• Təqvim

  • Maraq



Qazaxda “15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!” mövzusunda tədbir keçirilib


İyunun 12-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, Ərazi partiya təşkilatının sədrləri, partiya veteranları, YAP sıralarına yeni qəbul olunmuş üzvlər, KİV nümayəndələri iştirak ediblər.

 

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.



YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. A.Nəbiyev qeyd edib ki, 1991-ci ildə xalqımız yenidən öz müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi onun əldə olunmasından çətin olduğu, asan olmadığı dövrdə baş verən hadisələr nəticəsində xalqımız ölkəmizdə hakimiyyət dəyişikliyi ilə üzləşdi. Xalqımız xaos, anarxiya baş verdiyi bir dövrdə xilas yolunu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasında gördü, ona güvəndi və arxalandı. Natiq çıxışı zamanı məhz o dövrdə ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışıb. Rayon təşkilatının sədri qeyd edib ki, dahi rəhbərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır. Natiq vurğulayıb ki, xalqımızın böyük xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, xoşbəxtliyimiz ondadır ki, onun ideyaları, ilahi arzuları möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün, zaman-zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır. 


Rayon təşkilatının sədri 1 il əvvəl Qazax rayonunun 4 kəndinin bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin və ölkə başçısının növbəti uğuru olduğunu, bu qələbənin kökündə Ulu Öndərin ilahi arzularının dayandığını diqqətə çatdırıb. “Bugünkü qələbələrimizin, zəfərlərimizin əsasını Ulu Öndərin bizlərə əmanət etdiyi və ölkə başçısının layiqincə davam etdirdiyi siyasət təşkil edir”, - deyən A.Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gələcəkdə də yeni-yeni uğurlara, qələbələrə imza atacağına böyük əminliyini bildirib. “Bu gün qürurla söyləyə bilərik ki, müdrik ata vəsiyyəti, qalib, xoşbəxt oğul vədi artıqlaması ilə yerinə yetirildi. Böyük xilaskar Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə əbədi həkk olunub”, - deyən natiq xalqımızın bunu qürurla səsləndirdiyini qeyd edib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dövlətimizin və xalqımızın taleyində böyük əhəmiyyət daşıyan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. 15 iyunun Vətənini, xalqını sevən hər kəs üçün əsl qurtuluş tarixi və Azərbaycanın yeni tarixinin yazıldığı gün olduğunu qeyd edən icra başçısı bu günün əhəmiyyətindən danışıb. Müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan icra başçısı dahi rəhbərin istər 1969-1982, istər 1982-1987, istər 1987-1993, istərsə də 1993-2003-cü illərdə hakimiyyətdə olduğu dövrlərdə xalqımızın rifahı, ölkəmizin inkişafı üçün gördüyü işləri, həyata keçirdiyi layihələri bir daha diqqətə çatdırıb. İcra başçısı bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Bildiyimiz kimi, 1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bu, Azərbaycanda böyük ruh yüksəkliyi yaratmışdı. Heydər Əliyev Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmir, respublikamızın ictimai, mədəni həyatı ilə daim maraqlanırdı. Heydər Əliyevin mərkəzi hakimiyyətdə yüksək vəzifə tutması ermənilərin Azərbaycanla bağlı məkirli planlarının həyata keçməsinə mane olurdu. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq 1990-ci ilin 20 iyul tarixində Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi. Əminliklə deyə bilərik ki, AXC-Müsavat cütlüyü müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməzdi. Suverenliyimiz real təhdidlər qarşısında qalmışdır. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri-birinə qarşı mübarizə aparıldı. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, yaratmaqla sonda torpaqların işğalı ilə nəticələndi. Yeganə ümid və çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Ölkədə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizin ictimai-siyasi pərakəndəliyinə və anarxiyaya son qoydu, dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir. Ulu Öndərin əbədi və unudulmaz xidmətindən söz açan icra başçısı bildirib ki, 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Rayon rəhbəri söyləyib ki, Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi. Xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti, Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. İcra başçısı qeyd edib ki, qurtuluşun rəmzlərinə nəzər salsaq görürük ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul  edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı system yarandı. İcra başçısı sabit inkişafın bünövrəsinin Ulu Öndər tərəfindən qoyulduğunu qeyd edərək söyləyib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Rayon rəhbəri vurğulayıb ki, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş  torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xaricisi yasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. İcra başçısı bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsidi”.


Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Ülviyyə Bayramova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Türkan Allahverdiyeva, partiya veteranları Fərhad Qocamanov, Ramil Qurbanov çıxış edərək 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini, səmimi ürək sözlərini bölüşüblər. Çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan üçün dönüş nöqtəsi olduğunu, həmin günün Azərbaycanın parçalanmaq təhlükəsindən qorunması və vətəndaş qarşıdurmasının qarşısının alınması baxımından böyük önəm daşıdığını vurğulayıblar. Milli Qurtuluş Gününün müstəqilliyimizin möhkəmlənməsi və sülhün təmin olunması baxımından əhəmiyyətini vurğulayan çıxışçılar Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi nəticəsində ölkəmizin davamlı inkişaf yolunda irəlilədiyini və tarixi nailiyyətlər əldə etdiyini söyləyiblər. Çıxışlarda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli tərəqqi yoluna daxil olduğu və ordumuzun dünyaya nümunə olan gücə çevrildiyini diqqətə çatdırıblar.

Tədbirdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, müxtəlif ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. 

Tədbirdə sosial şəbəkələrdə yüksək siyasi fəallıq göstərən bir qrup partiya fəalı YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar.

YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.



Facebook-da paylaş