BDU-nun Qazax filialında 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
2020-ci ilin 27 sentyabr tarixindən artıq 5 il arxada qalır. O tarix ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. Azərbaycan xalqının 30 illik yurd həsrətinə cəmi 44 gündə son qoyuldu. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, qazilərimizin şücaəti sayəsində azadlığına qovuşdu. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. İllər keçsə də Azərbaycan xalqı bizə tarixi Qələbəni bəxş edən, ölkəmizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizin xatirəsini hər zaman əziz tutur. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Növbəti tədbir sentyabrın 24-də Qazax Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə təşkil olunub. Filialın Heydər Əliyev auditoriyasında keçirilən dəyirmi masada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədr Anar Nəbiyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, filialın professor-müəllim heyəti, tələbələr, şəhid ailələri, veteranlar, KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə filialın məzunu olmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kəndinin igid oğlu leytenant Məmmədov Məhəmməd Zakir oğlunun filialda yaradılmış guşəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 27 Sentyabr - Anım Gününə və 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, filialın müəllim-tələbə kollektivini, şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabrın respublikamızda Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu bildirib. İcra başçısı Anım Günü ərəfəsində şəhidlərimizin məzarlarını ziyarət etdiyini, əziz xatirələrini ehtiramla andığını bildirib. Rayon rəhbəri gənclərin vətənpərvər ruhda yetişməsində müəllimlərin, məktəblərin, ali təhsil ocaqlarının böyük rol oynadığını qeyd edərək bu gün filialda 27 Sentyabr – Anım Gününə, şanlı Zəfərimizin beşinci ildönümünə həsr olunmuş tədbirin keçirilməsinin bunun bariz nümunəsi olduğunu söyləyib. Tarix boyu mənfur düşmənimiz olan ermənilərin xalqımızın başına gətirdikləri müsibətdən, vəhşiliklərdən, zülümlərdən danışan icra başçısı son 200 ildə qazanmadığımız tarixi Qələbəni məhz 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində, İkinci Qarabağ müharibəsində əldə etdiyimizi qeyd edib. 44 gün davam edən Vətən müharibəsində şəhərlərimizin, rayonlarımızın, kəndlərimizin, düşmən tapdağında olan torpaqlarımızın qəhrəman övladlarımızın qanı, canı bahasına işğaldan azad edildiyini, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə ilə bütün dünyaya Azərbaycan xalqının qəhrəman xalq, ordumuzun güclü ordu olduğunu sübut etdiyimizi bildirib. Ulu Öndərin Şuşa haqqında söylədiyi “Biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq” tarixi sözlərini xatırladan rayon rəhbəri bunun artıq reallığa çevrildiyini söyləyib. Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi sayəsində ötən hər ilin bizi qələbəyə doğru apardığını vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Şuşanı, işğal altında olan torpaqlarımızı bizə qaytardığını qeyd edib. Əldə etdiyimiz tarixi Qələbəyə, şanlı Zəfərə görə bu gün Azərbaycan xalqı olaraq Müzəffər Ali Baş Komandana, canlarını bu yolda qurban verən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə sonsuz minnətdar və borclu olduğumuzu, hər zaman onlarla qürur duyduğumuzu bildirib. Rayon rəhbəri bildirib ki, istər Aprel döyüşündə, istər İyul döyüşlərində, istər Vətən müharibəsində, istərsə də sentyabr hadisələrində qəhrəman oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. 2023-cü ilin 19-20 sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən söz açan rayon rəhbəri antiterror tədbirləri nəticəsində bizim hərbçilərimizin növbəti dəfə böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib. Antiterror tədbirləri zamanı əldə edilən uğurlu nəticələrin Azərbaycanın növbəti qələbəsi olduğunu söyləyib. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Qarabağ və Vətən müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. “Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimizə nümunədir", - deyən icra başçısı bu amilin Qazaxda hər zaman əsas götürüldüyünü söyləyib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu bildirib. İcra başçısı sonda bir daha qeyd edib ki, nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, şəhidlər də əbədi yaşayacaqdır. Cənab Prezidentin söylədiyi kimi: "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”. Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində tarix yazan oğullarımıza ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbirdə iştirak etdiyinə, daim tələbələrin yanında olduğuna görə rayon rəhbərliyinə razılığını ifadə edib. A.Rüstəmov 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər haqqında nəinki bu gün, illər ötsə belə hər zaman qürurla danışılacağını, gələcək nəsillərə ötürüləcəyini qeyd edib. Əldə etdiyimiz Zəfərin Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını, eyni zamanda, bu Zəfərlə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adının da həm hərb tariximizə, həm də xalqımızın qəlbinə əbədi həkk olunduğunu bildirib. Tarixi Zəfərimizi qeyd etməklə hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olacağımızı söyləyib. A.Rüstəmov 44 günlük haqq savaşında qazandığımız Zəfərə görə həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyevə minnətdar olduğumuzu qeyd edib. Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Ali Baş Komandan tərəfindən uğurla davam etdirilməsi sayəsində şanlı Azərbaycan Ordusunun tarix yazdığını vurğulayıb. Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək bildirib ki, 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsi Şanlı tariximizə qızıl hərflərlə yazılıb. Bu müharibə Azərbaycan xalqının əzmkarlığının bir daha böyük nümunəsi oldu. Xalqımızın öz Vətəninə bağlılığını, Vətəni, torpağı üçün öz şirin canlarından keçən, sağlamlığını itirən gənclər yetişdirdiyini bütün dünyaya döyüş meydanında bəyan etdi. Bu gənclər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövründə yetişən gənclik idi. Ümummilli Lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizin yerləşdiyi çətin geosiyasi, coğrafi mövqeyinə baxmayaraq düzgün planlaşdırılmış siyasət yeridərək məğrur xalqımızı dünya arenasında tanıtdı və zəfərlərə apardı. Bu siyasətin arxasında xalq və Ulu Öndər Heydər Əliyevin siyasi irsi dayanır. Hələ Sovetlər dönəmində Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil gələcəyi haqqında düşünür və vacib addımlar atırdı. Bu addımlardan biridə Ulu Öndərin Sovetlər dönəmində böyük maneələrə baxmayaraq 1971-ci ildə İnternat məktəbinin bazasında yaratmış olduğu bugünkü Cəmşid Naxçıvanski adına hərbi liseydir. Hansı ki, bu lisey Azərbaycan ordusuna peşəkar zabit kadrlarının hazırlanmasında böyük rol oynayır. Liseyin məzunları Birinci və İkinci Qarabağ müharibəsində böyük şücaətlər göstərmişdir. C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarından 1000 nəfəri göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəman, 19 nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. S.Çobanov özünün də məhz Cəmşid Naxçıvanski adına hərbi liseyin 2004-2007-ci illər və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2007-2011-ci illər üzrə məzunu olduğunu gənclərin diqqətinə çatdırıb. O, Heydər Əliyəv ideyalarını yaşadan hərbi məktəblərdə təhsil alan gənclərin həmin ideyaları rəhbər tutaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni torpaqlarımızdan qovduğunu söyləyib. S.Çobanov qeyd edib ki, Prezident digər sahələrə olduğu kimi ordu quruculuğuna da çox böyük diqqət ayırır. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı dəmir yumruq tək Ali Baş Komandanın ətrafinda sıx birləşdi və zəfərimizin başlanğıcı olan 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində və nəhayət 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində hiyləgər düşmən üzərində qələbə qazandı. Hiyləgər düşmən öz təxribatlarından əl çəkmədi, qanunsuz silahlı birləşmələr yaradaraq Qarabağ iqtisadi rayonunda təxribatlar və mülki əhalinin təhlükəsizliyinə ciddi maneələr yardırdı. Bunları nəzərə alaraq 19-20.09.2023-cü il tarixlərində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu və güc strukturları qarşılıqlı əlaqə ilə Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Suverenliyi tam olaraq bərpa edildi. Azadlıq quru hərflərlə deyil qanla yazıldı. S.Çobanov torpaqlarımızın azadlığı uğrunda Qazax rayonunun 348 nəfər şəhid verdiyini, bunlardan 289 nəfərin Birinci Qarabağ müharibəsi, 49 nəfərin 44 günlük Vətən müharibəsi şəhidi, 2 nəfərin müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən, 3 nəfərin 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman, 5 nəfərin 19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olduğunu diqqətə çatdırıb. Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimizin Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görüldüyünü söyləyib. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi, 2022-ci ilin Sentyabr döyüşləri zamanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfərin “Qarabağ ordeni”, 8 nəfərin “Azərbaycan Bayrağı” ordeni, 5 nəfərin 3-cü dərəcəli “Rəşadət” ordeni, 14 nəfərin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 58 nəfər şəhidin müxtəlif adda 226 ədəd orden və medalla təltif edildiyini vurğulayıb. