• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında təhsil alan birinci kurs tələbələri rayonun görməli yerlərinə ekskursiya ediblər


Ötən yazımızda qeyd etdiyimiz kimi, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri bu dəfə də nümunəvi təşəbbüsləri ilə seçiliblər. Gənclər Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü əsasında Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alan birinci kurs tələbələrinin rayonun gəzməli, görməli yerləri, tarixi əhəmiyyətli muzey və qoruqları ilə tanış olmalarında onlara bələdçilik ediblər.  

Dekabrın 13-də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanovun, Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura gənclərinin qatıldığı bugünkü ekskursiyada filialın Məktəbəqədər təhsil və Fizika müəllimliyi ixtisasında təhsil alan tələbələr iştirak ediblər. 

Ekskursiya zamanı gənclər şəhərin mərkəzində yerləşən Qazax Tarix-Diyarşünaslıq Muzeyində, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində, Qazax Rayon Heydər Əliyev Mərkəzində, Yuxarı Salahlı kəndində yerləşən Xalq şairi Səməd Vurğunun Poeziya Evində, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında olublar.

Gənclər ilk növbədə Qazax Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Muzeylə tanışlıq gənclərin böyük marağına səbəb olub. Bildirilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan gənclərə "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi diqqətə çatdırılıb.

M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinə ekskursiya edən tələbələrə bildirilib ki, Qazax M.P.Vaqif Xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Binanın ümumi sahəsi 175 kvadratmetrdir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir. Eksponatların sayı hazırda 1243-dür. Muzeydə M.P.Vaqifin əlyazması, Vaqif şeirlərinə çəkilmiş illustrasiyalar, Vaqif tədqiqatçılarının fotoları, “Vaqif“ dramını səhnələşdirmiş aktyorların fotoları, XVIII əsrə aid geyim və məişət əşyaları nümayiş olunur.


Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq gənclərin marağına səbəb olub. Bildirilib ki, 2008-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Qazax şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Original formalı geniş binada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən böyük ekspozisiya salonu vardır. Ümummilli Liderin Qazax rayonuna səfərlərini, ictimaiyyətlə görüşlərini, həyat və fəaliyyətini özündə əks etdirən fotoşəkillər böyük maraq doğurur. Mərkəzdə dünyada çox az sayda ölkədə olan, yalnız əlin toxunması ilə idarə edilən UbiqWindow sistemi qurulmuşdur. Bu qurğunun köməyi ilə fotoşəkillər, video görüntülər və mətnlər vasitəsilə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür. Mərkəzdə Qafqazda yeganə olan planetari qurulmuşdur. Onun yerləşdiyi salon kürə formalıdır. Salonun tam 180 dərəcə səthi ekran rolunu oynayır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, günəş sistemi, planetlər və s. göstərilir. Qeyd olunub ki, ölkə rəhbərinin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Dahi şəxsiyyətə həsr olunmuş bir ildə respubikamızın hər yeridə olduğu kimi, Qazax rayonunda, o cümlədən də adını daşıyan mərkəzdə silsilə tədbirlər keçirilir.

Yuxarı Salahlı kəndində yerləşən Xalq şairi Səməd Vurğunun Poeziya Evinə baxış zamanı tələbələrə məlumat verilib ki, Ulu Öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib. Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Respublika Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunub. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə edib. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Ulu Öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib. Qeyd olunub ki, bir neçə il öncə rayon rəhbərliyi tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb.


Sonra gənclər "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq gənclərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Bundan əlavə, gənclərə bildirilib ki, 2015-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu, Yaponiyanın Tokio Muzey Universiteti arasında imzalanmış 3 tərəfli beynəlxalq Memoranduma əsasən hər il filialda qazıntı işləri aparılıb. 

Filialın Məktəbəqədər təhsil və Fizika müəllimliyi ixtisasında təhsil alan tələbələr yekunda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bu cür nümunəvi təşəbbüsünə görə öz təşəkkürlərini bildiriblər. Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvlərindən onların səmimi ürək sözlərini və təşəkkürlərini rayon rəhbərinə çatdırmağı xahiş ediblər. Gənclər ekskursiya etdikləri məkanlardan xoş təəssüratla ayrılıblar.

GOYEZEN.AZ



Facebook-da paylaş