Qazaxda narkomaniya ilə mübarizə və erkən nikah hallarının qarşısının alınması ilə əlaqədar tədbir keçirilib
Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları” mövzularında silsilə maarifləndirmə tədbirləri keçirilir.
Mayın 27-də qeyd edilən mövzular ətrafında növbəti maarifləndirici tədbir Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbdə VIII, IX, X, XI siniflərdə təhsil alan şagirdlərin valideynlərinin iştirakı ilə keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd ağsaqqalları, ziyalılar iştirak edibər.
“Narkomaniya ilə mübarizə, erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” mövzusunda təşkil edilmiş tədbirin əsas məqsədi erkən nikahların yaratdığı mənfi təsirləri önə çıxararaq, cəmiyyətin bütün təbəqələrində həmin məsələyə dair məlumatlılığı artırmaq, aidiyyəti qurumlar arasında vahid və düzgün yanaşma formalaşdırmaq, eləcə də maarifləndirmə tədbirlərinin bu problemin qarşısının alınmasında vacib olduğunu vurğulamaqdan ibarət olub. Həmçinin valideynlərə narkomaniyanın fəsadları, onunla mübarizə yolları, psixoaktiv maddələrin fiziki və psixoloji təsirləri, narkotik vasitələrdən istifadənin risk amilləri, asılılığın yaranma mərhələləri, eləcə də antinarkotik təbliğatın cəmiyyətin sağlam inkişafı baxımından əhəmiyyəti barədə ətraflı məlumat verilib, övladlarını cəmiyyətin bu ağır bəlasından uzaq tutmaları, bu sahədə mübarizə tədbirlərində yaxından iştirak etmələri, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmələri, bu sahədə görülmüş işlərə dəstək olmaları tövsiyə edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb. İcra başçısı görüşdə erkən nikahın törətdiyi fəsadlardan söz açaraq bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində müəllimlərlə yanaşı, valideynlərin üzərinə böyük yük düşdüyünü, ümumiyyətlə, bu işdə hər kəsin məsuliyyət daşıdığını bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb. Rayon rəhbəri valideynlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.
Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək narkomaniyanın və erkən nikahın törətdiyi fəsadlardan söz açıb, bu sahədə dövlət tərəfindən aparılan mübarizə tədbirlərindən danışıblar. Çıxış edən natiqlər rayonda bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsədin şagirdlərlə yanaşı, valideynləri də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər, valideynlər arasında təbliğat aparmaqdır. Həmçinin valideynlərə övladlarını belə neqativ meyillərdən çəkindirmək, onların təhsilə, elmə, idmana olan marağını artırmaq üçün hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən mübarizə tədbirlərində yaxından iştirak etmələrini, dəstək olmalarını diqqətə çatdırmaqdır. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiqlər mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyiblər. Prezident İlham Əliyevin imzaladığı 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd ediblər. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyiblər.
Çıxış edən hüquq-mühafizə orqanlarının rəhbərləri erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadları, erkən nikaha daxil olma kimi neqativ halların ağır nəticələrini, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasını diqqətə çatdırıblar.
Çıxış edən məktəb rəhbərliyi, kənd ağsaqqalları erkən nikah, narkomaniya və zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq tədbirin təşkilatçılarına, bu sahəni daim diqqətdə saxlayan rayon rəhbərliyinə minnətdarlıq ediblər. Erkən nikah, narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıblar. Erkən nikah və narkomaniya ilə mübarizənin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıblar.
Facebook-da paylaş