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçunun müxtəlif dərəcəli xəsarət aldığını, həmin şəxslərdən 74 nəfərə əlillik dərəcəsinin təyin edildiyini bildirib. Xəsarət almış 250 nəfər hərbi qulluqçunun ümumilikdə müxtəlif adda 617 ədəd orden və medllarla (onlardan 1 nəfər “Azərbaycan Bayrağı” ordeni, 1 nəfəri 3-cü dərəcəli ”Rəşadət” ordeni”, 3 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni) təltif olunduğunu bildirib. O cümlədən Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz polkovnik-leytenant Nicad Bədəlovun Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görüldüyünü söyləyib. Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər” və “Şanlı Vətən Oğulları” kitablarının çap edildiyini, ”Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin inşa edildiyini, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Bakı Dövlət Universitetinin Qazax filialında Xatirə Guşəsinin yaradıldığını və Qazax Şəhidlər xiyabanına isə şəhidlərin şəkilləri əks olunan mərmər lövhələrin vurulduğunu söyləyib. Bu günlərdə qardaş Türkiyədə səfərdə olan S.Çobanov səfər barədə xoş təəssüratlarını bölüşüb, “Şanlı Vətən Oğulları” kitabını Millî Savunma Bakanı Yaşar Gülərə və digər rəsmilərə təqdim etdiyini bildirib. Vətən müharibəsi şəhidi, ölümündən sora ölkə başçısının müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları ilə təltif edilmiş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açaraq təşkilatçılara razılığını ifadə edib. Vətən torpaqlarının azadlığı uğrunda Nəsibovlar ailəsi olaraq pay sahibi olduqlarını, tək övladı baş leytenant Xaliddin Nəsibovun da Vətən yolunda şirin canından, ailəsindən keçdiyini söyləyib. Övladının Şuşanın azadlığı uğrunda gedən döyüşlərdəki şücaətindən söz açaraq şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlığın gənclərə, gələcək nəsillərə örnək olduğunu vurğulayıb. Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasında baş müəllim Ülviyyə Bayramova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Ü.bayramova 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın döyüş meydanındakı şücaətindən danışaraq onların bizə Vətəni sevməyin ən ümdə iş, Şəhidlik zirvəsinə ucalmağın ən ali məqam olduğunu nümunə göstərdiklərini qeyd edib. İkinci Qarabağ müharibəsinin XXI əsr Azərbaycanın hərb tarixinin şərəf səhifəsi olduğunu söyləyib. Ü.Bayramova bu gün suveren, müstəqil, qalib dövlətin, ölkənin vətəndaşı olmuşuqsa, auditoriyalarda şanlı zəfərdən, tarixi qələbədən danışırıqsa buna görə şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Ü.Bayramova 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə şanlı Zəfərlə başa çatan “Dəmir yumruq” əməliyyatının hərb tariximizə qızıl hərflərlə yazıldığını, həmin 44 günün xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini, hər gün yeni bir tarixi Qələbəyə şahidlik etdiyimizi vurğulayıb. Ü.Bayramova nə qədər Azərbaycan xalqı var, üçrəngli dövlət bayrağımızın yüksəklərdə dalğalanacağını, şəhidlərimizin qəlblərdə yaşayacağını söyləyib. Bakı Dövlət Universitetinin Qazax filialının Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasının IV kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı, ölkə Prezidentinin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Qılınc Cəfərov çıxış edərək ötən illər ərzində mənfur düşmənimiz olan ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətləri bir gənc olaraq heç zaman unutmadığını bildirib. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin, şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin döyüş meydanındakı qəhrəmanlıqlarının heç zaman unudulmayacağını qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun tərkibində 44 günlük Vətən müharibəsində iştirak etdiyi, qazanılan qələbədə az da olsa pay sahibi olduğu üçün qürur duyduğunu söyləyib. Bugünkü tədbirin onun üçün mühüm əhəmiyyət daşıdığını, bu cür tədbirərin şəhidlərimizə olan sonsuz ehtiramın, qazilərimizə olan hörmətin əyani təzahürü olduğunu qeyd edib.
Tədbirin aparıcısı, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi əvəzi Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları, şəhid ailələrini salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova Azərbaycan xalqının 30 illik işğala Vətən müharibəsi ilə son qoyaraq tarixi ədaləti bərpa etdiyini bildirib. 27 Sentyabr - Anım Gününün milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin və Vətənə sevgimizin zirvəsi oduğunu diqqətə çatdırıb. Azərbaycan xalqının məhz həmin gün öz tarixinin ən böyük imtahanına daxil olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ərazi bütövlüyümüzü təmin etdiyini söyləyib.
Facebook-da paylaş