Qazax Rayonlararası Ruhi Xəstəxanada Novruz bayramı münasibətilə tədbir keçirilib
Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, vətəndaşın bayramıdır. Ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramı hər kəs öz könül xoşluğu ilə qeyd edir. Bu bayram həm adi insan bayramı, həm millət, həm xalq, həm də dövlət bayramdır. Bu bayramın üstün cəhətlərindən biri də odur ki, özündə həmrəylik, birlik, doğmalıq nümayiş etdirir. Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir.
Azərbaycan xalqı üçün ən əziz bayramlardan olan Novruz bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə tədbirlərlə qeyd olunur.
Bu gün növbəti belə bayram tədbirlərindən biri Qazax Rayonlararası Ruhi Xəstəxanada Novruz bayramı münasibətilə təşkil olunub.
Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB aparatının məsul işçiləri, ziyalılar, xəstəxananın işçiləri və müalicə olunan xəstələr, KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirində çıxış edərək qədim və milli bayramımız olan Novruz bayramı münasibətilə xəstəxanada çalışan işçiləri və müalicə olunan bütün xəstələri təbrik edib, onlara ən xoş arzularını bildirib.
İcra başçısı qeyd edib ki, artıq bu xəstəxanada keçirilən bayram tədbirləri ənənə şəklini alıb. Öncə 8 Mart – Beynəlxalq Qadınlar Gününü, sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili böyük təntənə ilə qeyd etdik. Bu il də özümə borc bildim ki, ənənəmizə sadiq qalaraq bu gözəl bayramı sizlərlə birlikdə qeyd edim.
Rayon rəhbəri bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd odur ki, hər bir vətəndaş bilsin ki, dövlət onun arxa və dayağıdır. Hər zaman öz vətəndaşına diqqət və qayğı göstərir və bu, bundan sonra da belə olacaqdır.
İcra başçısı vurğulayıb ki, respublikamızda, eləcə də rayonumuzda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də böyük diqqət və qayğı göstərilir. Bunu tikilən və əsaslı şəkildə təmir olunan tibb ocaqlarının timsalında aydın şəkildə görmək olar. Rayon rəhbəri hazırda rayonumuzda inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstənana binasının 5 korpusunun tikintisinin başa çatdığını və qalan 5 korpusda isə tikinti işlərinə başlanıldığını qeyd edib.
Ruhi xəstəxanada aparılmış təmir işlərindən danışan icra başçısı binada xeyli işlərin görüldüyünü qeyd edərək xəstələrin müalicə olunması və qidalanması üçün normal şərait yaradıldığını bildirib. Təmir işlərinin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Rayon rəhbəri bildirib ki, bu gün ölkəmizdə səhiyyə sahəsində, vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində atılan uğurlu addımlardan biri də əhalinin pulsuz tibbi müayinə olunmasıdır. Ölkə başçısının tapşırığına əsasən fevral ayının 12-dən may ayının 12-dək təşkil olunmuş bu aksiya bir daha onu sübut edir ki, dövlət və dövlət başçısı üçün bütün sahələrlə yanaşı, səhiyyə sahəsi, ən əsası da əhalinin sağlamlığı qarşıda duran ən prioritet məsələlərdən biridir. İcra başçısı bir aya yaxındır ki, təşkil olunmuş əhalinin pulsuz müayinə olunması aksiyasına görə ölkə başçısına rayon ictimaiyyəti adından minnətdarlığını çatdırıb.
Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq bütün tibb işçiləri adından ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində rayonumuzda səhiyyənin inkişaf etməsindən danışan baş həkim qeyd edib ki, illərdən bəri diqqətdən kənarda qalmış ruhi xəstəxanada bu gün normal şərait yaradılıb. Yaradılan yüksək şəraitə, sonsuz diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini ifadə edib.
Xəstəxananın baş həkimi Ramiz Mansurov çıxış edərək bildirib ki, ilk dəfə ötən il 8 Mart – Beynəlxalq Qadınlar bayramı münasibətilə bağlı tədbir keçirilən zaman biz bu diqqət və qayğını hiss etdik. Bundan başqa, yeni il bayramının yüksək səviyyədə təşkil olunması, bu gün isə Novruz bayramı ilə bağlı tədbir keçirilməsi o deməkdir ki, səhiyyə sahəsinə olan qayğı daim diqqət mərkəzindədir. Baş həkim onlara göstərdiyi diqqət və qayğıya görə icra başçısına rəhbərlik etdiyi kollektiv və xəstəxanada müalicə olunan xəstələr adından öz dərin minnətdarlığını bildirib.
Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev çıxış edərək rayonumuzda həyata keçirilən genişmiqyaslı işlərə görə rayon rəhbərliyinə bütün qazaxlılar adından dərin minnətdarlığını bildirib. Son illər Qazaxda vətəndaş amilinin ön plana çəkilməsinə və rayon rəhbərinin hər bir qazaxlının yanında olmasına, xüsusilə də bugünkü görüşü xəstəxanada müalicə olunan xəstələrə bəxş etdiyinə görə ziyalılar adından sonsuz təşəkkürlərini çatdırıb.
Sonda xəstəxanada müalicə olunan xəstələrə bayram xonçaları təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş