Epizootoloji maarifləndirmə tədbirləri görülür
Respublika mətbuatı Qazax haqqında
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz Regional bölməsinin inzibati ərazisində yerləşən təsərrüfatlarda monitorinqlər keçirilir.
Monitorinq çərçivəsində iribuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator müayinələr aparılır, habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülür və epizootoloji məlumatlar toplanaraq təhlil edilir. Monitorinqlər zamanı Qazax rayonu ərazisində yerləşən heyvandarlıq (fərdi və fermer) təsərrüfatlarında olan südlük istiqamətli iribuynuzlu heyvanlardan Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları tərəfindən diaqnostik qan nümunələri götürülmüş və müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuşdur.
Laboratoriyanın nəticələrinə əsasən Qazax rayonunun Aşağı Salahlı, Daş Salahlı, Aslanbəyli və Orta Salahlı kəndlərində aparılan monitorinq zamanı iribuynuzlu heyvanlardan götürülmüş qan nümunələrində brusellyoz xəstəliyi aşkar edilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”na uyğun olaraq aidiyyəti məlumatlar epizootiya əleyhinə fövqəladə komissiyaya təqdim olunur.
Qazax Rayon İcra Hakimiyyətində təsərrüfatlarda brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirlərinə həsr olunmuş iclas keçirilib.
Tədbirdə Qazax RİH başçısının Aşağı Salahlı, Orta Salahlı, Aslanbəyli, Daş Salahlı kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Bələdiyyə sədrləri, təsərrüfatlarında brusellyoz xəstəliyi aşkar olunmuş kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edilən məsələ ilə bağlı mövcud vəziyyəti öyrənərək məsələnin həlli istiqamətində aidiyyəti nümayəndələrə müvafiq tapşırıqlar verib.
Tədbirdə iştirak edən aidiyyəti qurumların nümayəndələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə keçirilən seroloji monitorinqlər, mübarizə tədbirləri, peyvəndlənmə işləri barədə ətraflı məlumat veriblər.
Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
18 aprel 2025-ci il
Facebook-da paylaş