Canalı kəndində sakinlərlə səyyar görüş keçirilib
Artıq hər kəsə yaxşı məlumdur ki, son iki il yarımda Qazaxda sakinlərlə səyyar görüşlərin keçirilməsi, onları narahat edən məsələlərin yerindəcə həlli istiqamətində tapşırıqlar verilməsi ənənə halını alıb. Eyni zamanda, sakinlərlə keçirilən bu cür səyyar görüşlər onlara göstərilən diqqət və qayğının göstəricisidir.
Bu gün rayon rəhbəri tərəfindən keçirilən növbəti səyyar görüş Canalı kəndinin sakinləri ilə olub. Hər görüşdə olduğu kimi, bu gün də kənd sakinləri rayon rəhbərini böyük səmimiyyətlə qarşılayıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, bu il proqrama uyğun olaraq birinci dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. Görüşümüzün məqsədi həmişə olduğu kimi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq hər həftə keçirilən belə görüşlər bir amala xidmət edir ki, onun da kökündə sakinlər və onların qayğıları dayanır. 2018-ci ildə kənd sakinləri ilə on dəfə görüş keçirdiyini qeyd edən rayon rəhbəri bugünkü görüşün də əsas məqsədinin sakinləri narahat edən məsələləri öyrənmək olduğunu bildirib.
Ölkə prezidentinin rəhbərliyi altında həyata keçirilən quruculuq işlərinin son iki il yarımda, xüsusilə də 2018-ci ildə Qazaxda da geniş vüsət aldığını qeyd edən icra başçısı rayonumuzda bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. İcra başçısı qeyd edib ki, rayonda nəinki abadlıq işləri aparılıb, eləcə də bütün sahələrdə uğurlara imza atılıb. Bunu rayonda inşa olunan sosial obyektlərin sayının artmasından, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsindən, əkin sahələrinin artırılmasından, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlərdən də aydın şəkildə görmək olar.
Rayon rəhbəri qeyd edib ki, bu gün Qazaxda bir məsələnin köklü şəkildə həllinə böyük ehtiyac vardı ki, həmin məsələ də dövlət başçısının diqqəti, qayğısı sayəsində öz müsbət həllini tapır, su-kanalizasiya sistemi yenidən qurulur. Bunun üçün lazımi işlərin görüldüyünü qeyd edən icra başçısı bununla bağlı layihənin təqdimat mərasiminin keçirildiyini də diqqətə çatdırıb.
Ölkəmizdə səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri bu qayğının bütün bölgələrimizdən, o cümlədən də Qazaxdan yan keçmədiyini vurğulayıb. 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının tikintisini, xüsusən də 5 korpusun tam hazır vəziyyətə çatdırılmasını rayon sakinlərinə olan qayğının, diqqətin əyani təzahürü kimi qiymətləndirib. Əlavə 5 korpusun inşasının da nəzərdə tutulduğunu bildirib.
Təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışan icra başçısı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin rayonda uğurla icra edildiyini qeyd edib. Həmin layihənin əyani sübutu kimi əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdlərin istifadəsinə veriməsini nümunə göstərib. Bundan əlavə, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza atacağından xəbər verir. Həmin Dövlət Proqramında əksini tapan məktəb tikintisindən danışan icra başçısı rayonda daha bir neçə məktəbin – Kosalar, Qaymaqlı, Kəmərli və s. kənd məktəblərinin də əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib. Rayon rəhbəri vurğulayıb ki, bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması burada təhsil sahəsinə göstərilən qayğının öz bəhrəsini verdiyini bir daha göstərdi.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 19-nun müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 6 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib.
Rayon rəhbəri yola saldığımız 2018-ci ildə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də söz açıb. Son iki il yarımda ölkə başçısının müvafiq Sərəncamlarına əsasən rayonda mövcud olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsini yüksək qiymətləndirib. Həmin işlərin uğurla davam etdirildiyini və şəhərdə daha bir neçə binada təmir işlərinin aparıldığını diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin 4 fevral 2019-cu il tarixli Sərəncamı bu sahədə görülən işlərin bundan sonra da uğurla həyata keçirilməsindən xəbər verir.
Rayon rəhbəri bildirib ki, son iki il yarımda gördüyümüz işlərdən biri də uzun illərdən bəri mövcud olan su probleminin aradan qaldırılması oldu. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. 2017-2018-ci illərdə rayonda su ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib.Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib.
Rayon rəhbəri son iki yarımda dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda da təqdirəlayiq işlərin görüldüyünü diqqətə çatdırıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. Qeyd edib ki, bu il daha bir yolun - uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması da bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolu çəkilərək sakinlərin istifadəsinə verilib. Daş Salahlı kəndində uzunluğu 11,5 km olan yeni asfalt yolun çəkilişi isə davam edir. İcra başçısı Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini qeyd edərək rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin əyani göstəricisi kimi qiymətləndirib.
Şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanları bu istiqamətdə görülən işlərə nümunə göstərib. Bundan əlavə, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqaməində atılan uğurlu addımlardan söz açan rayon rəhbəri istər təqaüdlərin, istər əməkhaqqının artırılması istiqamətində imzalanan Sərəncam və Fərmanları bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. Görülən bütün işlərin mərkəzində hər zaman vətəndaş amilinin dayandığını qeyd edib.
Əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən və bu sahəyə dövlətin göstərdiyi qayğıdan söz açan rayon rəhbəri ölkə başçısının tapşırığına əsasən 290 nəfər rayon sakinin ictimai işə cəlb olunduğunu qeyd edib. Həmin işçilərin böyük əksəriyyətinin şəhərin təmizliyinə xidmət göstərdiyini vurğulayıb.
Sonra "Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə
müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib,
qayğıları ilə maraqlanıb.
Kənd sakinlərindən – Canalı kənd tam orta məktəbin direktor müavini Afaq
Nəbiyeva, məktəbin müəllimi Xavər Gürzalıyeva, kənd uşaq bağçasının müdiri
Mətanət Vəliyeva, Asya Xasayeva, Safa
Məmmədova, Orxan Səfərov, Maral Əhmədova çıxış edərək rayonda həyata keçirilən
genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə, mədəniyyət, eləcə də
digər sahələrə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin
minnətdarlıqlarını bildiriblər.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən qazın təzyiqinin aşağı olması, yaşayış evinin təmir olunması, xəstə uşağın müalicə olunması və s. müraciətləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bundan sonra da tez-tez görüşə gələcəyini bildirərək kənd sakinlərinə gələcək işlərində uğurlar arzulayıb.
Görüş başa çatdıqdan sonra rayon rəhbəri məktəblilərlə görüşüb, onlarla xatirə şəkli çəkdirib.
GOYEZEN.AZ
Facebook-da paylaş