• Təqvim

  • Maraq



Qazaxda icra başçısı səhiyyə sahəsində vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri vətəndaşlara göstərilən xidmət sahələridir. Təqdirəlayiq haldır ki, bu diqqət və qayğı bütün sahələri əhatə edir. Rayon rəhbərliyi istər səhiyyə, istər təhsil, istər mədəniyyət, istərsə də digər xidmət sahələrində vətəndaşlara göstərilən qayğını daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin səhiyyə sahəsinə olan diqqətinin bariz nümunəsi isə mütəmadi olaraq səhiyyə ocaqlarında olmasıdır. 

Mayın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə və “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Müalicə Diaqnostika Mərkəzində olub. Rayon rəhbəri xəstəxanada və mərkəzdə müalicə alan xəstələrə, eləcə də vətəndaşlara göstərilən xidmətlərlə, dərman təchizatı və yaradılan nizam-intizamla tanış olub. Palataları gəzərək müalicə alan xəstələrə baş çəkən icra başçısı onların qayğılarını dinləyib, göstərilən xidmətlərlə maraqlanıb. 

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov öncə səhiyyə sahəsinə göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə xəstəxananın kollektivi adından təşəkkür edib. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü ziyarəti onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib. Bu gün vətəndaşların xidmətində durmaları üçün yüksək səviyyəli xəstəxanada yaradılan şəraitə görə dövlətimizə, ölkə başçısına minnətdar olduqlarını qeyd edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib. A.Fərruxov gələcəkdə qarşıda duran vəzifələr və görülməsi nəzərdə tutulan işlər, xəstəxanada olan yeniliklər, yeni avadanlıqların gətirilməsi, xəstəxanaya gənc kadrların, həkimlərin cəlb olunması istiqamətində görülən işlər, əhaliyə göstərilən tibbi xidmətlər və bir sıra məsələlər barədə məlumat verib.

Baş həkim bu gün 1124 nəfər səhiyyə işçisinin sakinlərin xidmətində dayandıqlarını qeyd edərək 160 nəfərin həkimlərimiz olduğunu vurğulayıb. Xəstəxanaya 4 nəfər gənc cərrahın cəlb olunduğunu qeyd edən baş həkim bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Gün ərzində xəstəxanaya Qazax rayonu ilə yanaşı, ətraf rayonlardan də iki minə yaxın vətəndaşın müraciət etdiyini diqqətə çatdırıb.

Rayon rəhbərliyi xəstəxanada müalicə alan hər bir xəstəyə, müraciət edən hər bir vətəndaşa həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu qeyd edib və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsə baxış

“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Müalicə Diaqnostika Mərkəzinə baxış



Facebook-da paylaş