər onların maddi rifah hallarının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Ölkə başçısının son 2 ayda imzaladığı çoxsaylı Fərman və Sərəncamlardan söz açan sakinlər bildiriblər ki, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlar biz sakinləri çox sevindirir. Xüsusən də Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Respublika Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir. Bu Fərmanla ölkə başçısı xalqının yanında olduğunu, hər zaman onların rifah halını düşündüyünü bir daha göstərmiş oldu.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən sol sahil kanalında su matorunun balansa alınması, artezian quyusunun qazılması, kənddəki idman zalının təmir olunması və digər səpkili müraciətləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq kənd sakinlərinə gələcək işlərində uğurlar arzulayıb.










GOYEZEN.AZ

 



Facebook-da paylaş