2018-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı
Bu gün Qazax Rayon İcra
Hakimiyyəti başçısının Aslanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində
2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında
bu fikir səslənib. Yığıncaqda Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd
Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin
baş məsləhətçisi Qərib Bayramov və kənd sakinləri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə
duran məsələlər səslənib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağını giriş sözü ilə açaraq rayon rəhbərliyinin
adından kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib
ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dinamik inkişaf
strategiyası Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində
uğurla davam etdirilir. Birinci müavin bildirib ki, yola saldığımız 2018-ci il
oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin
15 ili tamam oldu. Azərbaycan tarixinə uğur səlnaməsi kimi yazılan bu dövrdə
bütün sahələrdə fundamental dəyişikliklər baş verib. Ölkəmizin beynəlxalq aləmdə
mövqeyi və nüfuzu daha da möhkəmlənib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqindən bir daha aydın oldu ki, Azərbaycan gündən-günə
inkişaf edir və bütün dünyada böyük söz sahibi olan dövlətə çevrilir. M.Alıyev vurğulayıb ki,
2018-ci il Qazax rayonu üçün hər bir sahədə uğurlu il oldu. Ölkə başçısının
siyasətinin Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi icra olunması sayəsində
rayonda bütün sahələr üzrə uğurlu nəticələr əldə olundu. Bu gün tam əminliklə
deyə bilərik ki, Qazaxda elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu
istər sosial obyektlərin inşası, istər kənd
təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində
əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir.
"2018-ci il həm də Qazax
rayonu üçün tikinti-quruculuq ili kimi yadda qaldı”, - deyən müavin son 2 il
yarımda görülən işlərdən də söz açıb. ”Azərxalça” ASC tərəfindən tikilən xalça
müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun,
hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində ”İnvestel GROUP”
MMC tərəfindən tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq”
LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunun, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının, rayonun
Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu
Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişi, Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən bərpası, Qazax rayonu üzrə
olan 25 bağçadan 18-də müassir standartlara cavab verən şəraitin yaradılması, şəhərdə
yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulması, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq
129-nun yüksək səviyyədə təmir olunması və sakinlərin istifadəsinə verilməsi, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə
alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsi 2018-ci
ilin uğurlu il olmasının bariz nümunəsidir. Müavin qeyd edib ki, Qazax
rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir
ki, əkin sahələri bir neçə dəfə artmışdır. Rayonumuzda barama, tütün, kartof və
taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıq sayəsində deyə bilərik ki,
2018-ci il kənd təsərrüfatı üçün məhsuldar bir il oldu. Bundan əlavə, kənd təsərrüfatının
inkişaf etdirilməsi rayonda əhalinin məşğulluğunun təmin olunmasında da böyük
rol oynadı. Rayon sakinlərinin işlə təmin olunmasında mühüm əhəmiyyət kəsb
etdi. Ona görə də 2018-ci il bu sahədə də yaddaqalan oldu. Hazırda rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi,
yeni iş yerlərinin açılması və şəhərimizin abadlaşması istiqamətində işlər davam etdirilir.
Aslanbəyli kənd İƏD-si üzrə
nümayəndəsi əvəzi Vəfa İsmayılova hesabat
məruzəsi ilə çıxış edərək bildirib
ki, Aslanbəyli kəndi Qazax rayonunun qədim kəndlərindən biridir. Kəndin hazırda
971 təsərrüfatı, 4408 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə,
1 tam orta məktəb, 1 folklor evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 poçt, 1
rabitə şöbəsi, 1 ATS, 2 bərbərxana, 17 ticarət obyekti fəaliyyət göstərir. Kənd
ərazisində Hacımahmud Əfəndi ziyarətgahı və məscidi vardır. 2018-ci ildə görüləcək işlər
haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında
iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək
müvafiq qərarlar qəbul edilmişdir. İcra nümayəndəliyi üzrə
2018-ci ildə 899 arayış verilmiş, 31 məktub daxil olmuş, vətəndaşlardan müxtəlif
mövzuda 14 yazılı, 21 şifahi müraciətlər daxil olmuşdur. Həmin müraciətlərə
baxılmış, 2 müraciətə baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Hesabat ilində kəndimizdə bir
çox işlər görülmüşdür. Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə yeni abidə kompleksi
quraşdırılmışdır. 2018-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Aslanbəyli kənd sakinləri ilə səyyar görüş keçirmiş, kənd sakinlərini
narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlar
vermişdir. Qaldırılmış problemlərdən biri olan kənddə 13 ədəd elektrik dirəkləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Su itkisinin qarşısının
alınması, suvarmanı optimal müddətdə başa çatdırmaq məqsədilə rayon rəhbərliyinin
tapşırığı ilə bütün kəndlərində olduğu kimi, Aslanbəyli kəndində də uzunluğu
13,5 km olan suvarma arxının 4,1 km-i əl əməyi ilə lildən, kol-kosdan təmizlənmiş,
8,4 km hissəsi isə Suvarma Sistemləri İdarəsinin texnikası ilə təmizlənməsi
davam etdirilməlidir. Kənd sakinlərinin iştirakı ilə kəndarası yolların, kəndi
rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında təmizlik
işləri aparılmışdır. Belə iməcliklər il ərzində kənd ərazisində mütəmadi olaraq
keçirilmişdir. Bundan əlavə, əhalinin suya
olan tələbatının yaxşılaşdırılması üçün Respublika Prezidentinin Sərəncamı ilə
1 ədəd subartezian quyusunun qazılması
planlaşdırılmışdır. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz
tutaraq şəhid ailələrinə, onların doğmalarına, yaxınlarına daim diqqət və qayğı
göstərir. Hər zaman onların problemləri ilə maraqlanıb, qarşılaşdıqları
çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görüb. Nümayəndəlik ərazisində
yaşayan şəhid ailələrinə, imkansız ailələrə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yeni il, Novruz
bayramı və Qurban bayramı münasibətilə bayram sovqatları verilmişdir. Aslanbəyli kənd tam orta ümumtəhsil
məktəbində 373 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 43 nəfər müəllim məşğul
olur. Məktəbdə 19 nəfər texniki işçi işləyir.
