• Təqvim

  • Maraq



İcra başçısı yeni qəsəbədə görülən işlərlə tanış olub


Bu gün ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə xüsusi  qayğı  ilə yanaşılır.  Respublikamızın bütün bölgələrində "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə məqədyönlü tədbirlər həyata keçirilir. Həmin Sərəncamla bütün bölgələrimizdə məskunlaşmış məcburi köçkün ailələri üçün saysız-hesabsız yeni qəsəbələr salınır, onların həyat şəraitləri mütəmadi olaraq yaxşılaşdırılır.

Ermənistanla 168 km sərhəddi olan və 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Aşağı Əskipara, Yuxarı Əskipara kimi kəndləri düşmən tərəfindən işğal olunan Qazax rayonunun sakinləri də elan olunmamış müharibənin ağrı-acılarını uzun müddətdir ki, yaşayırlar. Bu gün rayonun 5 kəndi daim düşmən gülləsinin atəşi altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu 285 şəhid verib.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da məcburi köçkün ailələri dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss edirlər. Rayonun işğal altında olan kəndlərinin sakinləri də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunublar.

Rayonun Qazaxbəyli kəndində həmin 304 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə də bu diqqət və qayğının ən bariz nümunəsidir. Bütün infrastukturlarla tam təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait yaradılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da rəhbər kimi təyin olunduğu  ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşıb. Onları narahat edən məsələləri yerindəcə öyrənib, qayğıları ilə maraqlanıb. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilib. Bunu rayon rəhbərinin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşlər keçirməsindən, onlar tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunmasından aydın şəkildə görmək olar.

Ötən həftə rayon rəhbərinin qəsəbədə yaşayan sakinlərlə görüş keçirməsi və sakinlər tərəfindən qaldırılan məsələlər barədə konkret tapşırıqlar verməsi bunun bariz nümunəsidir.

Bu gün isə icra başçısı verilən tapşırıqlar nəticəsində görülən işlərlə tanış olub.

Rayon rəhbəri çıxış edərək qəsəbədə məskunlaşan kənd sakinlərini salamlayıb, ən səmimi ürək sözlərini çatdırıb. Əlavə olaraq 256 ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsini bildirən rayon rəhbəri bunun dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu olduğunu qeyd edib. Bu qayğının bundan sonra da yüksək səviyyədə olacağını çatdırıb.

Qəsəbədə məskunlaşan sakinlər həmişə olduğu kimi, bu dəfə də rayon rəhbərliyini səmimi hisslərlə qarşılayıb, dövlət tərəfindən onlara göstərilən qayğıdan danışıblar.

Ağsaqqallardan – Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Aşağı Əskipara kənd sakini Front Həsənov, Bağanıs Ayrım kənd sakini Zərbəli Xasayev çıxış edərək bütün qəsəbə sakinləri adından verilən tapşırıqlara, görülən işlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. Bu gün ölkə başçısının və sizin kimi insanların sayəsində biz özümüzü tam qayğı ilə əhatə olunmuş hiss edirik. Sizin hər dəfə qəsəbəyə gəlməyiniz, bizim qayğılarımızla maraqlanmağınız və yerindəcə tapşırıq verməyiniz bunun əyai sübutudur. Bəli, bu gün görülən işlər göz qabağındadır. Ağızdan çıxan hər bir istəyin dərhal həll olunması bir daha sübut edir ki, rayonda vətəndaş amili həmişə ön planda olub.

Dövlətimiz tərəfindən bizlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq. 

Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və icra başçısı Rəcəb Babaşova bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər.

Daha sonra icra başçısı sakinlərin qayğıları ilə maraqlanıb, onlar tərəfindən səsləndirilən hər bir məsələyə bundan sonra da diqqətlə baxılacağını qeyd edib.

Bağanıs Ayrım kənd sakinlərindən Namiq Məmliyevin qəsəbənin işıqlanması, Ramin Poladovun qəsəbədəki stadiona dəmir turnikin vurulması, Aşağı Əskipara kənd sakini Ələsgər Həsənovun xeyir-şər evinin yaxınlığında qəsəbə sakinləri üçün ayaqyolunun tikilməsi, Yuxarı Əskipara kənd sakini Kamandar Eminovun istilik sistemi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələ üçün aidiyyəti şəxslərə tapşırıqlar verib.












GOYEZEN.AZ



Facebook-da paylaş