Ağköynək kəndində sakinlərlə səyyar görüş keçirilib
Son iki il yarımdır ki, Qazaxda bütün sahələr üzrə
təqdirəlayiq işlər görülür. Ən əsası isə görülən bütün işlər, həyata keçirilən
məqsədyönlü tədbirlər vətəndaşların rahatlığının təmin olunmasına, qayğılarının
öz müsbət həllini tapmasına xidmət edir. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun istər şəhər mərkəzində, istərsə də kəndlərdə mütəmadi
olaraq səyyar görüşlər keçirməsi, sakinlərin müraciətlərini yerində dinləyərək
qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşması bu dediklərimizin
əyani sübutudur. Fəaliyyətə başladığı ilk gündən sakinlərlə keçirilən bu cür
görüşlər artıq bir ənənə şəklini alıb. İcra başçısı həmin ənənəni bu il də
davam etdirir.
Rayon rəhbəri yenicə qədəm qoyduğumuz 2019-cu ilin ilk səyyar görüşünü Ağköynək kənd sakinləri ilə keçirib. Görüşdə kənd sakinləri
ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak
ediblər.
Kənd sakinləri rayon rəhbərini böyük səmiyyət və hörmətlə qarşılayıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, yeni ildə ölkəmizin tərəqqisi naminə yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, artıq iki il yardımdır ki, ənənə halını almış bu cür görüşlərin keçirilməsinin əsas məqsədi rayonumuzda, eləcə də Ağköynək kəndində görülmüş işlərdən, kənd təsərrüfatında əldə edilən uğurlardan, işsizliyin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışmaqla yanaşı, sizi narahat edən məsələləri də öyrənməkdir. İcra başçısı bildirib ki, qarşıya qoyulan məqsəd Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin layiqincə yerinə yetirilməsi, vətəndaşlara bütün sahələrdə diqqət və qayğı göstərilməsidir.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən genişmiqyaslı işlərdən söz açan rayon rəhbəri 2018-ci ilin bu baxımdan daha əlamətdar olduğunu bildirib. İcra başçısı qeyd edib ki, ölkəmizdə olan dinamik inkişafı 2019-cu il yanvar ayının 11-də Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı çıxışından da aydın şəkildə gördük. İclasda ölkə başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bir daha bütün dünyaya bəyan etdi. Bu gün Azərbaycan həyatın bütün sahələrində inkişaf etmiş ölkə olduğunu qazandığı uğur və nailiyyətləri ilə nümayiş etdirdi.
İcra başçısı son iki il yarımda Qazaxda aparılan abadlıq və quruculuq işlərini müqayisə edərək bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayonumuz 2018-ci ildə bir çox uğurlara imza atıb. Bunu rayonda inşa olunan sosial obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin sahələrinin hektarının artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir.
Rayon rəhbəri qeyd edib ki, bu gün Qazaxda ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsini, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunu, hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkı, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunu, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisini nümunə göstərərək deyə bilərik ki, 2018-ci il Qazax rayonu üçün tikinti-quruculuq ili kimi də yadda qaldı.
Rayon rəhbəri bildirib ki, bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim atəşə məruz qalan bir rayon üçün vacib məsələlərdən biri də Qazaxda müasir tələblərə cavab verən xəstəxananın olması idi. Dövlət başçısının diqqət və qayğısı sayəsində bu məsələnin öz müsbət həllini tapmasını yüksək qiymətləndirən rayon rəhbəri artıq 5 korpusun inşa olunduğunu diqqətə çatdırıb. Əlavə 3 korpusun inşasının da nəzərdə tutulduğunu bildirib.
İcra başçısı rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıqdan danışaraq 2018-ci ili kənd təsərrüfatı ili kimi dəyərləndirib. Bildirib ki, bu inkişafı əkin sahələrinin hektarından da aydın şəkildə görmək olur. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20682 hektar olmuşdur. 2019-cu ildə isə 21481,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Rayon rəhbəri Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirərək kəndlərdə arx və kanallarda aparılan təmizlik işlərinin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması və suvarılmanın optimal müddətdə başa çatdırılmasıdır. Bu məqsədlə 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə isə 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 225,09 km-i təmizlənib ki, bunun da 136,37 km-i əl əməyi, 88,72 km-i isə texnika vasitəsilə həyata keçirilib. Qeyd edib ki, Ağköynək-Qarapapaq kəndləri üzrə nəzərdə tutulan 16,20 km məsafədə ola arxlar alaq otlardan, lildən təmizlənir. 4,90 km-i texnika, 8,00 km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə başlanılıb. Bu günə kimi 10,50 km təmizlənib ki, bunun da 4,84 km-i texnika, 5,66 km-i isə əl əməyi ilə aparılıb.
