Qazaxda “Son zəng”lə bağlı iclas keçirilib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, 2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.
Respublikamızın hər yerdə olduğu kimi, Qazax rayonunda da "Son zəng" tədbirlərinin yüksək səviyyədə təşkil olunması üçün lazımi hazırlıq işləri görülür.
İyunun 10-da Qazax Rayon İcra Hakimiyyətində bu məsələ ilə bağlı iclas keçirilib. İclasda icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, şəhər üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, rayon Polis şöbəsinin əməkdaşı iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri təhsil sahəsinin Azərbaycan üçün ən prioritet məsələlərdən biri olduğunu qeyd edib. İcra başçısı bildirib ki, bugünkü iclasın əsas məqsədi respublikamızın bütün bölgələrində təşkil olunan “Son zəng” tədbirlərini yüksək səviyyədə həyata keçirmək üçün görüləcək işləri müzakirə etməkdir. Rayon rəhbəri "Son zəng" tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, həmin tədbirlərin məktəb daxilində keçirilməsi, bu tədbirlərin keçirilməsində təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı məktəb direktorlarına tapşırıq verib. Rayon rəhbəri polis əməkdaşlarının, sahə rəislərinin “Son zəng” günü gücləndirilmiş iş rejimində çalışacaqlarını bildirib. İcra başçısı valideynlərlə, məktəbi bitirən məzunlarla maarifləndirici söhbətlər aparmağı, həmin gün hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün məktəb direktorlarına sahə rəisləri ilə əməkdaşlıq etməyi tövsiyə edib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə təhsil sahəsində çalışan müəllimlər adından öz dərin minnətdarlığını bildirib. Hər il olduğu kimi, bu il də “Son zəng” tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını vurğulayıb.
Facebook-da paylaş