Qazaxda barama tədarükü davam edir
Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində də məqsədyönlü işlər həyata keçirilir. Ölkə Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahənin inkişafında mühüm rol oynayır. Sözügedən Dövlət Proqramından irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu il artıq onuncu ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Mayın 5-dən rayonda qazaxlı kümçülər tərəfindən barama istehsalı mövsümünə start verilib. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 30 qutu ipəkqurdu toxumu gətirilərək qazaxlı kümçülərə paylanılıb. Cari ilin barama mövsümü üçün rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülər tərəfindən 1200 kq yaş baramanın istehsalı nəzərdə tutulub. Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər iyunun 10-dan artıq barama tədarükünə başlayıblar. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülər tərəfindən bu gün 481,5 kiloqram, ümumilikdə isə bu günə kimi 680,6 kiloqram barama məhsulu "Azəripək” MMC-yə təhvil verilib. Mərkəzdə kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.
Facebook-da paylaş