• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında təhsil alan birinci kurs tələbələri rayonun görməli yerlərinə ekskursiya ediblər


Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri hər zaman nümunəvi təşəbbüsləri ilə seçilirlər. Gənclər bu dəfə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü əsasında Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alan birinci kurs tələbələrinin rayonun gəzməli, görməli yerləri, tarixi əhəmiyyətli muzey və qoruqları ilə tanış olmalarına vəsilə olublar. 

Dekabrın 11-də baş tutan ekskursiyada filialın Riyaziyyat müəllimliyi, Riyaziyyat-informatika və Kimya-biologiya ixtisasında təhsil alan tələbələr iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvlərinin də qatıldığı ekskursiyada gənclər şəhərin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində, Qazax Rayon Heydər Əliyev Mərkəzində, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən və Damcılı filiallarında olublar.

Gənclər ilk növbədə tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyinə ekskursiya ediblər.  Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialında ədəbi məsləhətçi Mustafa Rasimoğlu gənclərə muzey haqqında ətraflı məlumat verib. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeydə şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatların əks olunduğu qeyd edilib. Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyinin ölkə başçısının müvafiq Sərəncamı ilə inşa edildiyi, 5 iyul 2013-cü ildə istifadəyə verildiyi və açılışında Respublika Prezidenti İlham Əliyevin iştirak etdiyi vurğulanıb. Qeyd olunub ki, Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.


Tələbələrin üz tutduğu növbəti ünvan Qazax Tarix-Diyarşünaslıq Muzeyi olub. Muzeylə tanışlıq gənclərin böyük marağına səbəb olub. Bildirilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan gənclərə "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi diqqətə çatdırılıb.

M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinə ekskursiya edən tələbələrə bildirilib ki, Qazax M.P.Vaqif Xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Binanın ümumi sahəsi 175 kvadratmetrdir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir. Eksponatların sayı hazırda 1243-dür. Muzeydə M.P.Vaqifin əlyazması, Vaqif şeirlərinə çəkilmiş illustrasiyalar, Vaqif tədqiqatçılarının fotoları, “Vaqif“ dramını səhnələşdirmiş aktyorların fotoları, XVIII əsrə aid geyim və məişət əşyaları nümayiş olunur.


Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq gənclərin marağına səbəb olub. Bildirilib ki, 2008-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Qazax şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Original formalı geniş binada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən böyük ekspozisiya salonu vardır. Ümummilli Liderin Qazax rayonuna səfərlərini, ictimaiyyətlə görüşlərini, həyat və fəaliyyətini özündə əks etdirən fotoşəkillər böyük maraq doğurur. Mərkəzdə dünyada çox az sayda ölkədə olan, yalnız əlin toxunması ilə idarə edilən UbiqWindow sistemi qurulmuşdur. Bu qurğunun köməyi ilə fotoşəkillər, video görüntülər və mətnlər vasitəsilə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür. Mərkəzdə Qafqazda yeganə olan planetari qurulmuşdur. Onun yerləşdiyi salon kürə formalıdır. Salonun tam 180 dərəcə səthi ekran rolunu oynayır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, günəş sistemi, planetlər və s. göstərilir. Qeyd olunub ki, ölkə rəhbərinin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Dahi şəxsiyyətə həsr olunmuş bir ildə respubikamızın hər yeridə olduğu kimi, Qazax rayonunda, o cümlədən də adını daşıyan mərkəzdə silsilə tədbirlər keçirilir.


"Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialında olan gənclər buradan xoş təəssüratla ayrılıblar. Gənclərə Göyəzən dağı haqqında geniş məlumat verilərək bildirilib ki, Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağdır. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Zirvəsi nisbətən düzən olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir. Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Göyəzən dağının adı IX əsrə aid gürcü mənbəyində Kavazin şəklində qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kava (qaya, sıldırım) və sın/sin (dağ beli) komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Tovuz rayonunun Bala Şamlıq kəndində də şiş bir qaya Göyəzən adlanır. Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər və yozmalar da var.


Sonra gənclər "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq gənclərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Bundan əlavə, gənclərə bildirilib ki, 2015-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu, Yaponiyanın Tokio Muzey Universiteti arasında imzalanmış 3 tərəfli beynəlxalq Memoranduma əsasən hər il filialda qazıntı işləri aparılıb. 


Filialın Riyaziyyat müəllimliyi, Riyaziyyat-informatika və Kimya-biologiya ixtisasında təhsil alan tələbələr yekunda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bu cür nümunəvi təşəbbüsünə görə öz təşəkkürlərini bildiriblər. Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvlərindən onların səmimi ürək sözlərini və təşəkkürlərini rayon rəhbərinə çatdırmağı xahiş ediblər

GOYEZEN.AZ



Facebook-da paylaş