• Təqvim

  • Maraq



İcra başçısı Qazaxda səfərdə olan düşərgə iştirakçıları ilə görüşüb


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun birgə təşkilatçılığı ilə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun üzvlərinin Qazax rayonunda “VikiGənclik” adlı düşərgəsi təşkil olunub. 

27 may - 1 iyun 2025-ci il tarixlərində Qazax Olimpiya İdman Kompleksində keçirilən “VikiGənclik” düşərgəsində 91 nəfər gənc iştirak edib. Gənclər “Açıq bilik üçün birlikdə yazırıq!” devizi altında düşərgəyə qatılıblar.

Mayın 29-da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazaxda səfərdə olan düşərgə iştirakçılarının rayonun görməli yerlərinə ekskursiyası təşkil olunub. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İnnovativ inkişaf sektorunun müdiri Kənan Kərimovun, Azərbaycanca Vikipediyanın patrulu, ölkə təmsilçisi Aida Aslanovanın, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevin, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura üzvlərinin, eləcə də digər əməkdaşların iştirakı ilə təşkil olunmuş ekskursiya zamanı düşərgə iştirakçıları Qazax rayonunun gəzməli, görməli yerlərində olublar.

Ekskursiya zamanı düşərgə iştirakçılarına Xalq şairi Səməd Vurğunun Poeziya evi, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı və Göyəzən filialları, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi, Qazax Rayon Heydər Əliyev Mərkəzi və parkı, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Ədəbiyyat Muzeyi, Fəxri Qazaxlılar parkı, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanı, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi haqqında dolğun, əhatəli məlumatlar verilib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da icra aparatının məsul işçiləri ilə birlikdə Qazax Olimpiya İdman Kompleksinə gələrək düşərgə iştirakçıları ilə görüşüb.

Gənclərlə keçirilən görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları və gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Bu gün özümə borc bildim ki, gəlib sizlərlə görüşüm”, - deyən icra başçısı Qərbin qapısı sayılan Qazaxda qonaq olan gənclərlə görüşməkdən məmnun olduğunu bildirib. İcra başçısı gənclərə rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb. 

“Siz gənclər xoşbəxtsiniz ki, dövlətimiz tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan siz gənclərə daim diqqət və qayğı göstərilir. Siz gənclər müstəqil Azərbaycanın gənclərisiniz. Siz gənclərin parlaq gələcəyi olan gənclər kimi yetişməyiniz üçün dövlət olaraq bütün imkanlardan istifadə olunur”, - deyən rayon rəhbəri təşkil olunmuş düşərgələri həmin qayğının davamı kimi qiymətləndirib. İcra başçısı gənclərin onlara göstərilən qayğını hər zaman öz bilikləri, savadları, vətənpərvərlikləri, qazandıqları nailiyyətlərlə doğrultduqlarını bildirib. Bunun 44 günlük Vətən müharibəsində də şahidi olduğumuzu, gənclərimizin haqq savaşında əsl qəhrəmanlıq tarixi yazdıqlarını dilə gətirib.

“Əziz gənclər müstəqil Azərbaycanımızın gələcəyi sizlərin əlindədir. Biz xalq olaraq siz gənclərlə fəxr edirik”, - deyən icra başçısı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qərbin qapısı sayılan Qazaxda gənclər düşərgəsinin təşkil olunmasına görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin, “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun əməkdaşlarına, əməyi keçən insanlara minnətdarlığını bildirib.

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İnnovativ inkişaf sektorunun müdiri Kənan Kərimov, Azərbaycanca Vikipediyanın patrulu, ölkə təmsilçisi Aida Aslanova çıxış edərək onlara göstərilən qonaqpərvərliyə və gərgin iş qrafikindən vaxt tapıb onlarla görüşə gəldiyinə, eləcə də düşərgənin yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə razılığını ifadə ediblər. Qazaxa ilk dəfə səfər edən gənclərin, vikimediaçıların buradan xoş təəssüratlarla, dolğun məlumatlarla ayrılacağını qeyd edib. “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun üzvləri olaraq Qazaxda əldə etdikləri məlumatlar əsasında maraqlı məqalələr hazırlayaraq geniş oxucu kütləsinə çatdıracaqlarını vurğulayıblar. 


Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək Qazaxda səfərdə olan düşərgə iştirakçılarını salamlayıb, onların ünvanına səmimi ürək sözlərini səsləndirib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşkil etdiyi gənclər düşərgəsinin əhəmiyyətindən söz açan natiq buna görə nazirliyin əməkdaşlarına və əməyi, əziyyəti olan insanlara minnətdarlıq edib. Düşərgənin Qazax rayonunda yüksək səviyyədə təşkil olunmasında, rayonun gəzməli, görməli yerlərinə ekskursiyanın təşkil edilməsində göstərdiyi dəstəyə və gənclərə olan səmimi münasibətə, xüsusilə də gənclərlə olan bugünkü görüşə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. 

Səmimi söhbət əsasında keçən görüşdə icra başçısı gənclərin fikirlərini, təkliflərini, ürək sözlərini dinləyib, suallarını cavablandırıb. 

Gənclər özləri, eləcə də təmsil etdikləri bölgələr, təhsil aldıqları Universitetlər haqqında məlumat verərək bugünkü görüşün yaddaşlarına ən ülvi duyğularla yazıldığını bildiriblər. Təşkil olunmuş düşərgə, Qazax rayonu barədə təəssüratlarını bölüşən gənclər onlara göstərilən qonaqpərvərliyə, rayonla yaxından tanış olmaq üçün təşkil edilən ekskursiyaya və bu gün vaxt tapıb onlarla görüşə gəldiyinə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gənclər olaraq bu qayğını bütün sahələrdə hiss etdiklərini söyləyiblər. Düşərgənin onların həyatında dərin izlər buraxdığını, onlara yeni dostlar qazandırdığını, yaradıcı gənclər olaraq bilik və bacarıqlarının artmasında böyük töhfə olduğunu vurğulayıblar. Onlara yaradılan bu gözəl imkana görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Gənclər və İdman naziri Fərid Qayıbova, nazirliyin əməkdaşlarına, “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun rəhbərliyinə, düşərgənin təşkilində əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər. Düşərgənin yüksək səviyyədə təşkil edilməsində onlara yaradılan şəraitə görə Qazax Olimpiya İdman Kompleksinin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənclərlə olan görüşə yekun vuraraq bir daha gənclərin ünvanına xoş sözlərini çatdırıb, Azərbaycanın adına layiq gənclər olaraq bütün dünyada ölkəmizi layiqincə təmsil etmələrini tövsiyə edib, bu yolda onlara uğurlar arzulayıb. Sonda gənclərlə xatirə şəkilləri çəkdirib.

Düşərgə iştirakçıları üçün konsert proqramı təşkil edilib. Gənc Aşıq Samir Cəlaloğlu bir-birindən maraqlı mahnı töhfələri ilə iştirakçılara xoş anlar bəxş edib.




Facebook-da paylaş