• Təqvim

  • Maraq



Gənclərlə keçirilən görüşlərə yekun vurulub


Artıq bir neçə gündür ki, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri tərəfindən Qazax rayonunun şəhər və kəndlərində yaşayan gənclərlə görüşlər keçirilməsi barədə məlumat vermişdik. Görüşlərin keçirilməsinin əsas məqsədi isə gənclərin problemlərini öyrənmək və aradan qaldırmaq, arzu və istəklərini dinləmək, həlli istiqamətində lazımi addımlar ataraq dövlətin gənclərə olan qayğısını çatdırmaq idi. Noyabrın 22-də növbəti görüşlər Qazax şəhərində, İkinci Şıxlı, Ağköynək və Qarapapaq kəndlərində yaşayan gənclərlə keçirilərək görüşlərə yekun vurulub.   

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanovun, Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura gənclərinin iştirak etdiyi bugünkü görüşlərdə də gənclərin arzu və istəkləri, onları maraqlandıran məsələlər öyrənilib.

Bugünkü görüşlərdə ümumilikdə 153 nəfər gənc iştirak edib. Qazax şəhəri üzrə 3, İkinci Şıxlı kəndi üzrə 6, Ağköynək-Qarapapaq kəndləri üzrə 11 təklif olmaqla, ümumilikdə 20 təklif dinlənilib.

Görüşlərdə diqqətə çatdırılıb ki, müstəqil Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Lider Heydər Əliyevin qoyduğu gənclər siyasəti dahi şəxsiyyətin layiqli davamçıları Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir. Ən əsası da dövlətin gələcəyimiz olan gənclərlə bağlı yürütdüyü uğurlu dövlət siyasətinin Qazax rayonunda da örnək götürüldüyü qeyd edilib. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqətdə saxladığı, rayonda bilikli, savadlı, dövlətə, dövlətçiliyə sadiq, cəmiyyətdə öz mövqeyi olan gənclər ordusunun yetişdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyü, mütəmadi olaraq gənclərlə görüşlər keçirildiyi vurğulanıb. Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının təşəbbüsü ilə keçirilən bu cür görüşlərin də bu məqsədə xidmət etdiyi bildirilib.

Görüşlərdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşləri dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndiriblər.

Məlumat üçün onu da qeyd edək ki, 17-19-20-21 noyabr tarixlərində keçirilən görüşlərdə ümumilikdə 708 nəfər gənc və yeniyetmə iştirak edib. Birinci Şıxlı kəndi üzrə 3, Kəmərli kəndi üzrə 5, Qaymaqlı kəndi üzrə 7, Aslanbəyli kəndi üzrə 1, Yuxarı Salahlı kəndi üzrə 15, Aşağı Salahlı kəndi üzrə 4, Orta Salahlı - Qazaxbəyli kəndləri üzrə 5, Daş Salahlı kəndi üzrə 3, Çaylı - Bala Çaylı kəndləri üzrə 4, Ürkməzli - Dəmirçilər kəndləri üzrə 7,  Quşçu Ayrım kəndi üzrə 6, Fərəhli kəndi üzrə 2, Alpout - Abbasbəyli kəndləri üzrə 6, Kosalar kəndi üzrə 9, Canalı kəndi üzrə 3, Hüseynbəyli kəndi üzrə 4, