Orta Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq səyyar görüşlər keçirir, sakinlərin müraciətlərini yerində dinləyərək qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi görüşlər artıq bir ənənə şəklini alıb. İcra başçısı 2 il 4 aydır ki, həmin ənənəni uğurla davam etdirir.
Rayon rəhbəri növbəti səyyar görüşü Orta Salahlı kəndində keçirib. Görüşdə kənd sakinləri ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək əvvəlcə5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, təhsil sahəsində daha böyük nailiyyətlər qazanmalarını arzulayıb.
Rayon rəhbəri bildirib ki, cari ilin proqramına uyğun olaraq 7-ci dəfədir ki, sizlərlə səyyar formada görüşürük. Bildiyiniz kimi, belə səyyar görüşlər keçirməyimin əsas məqsədi kənddəki mövcud vəziyyəti öyrənmək, siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
Rayon rəhbəri bildirib ki, rəhbər təyin olunduğum ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutmağa, hər zaman xalqın arasında olmağa, siz sakinləri narahat edən problemləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bunu mütəmadi olaraq istər şəhərdə, istərsə də kəndlərdə səyyar görüşlər keçirməyimdən də aydın şəkildə görmək olar.
İcra başçısı qeyd edib ki, ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” fikri bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda olduğu kimi icra edildiyini vurğulayan icra başçısı bildirib ki, rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin geniş vüsət almasını bunun əyani sübutu olduğunu qeyd edib.
Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. 2016, 2017-ci illərlə müqayisə etdikdə görürük ki, bu il abadlıq, quruculuq işləri daha çox olub. Rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır.
İcra başçısı görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Ölkə başçısı İlham Əliyevin avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlar bir daha onu sübut edir ki, bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi bundan sonra da uğurla davam etdiriləcəkdir. Qeyd edib ki, bu inkişafı rayonun Kosalar, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri yeni inşa olunan və əsaslı təmir olunan bağçalardan söz açıb. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu bildirib. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin aparıldığını bu sahədə görülən işlərin daha bir nümunəsi olduğunu qeyd edib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib.
Rayon rəhbəri qeyd edib ki, bu gün rayonda İkinci Şıxlı kəndində 2, Dəmirçilər, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində bir bağçanın təmir olunmasına böyük ehtiyac vardır. Çaylı kəndində bağça yaradılması üçün lazımi işlərin görülməsi nəzərdə tutulmuşdur. İcra başçısı Orta Salahlı kəndində də bağçanın olması üçün bu istiqamətdə məqsədyönlü işlərin görüləcəyini bildirib.
Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri S.Vurğun adına şəhər 2 nömrəli məktəbdə aparılan əsaslı yenidənqurma işlərini bu qayğının əyani sübutu kimi qiymətləndirib. Kosalar, İkinci Şıxlı Sarıvəlli kənd məktəbləri ilə yanaşı, Orta Salahlı kənd məktəbinin də əsaslı şəkildə təmir olunması üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib.
Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.
İcra başçısı bildirib ki, bu gün sevindirici haldır ki, rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.
Rayon rəhbəri dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son 2 il 4 ay ərzində uğurla icra edildiyini bildirib. Rayon rəhbəriötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılmasını, quruculuq siyasətinin artan templə davam etməsini qeyd edib. Təmiri nəzərdə tutulan həmin binalardan 74-nün dam örtüyünün dəyişdirilməsini də bu istiqamətdə görülən işlərin əyani sübutu olduğunu bildirib.
Rayon rəhbəri bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan 20-nin tam hazır olduğunu qeyd edərək 26 iyun Silahlı Qüvvələr Günündə istifadəyə verilən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, bundan əlavə, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarının, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binalarının həmin təmirli binalar sırasında olduğunu bildirib.
Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il 4 ay ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur.
Əkin sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
İcra başçısı vurğulayıb ki, iqtisadi cəhətdən gəlirli sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir. Bildirilib ki, rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 153 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 5 tondan çox məhsulu isə "İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. 2019-cu ildə də tütün sahələrinin genişləndirilərək 70 hektar əraziyə çatdırılması nəzərdə tutulmuşdur.
Qazax rayonunda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər görülür. Hər il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələri genişləndirərək bol məhsul yetişdirirlər. 2016-cı ildə 433 hektarda kartof əkən sakinlər 2017-ci ildə bu sahəni 376,1 hektar artıraraq 809,10 hektara çatdırdılar. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086,0 hektar sahədə kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur. 2019-cu ildə isə kartof sahələrinin 114 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə tutulmuşdur.
İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Hər şeyin kökündə vətəndaş amili dayanır.
Kənddə suvarma suyunda heç bir problemin olmadığını bildirən rayon rəhbəri ötən il kənddə içməli su ilə bağlı məqsədyönlü işlər görüldüyünü bildirib. Birinci Şıxlı, İkinci Şıxlı və Orta Salahlı kəndlərində Kür çayının kənarında sahilbərkitmə işlərinin aparılması üçün də rəsmi danışıqlar aparıldığını və aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını vurğulayıb. Mövcud vəziyyətin həll olunacağını, mümkün olan nə varsa, ediləcəyini bildirib.
Kənd sakinlərindən ağsaqqal Nəbi Babacanov, Nəsib Ayvazov, Astan Məmmədov, Qurban Novruzov, Səməd Mehtiyev, Qazaxbəyli kənd sakini Ramiz Qurbanov respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 2 il 4 ay ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar. Şəhidlərə, Milli Qəhrəmanlara və onların ailə üzvlərinə yüksək səviyyədə diqqət göstərilməsini vurğulayan kənd sakinləri şəhərin mərkəzində Şəhidlər Xiyabanının yaradılmasını bu qayğının əyani təzahürü kimi qiymətləndiriblər. Milli Qəhrəman Alı Mustafayevin doğulduğu kənddə xatirəsinə bulaq çəkilməsini şəhidlərə olan hörmət kimi dəyərləndiriblər. İlk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun adına olan təyyarənin şəhərin girişinə qoyulmasını tarixi şəxsiyyətlərə, bütövlükdə qazaxlılara verilən ən böyük dəyər olduğunu qeyd ediblər.
Çıxış edənlər bildiriblər ki, 2 il 4 aydır ki, sizin kimi rəhbərin sayəsində yüksək diqqət və qayğının şahidi oluruq. Biz sakinlər hər bir qayğımızı çəkinmədən deyirik. Biz bir vətəndaş olaraq əminik ki, dövlətimiz, dövlət başçımız və rayon rəhbərimiz tərəfindən bundan sonra da daim qayğı ilə əhatə olunacağıq.
Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən kənddəki artezian quyuları, arxın təmizlənməsi və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Bununla bağlı məsələnin yerində baxış keçirilməsi, araşdırılması və nəzarətə götürülməsi barədə aidiyyəti üzrə tapşırıq verib.
İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü görüş də bunun bariz nümunəsidir.
GOYEZEN.AZ
Facebook-da paylaş