Qazaxda yaz-tarla işlərinə hazırlıq vəziyyətinə dair və rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar iclas keçirilib
Qazax Rayon İcra Hakimiyyətində keçirilən iclasda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, “Ağstafaçay Hidroqovşağı İstismar İdarəsi” MMC-nin rəisiRövşən Lətifov, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisiAsim Osmanov iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən danışıb. Rayon rəhbəri hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bildirib. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Rayon rəhbəri ölkə başçısının çıxışlarında kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində səsləndirdiyi fikirlərin, verdiyi tapşırıq və tövsiyələrin hər bir dövlət məmuruna nümunə olduğunu söyləyib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən icra başçısı aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. İcra başçısı son illər Qazaxda bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir. Suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük” fikrinin hər birimizə örnək olduğunu söyləyib. “Hər bir dövlət məmuru bilməlidir ki, görülmüş bütün işlərin arxasında vətəndaş məmnunluğu dayanır. Çalışmalıyıq ki, cari mövsümdə də vətəndaşların suvarma ilə bağlı heç bir problemi olmasın. Əvvəlki illərdə olduğu kimi, bu mövsümdə də sudan qənaətlə istifadə olunmasının vacibliyini dərk edərək bu sahədə olan tədbirlərə əməli işlərimizlə dəstək olmalıyıq”, - deyən icra başçısı bugünkü iclasın məhz bu məqsədi daşıdığını, vətəndaşlara bununla bağlı aidiyyəti şəxslər tərəfindən məlumat verilməli olduğunu qeyd edib. İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, tərtib olunmuş növbəlilik cədvəlinə riayət edilməsinin vacibliyindən söz açıb. Rayon rəhbəri bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər bu sahənin daim diqqət mərkəzində saxlanması, hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizlənməsi sahəsində görülmüş işlərdən danışan icra başçısı statistik rəqəmləri diqqətə çatdırıb. 2024-2025-ci illərdə 376,68 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 251,08 km-nin texnika, 125,60 km-nin əl əməyi ilə həyata keçiriləcəyini bildirib. Son 9 ildə 2977,31 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 1532,48 km-nin texnika, 1444,83 km-nin əl əməyi ilə həyata keçirildiyini vurğulayıb. Mövcud arx və kanallarda təmizlik işlərinin aparılması ilə əlaqədar kənd sakinlərinin maarifləndirilməsinin, onların təmizlik işlərinin aparılması zamanı fəal iştirak etmələrinin vacibliyi qeyd edilib. Bunun üçün kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Bu sahədə verilən tapşırığın ciddiliyini dərk edərək qeyd edilən məsələlərə məsuliyyətlə yanaşmalarını bildirib. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov keçirilən iclsın əhəmiyyətindən söz açaraq rayon rəhbərliyinə razılığını ifadə edib. Mərkəz direktoru 2026-cı ilin məhsulu üçün 6880 hektarı arpa, 4740 hektarı buğda olmaqla, 12023 hektar sahədə taxıl səpininin nəzərdə tutulduğunu bildirib. Bu günə kimi 6850 hektarı arpa, 4752,8 hektarı buğda olmaqla, 11602,8 hektar sahədə səpin işlərinin aparıldığını diqqətə çatdırıb. E.Vəkilov 2026-cı ilin məhsulu üçün aparılan səpin işləri və suvarmanın mövcud vəziyyəti barədə məlumat verib, görülmüş və görülməsi nəzərdə tutulan işləri diqqətə çatdırıb. Qarşılıqlı müzakirə və geniş fikir mübadiləsi şəraitində keçən iclasda rayon rəhbəri sonda bir daha əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini vurğulayaraq bu işin ötən ildə olduğu kimi bu il də optimal müddətdə başa çatdırılmasını, bunun üçün işlərin gücləndirilməsini bildirib və bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Ən əsası da həyata keçirilən bütün işlərin kökündə vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını bir daha səsləndirib.
Yanvarın 6-da Qazax Rayon Suvarma Sistemləri İdarəsinin yaz-tarla işlərinə hazırlıq vəziyyətinə dair və rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar iclas keçirilib.

Facebook-da paylaş