Keçən il məktəbi bitirmiş 30 nəfər şagirddən 9 nəfəri ali məktəbə, 7 nəfəri isə
orta ixtisas məktəbinə daxil olmuşdur. 3 nəfər isə 2017-ci ildə məktəbi bitirən
şagirdlərdən orta ixtisas məktəbinə daxil olmuşdur. Aslanbəyli kəndində 2018-ci
ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Nümayəndəlik ərazisində 512
nömrəli elektron ATS və Mobil telefon stansiyaları Azərcell, Bakcell fəaliyyət
göstərir. Hesabat dövründə 34 doğum, 35
ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat
dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan
çıxanlar haqqında qeydlər aparılmışdır. Aslanbəyli kənd əhalisinin əsas
fəaliyyət sahəsi əkinçilik və heyvandarlıqdan ibarətdir. 2018-ci ilin məhsulu üçün kənd əhalisi tərəfindən
1523 hektarda səpin aparılmışdır. Ondan
851,8 hektarda buğda (bundan 302 hehtarı icarə torpaqları olmuşdur), 481,5
hektarda arpa, 145,0 hektarda yonca, 8,0 hektarda qarğıdalı, 14,0 hektarda üzüm
və digər kənd təsərrüfatı bitkiləri əkilib
becərilmişdir. Hər hektardan 20-25 sentner buğda məhsulu götürülmüşdür. Bundan əlavə,
500 kq barama istehsal olunmuşdur. Kənd təsərrüfatı ilə məşğul olan 616 nəfər əməkçilərə
müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 97648,60 manat subsidiya
ödənilmişdir. 2019-cu ilin məhsulu üçün 1370
hektar əkin aparılmış, bundan 785 hektarda buğda, 565 hektarda isə arpa səpilmişdir. Kənd əhalisi arasında
heyvandarlıq, taxılçılıq, tütünçülük, barama istehsalı və bağçılığı inkişaf
etdirmək üçün geniş təbliğat işləri aparılır. Xüsusi olaraq heyvandarlığı
inkişaf etdirmək üçün mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasında süni mayalanmadan istifadə edilməsi geniş təbliğ olunur.
01.01.2019-cu il tarixə əhali və fermer təsərrüfatlarında 956 baş iribuynuzlu,
6040 baş xırdabuynuzlu heyvan, 11000 baş
quş qeydiyyata alınmışdır. 5 dekabr 2018-ci il tarixdə 9
nəfər arıçıya məxsus 180 yeşik arı ailəsi birkalanıb, qeydiyyata alınıb, akt tərtib olunmuşdur. Aslanbəyli kənd icra nümayəndəliyi,
kənd bələdiyyəsi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində, torpağın
əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında kənd əhalisinə
yaxından köməklik göstərir. Aslanbəyli
bələdiyyəsi və kənd icra nümayəndəliyi işlərini birgə həyata keçirmişlər. Kəndarası
yolların təmiri, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik
transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində
məqsədyönlü fəaliyyət göstərmiş, Aslanbəyli kəndində olan şəhid ailələrinə,
kimsəsizlərə, imkansızlara tarixi və dini bayramlarda yardımlar vermişlər. Sonra məruzə ətrafında çıxışlar olub. Sakinlərdən
ağsaqqal, təqaüddə olan müəllim Qəhəd Umudov, Asif Seyidov, Hava İsmayılova və
başqaları söz alaraq hesabat məruzəsi ilə əlaqədar öz fikirlərini bildiriblər. Hesabat ilində kənddə görülmüş işləri yüksək qiymətləndiriblər.
2018-ci ildə respublikamızda, eləcə də bölgələrimizdə görülən işlərə, əhalinin
maddi-rifah halının yaxşılaşdırılmasına, əhaliyə göstərdiyi diqqət və qayğıya
görə Aslanbəyli kənd əhalisi adından Prezident İlham Əliyevə və Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildiriblər.
Sakinlər həyətyanı əkin sahələrinin suvarılması və içməli su ilə bağlı istək və
təkliflərini bildirərək kənddə əlavə yeni bir artezian quyusunun qazılmasının
vacibliyini diqqətə çatdırıblar. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd
Alıyev sakinləri diqqətlə dinlədikdən sonra bildirib ki, hər il olduğu kimi,
2019-cu ildə də rayonda subartezian quyularının qazılması nəzərdə tutulub ki,
onun da biri Aslanbəyli kəndində qazılacaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş