İcra başçısı Azərbaycan müəllimlərinin XV qurultayında iştirak etmiş nümayəndələrlə görüşüb
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov noyabrın 28-də Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında
iştirak etmiş nümayəndələrlə görüşüb. Qurultay iştirakçıları ilə səmimi söhbət edən
rayon rəhbəri onların təəssüratlarını dinləyib, qurultayda qeyd olunan
məsələlərlə bağlı fikir mübadiləsi aparıb, təhsilə olan diqqət və qayğıdan söz
açıb. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov görüşdə çıxış edərək Azərbaycan müəllimlərinin XV qurultayının keçirilməsi
münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik edib, təhsil sahəsinin
inkişafı naminə daha səmərəli fəaliyyət arzulayıb. Rayon rəhbəri bildirib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil
islahatlarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyimiz
olan uşaqların bilikli, savadlı olmasına xidmət göstərir. Bu gün ölkəmizdə təhsilə dövlət səviyyəsində
xüsusi diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsidir ki, təhsildə
yeni-yeni qanunlar qüvvəyə minir və həmin qanunlar birbaşa müəllimlərimizə
xidmət göstərməklə yanaşı, bilavasitə təhsilin inkişaf etdirilməsi deməkdir.
Təhsildə olan şəffaflığın nəticəsidir ki, istər müəllimlərin, istər məktəb
direktorlarının işə qəbulu test üsulu ilə həyata keçirilir. Bundan əlavə, təhsildə
fərqlənən müəllimlər, şagirdlər xüsusi qayğı ilə əhatə olunur, onların əməyi
yüksək qiymətləndirilir. Ən əsası da dövlətimiz və dövlət başçısı tərəfindən
ölkə təhsilinin inkişaf etdirilməsi üçün hərtərəfli dəstək göstərilir. Ölkə gənclərinin
istər respublikamızda, istərsə də beynəlxalq aləmdə tanınması, xarici
dövlətlərdə təhsil almaları, yüksək ixtisaslı kadr kimi yetişmələri üçün hər
cür imkan yaradılır. Rayon rəhbəri bildirib ki, ölkə başçısının
təşəbbüsü ilə reallaşan "Ölkəmizi tanıyaq” layihəsi respublika məktəblilərinə
bölgələrimizi yaxından tanımaq imkanı yaratmaqla yanaşı, onların intellektual
səviyyələrinin inkişaf etməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Məktəblilərdə Vətəninə, millətinə bağlılıq hissini aşılamaqla bərabər şagirdlərin
savadlı, bilikli olması üçün geniş imkanlar açır. Hər il olduğu kimi, bu il də qazaxlı
məktəblilərin də iştirak etdiyini və qələbə sevinci ilə qayıtdığını qeyd edən
icra başçısı bu qələbəni təhsil sahəsinə olan qayğının bəhrəsi kimi
qiymətləndirib. Qeyd edib ki, bu layihədə
qazaxlı məktəblilərin 9 rayon arasında keçirilən Azərbaycan İntellektual
Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?”
adlı bilik yarışmasından qalib kimi
qayıtması bunu
bir daha sübut etdi ki, Qazax hər zaman ziyalılar
yurdu olub. Hər rayon üzrə 6 komanda olmaqla, ümumilikdə 54 komandanın
iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən” komandasının 1-ci yeri
qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülməsini, bundan
əlavə, məktəblilərin "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də
"Breyn Rinq" yarışmasından da qalib kimi dönmələri bir daha göstərdi ki, təhsil sahəsinə göstərilən qayğı, diqqət öz bəhrəsini
verir. Dövlət başçısının təhsil
sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib
ki, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi
haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamı
bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına hər zaman böyük önəm
verib. Rayon rəhbəri Qazax təhsilinə, ziyalılarına verdiyi dəyərə, göstərdiyi
diqqət və qayğıya, tarixi əhəmiyyətli Sərəncama görə bütün qazaxlı ziyalılar
adından bir daha ölkə başçısına dərin minnətdarlığını bildirib. Bu gün ali məktəblərə
qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun üçüncü
yerdə olmasını qeyd edib. Vurğulayıb ki, Respublika
Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə
yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur və
yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Hazırda məktəbdə avadanlıqlar yerləşdirilir.
Bundan əlavə, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb
- Kosalar, Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də müasir standartlara
cavab verən səviyyəyə çatdırılacaqdır. Bütün
bunlar isə dövlətimizin və dövlət başçısının təhsil sahəsinə olan böyük
qayğısıdır. Sonra qurultay
iştirakçıları öz təəssüratlarını bölüşüblər. Rayon Təhsil şöbəsinin
müdir müavini Rasim Carçıyev çıxış edərək öncə qurultay iştirakçılarını qəbul
etdiyinə görə rayon rəhbərinə minnətdarlığını bildirib. Qeyd edib ki, hər bir
sahədə olduğu kimi, Qazax ziyalılar yurdu olduğunu bir daha nümayiş etdirdi.
Qurultayda iştirak edən bölgələrimizin arasında Qazaxın 12 nümayəndə ilə
rayonumuzun təhsilini təmsil etməsi, nümunəvi çıxışları ilə seçilməsi bir daha
onu göstərdi ki, Qazax tarixən ziyalıları ilə seçilib. R.Carçıyev qurultayın "Ümumi təhsil: bu günə və gələcəyə
baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə
baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu
günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə
və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Ali təhsil:
mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar"
mövzularında panel sessiyalarında ölkəmizdə müvafiq sahələrin inkişafı istiqamətində
görülən işlərdən danışıldığını, qarşıda duran vəzifələrin müəyyənləşdirildiyini, öz təklifləri ilə çıxış etdiyini qeyd
edib. Qurultayda digər bölgələrimizdə yaşayan və elmin sirlərini gələcəyimiz
olan uşaqlara öyrədən qazaxlı müəllimlərlə olan görüşün onda xoş təəssürat
yaratdığını bildirib. Qazaxda təhsil sahəsinə olan diqqət və qayğının həmin
yerlilərimiz tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Qurultay iştirakçısı olan M.Hüseyn adına
məktəb-liseyin direktoru Tahirə Comərdova da öz ürək sözlərini bildirib.
Əvvəlcə onlara etimad göstərib qurultayda iştirak etmələri üçün yaratdığı
imkana görə öz adından və həmkarları adından dərin təşəkkürlərini bildirib.
Qeyd edib ki, tədbir
iştirakçılarının ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda
canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin XIV qurultayından
ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz xatirələrini bir
dəqiqəlik sükutla yad etmələri məndə qürur hissi oyatdı ki,
Azərbaycan müəllimi, ziyalısı öz tarixi şəxsiyyətlərinə, şəhidlərinə belə dəyər
verir. Qeyd edib ki, bu qurultayda iştirakım mənə
fəxr hissi yaşatdı ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik
məktubunu bir ziyalı kimi qürurla dinlədim. Təhsil naziri Ceyhun Bayramovun iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin
XV qurultayının işinə uğurlar arzulaması təhsilə verilən
qiyməti, biz müəllimlərə olan qayğını bir daha nümayiş etdirdi. Qurultayda hər
bir rayon öz təhsil sahəsindəki yeniliklərdən danışırdı. Mən də Qazaxda təhsil
sahəsinin daim diqqət mərkəzində olmasından, işçi qrupunun yaradılmasından, bu
gün məktəblərimizdə dərsə davamiyyətin 95 %-dən yuxarı olmasından, "Ölkəmizi
tanıyaq” layihəsinin Qazaxda əsl toy-bayram kimi qeyd olunmasından, aksiyada
iştirak edən məktəblilərə xüsusi qayğı ilə yanaşılmasından söhbət açdım. Mənim
üçün sevindirici hal o oldu ki, Qazaxda təhsildə olan bu inkişaf digər
həmkarlarımız tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Daş Salahlı kənd 1 saylı tam orta məktəbin
direktoru, "Tərəqqi” medallı müəllim Söylü Xəlilova da qurultay barədə fikirlərini
bölüşüb. Azərbaycan
müəllimlərinin ilk qurultayının 1906-cı ildə keçirildiyini bildirib. Ənənəvi olaraq 5 ildən bir keçirilən qurultayda baş verən hər
bir hadisənin yüksək səviyyədə keçdiyini qeyd edib. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 5
qurultayının keçirildiyini vurğulayıb. Bu qurultayda ailə-məktəb münasibətlərinin
formalaşması mövzusunda söhbətlər apardığını bildirib. Qeyd edib ki, qurultayda
səslənən fikirlərdən bir daha əmin olduq ki, Azərbaycan təhsili gündən-günə
inkişaf edir və biz müəllimlər bu tərəqqinin şahidi oluruq. Ölkə başçısı İlham
Əliyevin uzaqgörən siyasəti nəticəsində təhsilimiz bundan sonra da yüksək tərəqqiyə
doğru inkişaf edəcəkdir. Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı
çıxış edərək istər rayonda təhsil sahəsinin belə yüksək səviyyədə inkişaf
etməsi istiqamətində gördüyü işlərə, istərsə də müəllimlərə verdiyi yüksək
dəyərə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdiyi
kollektiv və çoxsaylı müəllim ordusu adından dərin minnətdarlığını bildirib.
Bugünkü görüşü göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov görüşə yekun vuraraq bildirib ki, istər respublikamızda, istərsə də
bölgələrimizdə əldə edilən hər bir uğurun, qazanılan nailiyyətin təməlində
təhsil sahəsi, bilik və savad dayanır. Qazax təhsili, ziyalıları da hər zaman
öz sözünü deməyi bacarıb. Qazax Müəllimlər Seminariyasının 100 illlik tarixinin
olması bir daha onu göstərir ki, təhsilimizin 100 yaşı var. GOYEZEN.AZ
Facebook-da paylaş