• Təqvim

  • Unutma

  • Maraq



Sakinlər minnətdarlıq edirlər


Ötən yazımızda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun  bir qrup rayon sakininin istəyini nəzərə alaraq şəhərin "Mal bazarı” deyilən ərazisində olması, onların müraciətlərini dinləyərək bazar ətrafında səliqə-səhman və abadlıq işlərinin aparılması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verməsi barədə məlumat vermişdik.

Artıq rayon rəhbərinin tapşırıq və tövsiyəsinə əsasən bazar ətrafında genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Belə ki, bazar ətrafında 2 hektara yaxın əraziyə şeben tökülərək qreyderlə hamarlanıb. Sakinlərin maşınlarını rahat şəkildə saxlamaları üçün yer ayrılıb. Ərazidə olan obyektlər təmir olunaraq rənglənib. Lazım olan yerlərdə kanalizasiya xətti yenilənib. Bundan əlavə, iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanması və bağlanması üçün xüsusi yer düzəldilib. Bir sözlə, vətəndaşların istəyini nəzərə alaraq öz mal-qarasını rahat şəkildə satmaları üçün lazımi şərait yaradılıb. 

Bu gün rayon rəhbəri "Mal bazarı” deyilən ərazidə yaradılan şəraitlə tanış olub, sakinlərlə görüşüb, onlarla söhbət edərək qayğıları ilə maraqlanıb.

İcra başçısı bildirib ki, görülən bütün işlər siz sakinlərin rahatlığının təmin olunmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Rayon rəhbəri qeyd edib ki, necə ki, şəhərin mərkəzi bazarında sakinlərin rahatlığı üçün hər cür şərait yaradıldı, eləcə də çalışdıq ki, bu bazarda sizlərin öz mal-qaranızı rahat şəkildə satmanız üçün lazımi şərait yaradılsın.

İcra başçısı vurğulayıb ki, ölkə başçısının da söylədiyi kimi, görülən bütün işlər bir amala xidmət edir ki, onun da kökündə siz sakinlər dayanırsınız. Məqsədimiz sizlərin qaldırdığı hər bir məsələnin öz müsbət həllini tapmasına nail olmaqdır.

Görülən bütün işləri, yaradılan səliqə-səhmanı, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirən sakinlər rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.





GOYEZEN.AZ

 



Facebook-da paylaş