• Təqvim

  • Maraq



Qazaxda arpa biçininə start verilib


Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm yer tutur. Çünki taxılçılıq həm əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəyir, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində böyük rol oynayır. Məhz bu səbəbdən taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə kənd təsərrüfatında böyük çəkiyə malik olan taxılçılığın inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə gətirib çıxarır.

Ölkə başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazax rayonunda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.

2024-cü ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla, Qazax rayonunda 11445 hektar sahədə taxıl əkilib ki, bunun da 4507 hektarı buğda, 6938 hektarı arpa sahəsidir.

Qazax rayonunda artıq arpa biçininə start verilib. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə yetişən məhsul biçilir. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. 

Hazırda rayonun Orta Salahlı və Yuxarı Salahlı kəndlərində dəmyə sahəsində əkilmiş arpa biçininə başlanılıb. 

Bu günə kimi 6938 hektar arpa sahəsinin 63 hektarında biçin aparılıb. Sahələrdən yüksək məhsul toplanır. Biçinlə əlaqədar sahələrə 3 ədəd kombayn cəlb edilib. Qalan sahələrdə biçin işləri sürətlə davam etdirilir.




Facebook-da paylaş