Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər,
reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış
səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin
məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da
azalmasında öz müsbət nəticələrini göstərməkdədir. Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə
iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin
zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada
borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə
öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı
məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin
olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə
imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan
ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi
göstərilməsi üçün şərait yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4
dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin
xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini
qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini
təmin etmək məqsədilə qərara alıram: 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin
banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit
borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada
qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası
Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti
hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud
olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ
dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın
21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna
münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə
mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın
1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu
kimi. 2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş,
ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar
qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə
yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. 3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə
birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla,
fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin
devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini
(qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə,
penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq
etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək
ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər
bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan
Respublikasının Mərkəzi Bankına məlumat versin. 4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə
əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ
dollarının manat ekvivalentindən çox olmamalıdır. 5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə
edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin
xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada
isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit
borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə
Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0
(altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin
edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan
tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını
almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında
215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada
ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların
verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata
keçirilməsini təmin etsin. 6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan
siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit
müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının
restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin
kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri
çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki
şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər
görsünlər. 7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki
şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli
valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş
və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının
məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan
Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və
Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar
tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu
Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına
müraciət etsin; 7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll
etsin. 8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min)
ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan
əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan
banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on
yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ
dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki
şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman
qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara
və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin
cəmi; 8.4. bank dedikdə banklar və
bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.5. ləğvetmə prosesində olan
bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit
təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.6. vaxtı keçmiş kredit borcu
dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi
günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz
borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə
əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli
kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə
fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə
onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5
il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; 8.9. faizlərin silinməsi
dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə
pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin
geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə
olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi
ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və "İcra
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər
görülməsi nəzərdə tutulur. 9. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi: 9.1. bu Fərmanın 5.1-ci
bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri
tədbirlər görsün; 9.2. bu Fərmandan irəli gələn
digər tədbirlər görsün. 10. Əmanətlərin Sığortalanması
Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə
edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş
əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. 11. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının
Prezidenti Bakı şəhəri, 28 fevral 2019-cu
il.
Facebook-da paylaş