Qazaxbəyli kəndində sakinlərlə səyyar görüş keçirilib
2018-ci il ölkəmiz üçün uğurlu il oldu. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edildi. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin edərək bütün dünyaya güclü bir dövlət olduğunu sübut etdi. Müstəqil Azərbaycanın son 15 ildə keçdiyi bu inkişaf və yüksəliş yolu bir daha sübut etdi ki, bu gün dövlətimiz və xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında həmin inkişafa doğru uğurlu addımlarla irəliləyir.
Bu gün bu fikirlər Qazaxbəyli kəndində yaşayan sakinlərlə keçirilən səyyar görüş zamanı səslənib.
Qazaxbəyli kənd tam orta məktəbin qarşısında keçirilən görüşdə RİHB aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Bayram ərəfəsində keçirilən səyyar görüşdə rayonumuzda, eləcə də kənddə görülən tikinti-quruculuq işlərinə, sosial-iqtisadi sahədə əldə edilən göstəricilərə, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazanılan uğurlara bir daha nəzər salınıb. Qazanılan uğurlarla yanaşı, kənddəki mövcud vəziyyətlə, sakinləri narahat edən qayğılarla da maraqlanılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Hər zaman olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir, – deyən rayon rəhbəri bildirib ki, səyyar görüşlər ölkə başçısının tapşırığına əsasən keçirilir. Bu cür səyyar görüşlərin təməlində vətəndaşlara olan diqqət və qayğının dayandığını söyləyib. İcra başçısı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazaxda hər zaman ön plana çəkildiyini vurğulayaraq fəaliyyətə başladığı ilk gündən sakinlərin arasında olmağı, onları narahat edən qayğıları öz dillərindən eşitməyi qarşıya məqsəd qoyduğunu bildirib.
Rayon rəhbəri bildirib ki, bu gün sevindirici hal odur ki, ölkə başçısının uğurlu siyasəti nəticəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, tədbirlər, bir sözlə, aparılan sürətli və dinamik inkişaf paytaxtla yanaşı, bölgələrimizə də şamil olunur. Son iki il yarım ərzində Qazaxda aparılan abadlıq, tikinti-quruculuq işlərinin geniş miqyas alması bunu söyləməyə əsas verir.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunun da inkişaf etdiyini bildirən icra başçısı son iki il yarım ərzində bu inkişafın daha geniş vüsət aldığını bildirib. 2016, 2017-ci illərlə nisbətdə bu il rayonumuzda aparılan quruculuq işlərini müqayisə edən rayon rəhbəri istifadəyə verilən çoxsaylı sosial obyektlərin inşasından, yeni iş yerlərinin yaradılmasından, rayonun sosial-iqtisadi göstəricilərinin gündən-günə artmasından da söz açıb.
"Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının 2018-ci ilin yaddaqalan uğurlarından biri olduğunu qeyd edib.
Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazax rayonunda da uğurla icra olunduğunu qeyd edən icra başçısı bu sahədə məqsədyönlü işlərin görüldüyünü vurğulayıb. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.
İcra başçısı bildirib ki, dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir.
Qazaxda son iki il yarım ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər geniş miqyas alıb. Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının nəticəsidir ki, bu il Qazaxda daha bir avtomobil yolunun çəkilişinə başlanılıb. 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq Dəmirçilər kəndində yeni asfalt yolun çəkilməsinin başa çatdığını qeyd edən rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Qazaxbəyli kəndinə yeni asfalt yolun çəkilməsi üçün bu kəndin də növbəti dövlət proqramına salınmasının nəzərdə tutulduğunu bildirib.
İcra başçısı "Azərbaycan Respublikası regionlarının sosiqal-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun tikintisinə başlanılacağını da qeyd edib. 4 zolaqlı yolun 34 km-nin Qazaxdan keçdiyini diqqətə çatdırıb. Eni 27,5 metr, hərəkət hissəsi 15 metr olan yolda 7 ədəd körpü, 90 ədəd su keçidinin qoyulacağını qeyd edib. Yolun keyfiyyətli çəkilməsi üçün xüsusi komissiya yaradıldığını və bu gün avtomobil yolunun tikintisi ilə bağlı müşavirə də keçirildiyini qeyd edib. Rayon rəhbəri iki il müddətində çəkilməsi nəzərdə tutulan yeni avtomobil yolunun tikintisini rayonda yeni iş yerlərinin yaranması baxımından da yüksək qiymətləndirib.
Rayon rəhbəri son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 18-də müasir standartlara cavab verən şərait yaradılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin əyani sübutudur.
Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bildirib ki, bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın, eləcə də Qazaxbəyli uşaq bağçasının təmir olunmasının nəzərdə tutulduğunu qeyd edib. Bu gün rayonda uşaqlara və bağçalara göstərilən diqqət və qayğı, yaradılan şəraitlə yanaşı, ərzaq təminatının keyfiyyətinə də daim nəzarət olunduğunu bildirib.
Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını vurğulayıb. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.
Qazaxbəyli kəndinin də şəhid verdiyini bildirən rayon rəhbəri bu kəndin oğlu olan Milli Qəhrəman Alı Mustafayevin əziz xatirəsinin hər zaman yad olunduğunu, daim qəlblərdə yaşadığını bildirib. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında şəklinin əks olunduğu lövhənin vurulduğunu, kənddə adına bulaq tikildiyini diqqətə çatdırıb.
İcra başçısı rayonda mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin gərginliyinin, istərsə də qazın təzyiqinin normal səviyyədə olması üçün məqsədyönlü işlər görüldüyünü və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verildiyini qeyd edib. Bildirib ki, rayonda əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət işlər görülür ki, bunlardan biri də müasir tələblərə cavab verən yeni transformatorların və elektrik xətlərinin çəkilməsi, SİP kabelləşmə işinin aparılmasıdır. Bu gün sərhəd kəndlərindən olan Məzəm, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində bu işin başa çatdığını, Fərəhli kəndində isə davam etdiyini bildirib.
Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının rəhbərliyi altında bu gün görülən bütün işlər, həyata keçirilən genişmiqyaslı layihələr, əldə edilən bütün uğurlar bir amala və məqsədə xidmət edir ki, onun da kökündə vətəndaş amili dayanır. Hər bir iş vətəndaş üzərində qurulub və onların rifah halının yaxşılaşdırılmasına yönəlib.
Kənd sakinlərindən – Qazaxbəyli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Birgül Əliyeva, kənd uşaq bağçasının müdiri Gözəl Allahverdiyeva, Ramiz Məmmədov, Kamran Salmanov, Nuranə Qurbanova, Təbriz Qurbanov, Ələddin Məmmədov və başqaları çıxış edərək istər respublikamızda, istərsə də rayonumuzda olan bu inkişafa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Çıxış edən sakinlər ötən müddət ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. Digər kəndlərdə olduğu kimi, Qazaxbəyli kəndində də abadlıq işlərinin aparıldığını bildirərək, xüsusilə kənddə uzun illər mövcud olan su probleminin həll olunmasına görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Keçirilən səyyar görüşü yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən gənc ailələrə həyətyanı torpaq sahəsinin verilməsi, kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, işlə təmin olunma və s. müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib.
İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bir daha bütün kənd sakinlərini qarşıdan gələn əlamətdr günlər münasibətilə təbrik edib, müstəqil Azərbaycanın inkişafı naminə yeni-yeni nailiyyətlər qazanmağı arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş