Qazaxda “Əsrin soyqırımı - Xocalı” mövzusunda tədbir keçirilib
Fevralın 25-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Əsrin soyqırımı - Xocalı” mövzusunda tədbir keçirilib.
Qazax Olimpiya İdman Kompleksinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, gənclər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı soyqırımını əks etdirən “Böyüməyən uşaqlar” filmi nümayiş etdirilib.
Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Ə.Məsmalıyev Azərbaycan dövlətinin Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş apardığını bildirib. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyətinin yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandığını qeyd edib. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini söyləyib. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sının saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildiyini qeyd edib. Natiq çıxışı zamanı Prezident İlham Əliyevin Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini söyləyib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atıldığını diqqətə çatdırıb. Ə.Məsmalıyev bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, ürək sözlərini çatdırıb. C.Rüstəmov xalqımızın 33 ildir ki, bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıdığını söyləyib. Bildirib ki, bu gün Vətən yolunda canlarından keçən şəhidlərimizin, eləcə də Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı şəhidlərinin qisası alınıb, onların qanı yerdə qalmayıb. C.Rüstəmov Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bütün şəhər və rayonlarımız kimi, doğma Xocalının da yenidən qurulduğunu vurğulayıb.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin tarix müəllimi Asya Alhüseynova, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova mövzu ətrafında çıxış ediblər. Çıxış edənlər Qafqazda 1918-ci ilə qədər erməni dövlətinin mövcud olmadığını, Ermənilərin Qafqaza gəldikdən sonra azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırım aktlarını törətdiklərini bildirərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun şücayəti sayəsində bu gün Xocalının azad olunduğunu qeyd ediblər.
Facebook-da paylaş