Qazaxda icra başçısının iyul ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun İkinci Şıxlı kəndində olub
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanmasını bütün sahələrdə görmək olur. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının iyul ayında vətəndaşlarla nəzərdə tutulan sayca üçüncü səyyar görüşü rayonun İkinci Şıxlı kəndində yaşayan sakinlərlə olub. İyulun 17-də Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. İcra başçısı bütün kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də hər zaman səslənən məsələlərə, fikirlərə həssaslıqla yanaşıldığını, ötən səyyar görüşdə qaldırılan məsələlərin müsbət həllini tapdığını qeyd edib. Ötən səyyar görüşlərdə səslənən məsələlərdən İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə təmir olunduğunu, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta ümumtəhsil məktəb üçün 220 şagird yerlik yeni inzibati binanın inşa edildiyini, yararsız vəziyyətdə olan elektrik dayaqlarının yerinə yeni metal dayaqların basdırıldığını, rabitə dayaqlarının və xəttinin yeniləndiyini, ümumilikdə kəndin sosial vəziyyəti ilə bağlı qaldırılan bir sıra məsələlərin müsbət həll olunduğunu söyləyib. Kənddə həlli vacib olan məsələlərdən danışan rayon rəhbəri kənddaxili yolların asfaltlanmasının, kənddə olan mövcud arxların beton üzlüyə alınmasının Dövlət Proqramına salındığını, kənddə olan digər 2 uşaq bağçasının təmiri üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb. Rayon rəhbəri Birinci Şıxlı, Yuxarı Salahlı kəndləri ilə yanaşı İkinci Şıxlı kəndində də kəndarası yolların asfaltlanması məsələsinin gündəmdə olduğunu və çəkilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. İcra başçısı Birinci Qarabağ müharibəsində İkinci Şıxlı kəndindən 8 nəfərin şəhid, 7 nəfərin müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində 2 nəfərin Şəhidlik zirvəsinə ucaldığını, 2 nəfərin müharibə əlili olduğunu söyləyib. 44 günlük haqq savaşında İkinci Şıxlı kəndindən 65 nəfərin iştirak etdiyini, onlardan 51 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İstər Birinci Qarabağ, istər Vətən müharibəsi, istərsə də digər döyüşlərdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacaqlarını vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı İkinci Şıxlı kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 548,8 hektardan 1814,3 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu söyləyib. İcra başçısı kənddə yerləşən Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina tikildiyini, məktəblilərin həmin qayğını əldə etdikləri nailiyyətlərlə doğrultduqlarını, məktəbin qəbul göstəricilərinin ürək açan olduğunu vurğulayıb. Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 48 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 6 nəfərin şəhid ailəsi, 7 nəfərin Vətən müharibəsi iştirakçısı, 35 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də SİP kabelləşmə işinin başa çatdırılacağını, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkildiyini bildirib. İcra başçısı Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına təşəkkür edib. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli kəndlərində aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açan rayon rəhbəri bütün işləri razılıqla qarşılayıb. Kənddə yol kənarında yerləşən evlərin dam örtüyünün yenilənməsinə, fasadda aparılan işlərə, evlərin qarşısında, kənd qəbiristanlığının ətrafında yeni hasarların çəkilməsinə, eləcə də sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlığını bildirib. İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb. Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. İcra başçısı Respublika Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndində qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması, 10.12.4-cü bəndində sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin həyata keçirilməsinin əksini tapdığını qeyd edərək mövzu ilə bağlı fikirlərini bölüşüb. İcra başçısı Dövlət Proqramında əksini tapan bəndlərdə qeyd edilən qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, sağlam və rasional qidalanma istiqamətində maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. Rayon rəhbəri ilk növbədə qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulunun seçilməli, istifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməli olduğunu bildirib. Xüsusilə istifadə edilən ərzaqların, məshulların istifadə müddətinə, saxlanma şəraitinə diqqət yetirilməli olduğunu vurğulayıb. Rayon rəhbəri son illər Qazaxda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı görülmüş işlərdən söz açaraq aidiyyəti şəxslərlə birlikdə rayonda fəaliyyət göstərən çörək sexlərində, marketlərdə, restoran və kafelərdə keçirilmiş reydlər barədə də məlumat verib. Eyni zamanda, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin bufetlərində şagirdlərə təklif olunan qida məhsullarının keyfiyyəti, istifadə müddəti, saxlanma şəraitinə nəzarət məqsədilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun, Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz Regional bölməsinin əməkdaşlarının iştirakı ilə reydlər həyata keçirildiyini, qeyd edilən məsələlərin nəzarətdə saxlanıldığını diqqətə çatdırıb. İcra başçı Respublika Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrasından, bu sahədə hazırlanmış Tədbirlər Planının 8.4.3-cü yarımbəndində - Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən də söz açıb. Rayon rəhbəri çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri özündə əks etdirən Sosial xidmət barədə məlumat verib. Bildirib ki, Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Rayon rəhbəri Sosial xidmətlərin fəaliyyət istiqamətlərini mənzil, avtomobil təminatı, sanatoriya-kurort yollayışları, övladlığagötürmə, himayədar ailə, evdə (səyyar) sosial-məişət xidməti, sosial xidmət müəssisələri, mənzil satışı portalı, sosial sifarişlər, Sosial Xidmət Mərkəzləri, Daimi Günərzi Qayğı Mərkəzlərinin təşkil etdiyini bildirib. Vətəndaşların xidmətlərdən yararlanmaq üçün Dost mərkəzlərinə, 142 çağırı mərkəzinə və Sosial Xidmətlər Agentliyinin yerli bölmələrinə müraciət etməli olduqlarını söyləyib. “Bu gün də siz vətəndaşları dinləməyə gəlmişik”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Birinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli, eləcə də İkinci Şıxlı kəndində aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açan sakinlər bütün işləri razılıqla qarşılayıblar. Kənddə yol kənarında yerləşən evlərin dam örtüyünün yenilənməsinə, fasadda aparılan işlərə, yeni hasarların çəkilməsinə, kənd qəbiristanlığının kənarında hasarın çəkilməsinə görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Görüşdə vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.
Facebook-da paylaş