• Təqvim

  • Unutma

  • Maraq



Qazax rayonunda bərpa olunmuş kəhriz və içməli su bölgüsü infrastrukturu bərpa edilərək yerli icmaya təhvil verilib


Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BmqT Azərbaycan) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Qazax rayonunun Çaylı kəndi ərazisində "Çaylı” kəhrizini və içməli su bölgüsü infrastrukturunu bərpa edərək yerli icmanın istifadəsinə verib.

Məlumat üçün bildirək ki, qeyd edilən layihə çərçivəsində "Çaylı” kəhrizində bərpa işlərinə 15.10.2021-ci il tarixdə başlanılıb, 01.05.2022-ci il tarixdə başa çatdırılıb. "Çaylı” kəhrizinin bərpası Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Qazax rayonunun Çaylı kəndində yaradılmış "Çaylı” Sudan İstifadə Edənlər Komitəsi (SİEK) tərəfindən imzalanmış müqavilə və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ilə 4 nömrəli Kəhriz Bərpa Qrupu arasında imzalanmış müqavilə əsasında həyata keçirilib.

Ümumi uzunluğu 2877 metr, quyuların sayı 46 ədəd olan "Çaylı” kəhrizində Kəhriz Bərpa Qrupu tərəfindən 17 ədəd quyuda və 837,3 metr uzunluğunda tunellərdə bərpa işləri aparılıb. Bərpadan sonrakı su sərfi 125 litr/saniyə (bərpadan əvvəlki su sərfi isə 10 litr/saniyə) olub.


İyunun 20-də "Çaylı” kəhrizinin təhvilvermə mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda Missiya rəhbəri Vladimir Gjorgjiev, baş mühəndis Arzu Musayev və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Elnarə Qafarova, RİH başçısının Çaylı kənd İƏD-si üzrə nümayəndəsi Mehman Eyvazov, Çaylı bələdiyyəsinin sədri Müqabil Pirverdiyev, "Çaylı”  Sudan İstifadə Edənlər Komitəsinin üzvləri  və digər kənd sakinləri iştirak ediblər.

Onu da qeyd edək ki, layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə region əhalisini təhlükəsiz və davamlı su ilə təminatı məqsədini daşıyır. Bununla yanaşı, məqsəd Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.

 

GOYEZEN.AZ



Facebook-da paylaş