Ötən il rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib. Bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli, 637s saylı Sərəncamı ilə Qazax rayonunun Ağköynək kəndi ərazisində "Saloğlu” fərdi firması tərəfindən həyata keçiriləcək "Venzana” layihəsi üçün nəzərdə tutulmuş 30558 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdan sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Hazırda layihənin həyata keçirilməsi üçün tikinti işlərinə başlanılmışdır. Bu isə rayonda yeni iş yerlərinin açılması və əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir.
İcra başçısı 2018-ci ilin rayonumuzda təhsil sahəsində də yaddaqalan olduğunu vurğulayaraq "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsini, əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Bundan əlavə, bu il rayonda daha 3 məktəbin – Kosalar, Qaymaqlı və Kəmərli kənd məktəblərinin də əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib. Rayon rəhbəri vurğulayıb ki, yola saldığımız il həm də ölkəmizdə elmin, təhsilin inkişafında xüsusi rolu olan Qazax rayonunun ziyalılarına verilən qiymətlə yadda qaldı. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının verdiyi 3 noyabr 2018-ci il tarixli Sərəncamla ötən il əlamətdar oldu. Ən əsası isə bu Sərəncam onu göstərdi ki, Qazax hər zaman ziyalıları, tarixi şəxsiyyətləri ilə seçilib.
Rayon rəhbəri qeyd edib ki, bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması, qazaxlı məktəblilərin "Ölkəmizi tanıyaq” tur-aksiyasından birinci yeri tutaraq qalib kimi qayıtmaları Qazaxda təhsil sahəsinə göstərilən qayğının öz bəhrəsini verdiyini bir daha göstərdi. Bu uğurda Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbin də payının olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, bu il məktəbi bitirən 22 məzundan 19 nəfərinin ali, 3 nəfərinin orta ixtisas məktəbinə daxil olması bunun əyani göstəricisidir.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə bir neçə kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də Ağköynək kəndidir. Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib.
Rayon rəhbəri yola saldığımız 2018-ci ilin əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə də yadda qaldığını bildirib. Son iki il yarımda rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 129-nun təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsini yüksək dəyərləndirib. Həmin işlərin uğurla davam etdirildiyini və şəhərdə daha 4 binanın təmirinə başlanıldığını diqqətə çatdırıb.
İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur. Bildirib ki, dövlət başçısının yeni avtomobil yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, Sərəncamlar Qazaxda da uğurla icra olunur. Bu gün rayonda olan yüksək keyfiyyətli yollara Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişini misal olaraq göstərib. Rayon rəhbəri hazırda uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun da yenidən bərpa olunduğunu bildirib və bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Artıq 4,5 km uzunluğu olan Ürkməzli-Dəmirçilər yolunun yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilməsini vətəndaşların rahatlığının təmin olunması sahəsində görülən işlər kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, bir neçə kəndin yolunun təmir olunmasına ehtiyac var ki, həmin kəndlərdən biri də Ağköynək kəndidir. Rayonda su-kanalizasiya sistemi yeniləndikdən sonra bu kəndin yolunda da işlərin görülməsi nəzərdə tutulub.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİB kabelləşmə işinin tam başa çatdığını qeyd edib.
İcra başçısı digər kəndlərdə olduğu kimi, Ağköynək kəndində də bir sıra işlərin həyata keçirildiyini qeyd edərək həmin işlərə kənd ərazisində məişət tullantıları üçün ayrılmış zibil poliqonunda həftədə bir dəfə traktorla təmizlik işlərinin aparılmasını, bundan əlavə, həmin sahənin ətrafına 60 ədəd dəmir dayaq basdırılaraq 320 metr uzunluğunda dəmir tor çəkildiyini bildirib. Ağköynək kəndində də əhalinin elektrik enerjisi və mavi yanacaqla tam təmin olunduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən kənd sakinlərindən şəhid atası Məhyəddin Çobanov, Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimova, məktəbin müəllimi Sədaqət Əmirxanova, Arzuman Xasməmmədli və başqaları çıxış edərək Ağköynək kəndində görülən işlərə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirib, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar.
Sakinlərdən Xaliq İsmayılovun, Səidə Eyyubovanın, Fariz Eyyubovun, Aydın Cəfərovun işlə təmin olunmaq barədə, Səlminaz Rəhimovanın, Mahir Abdullayevin, Güləfirə Cəfərovanın, Aygün Abdullayevanın evin təmirinə köməklik və digər müxtəlif səpkili müraciətləri rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş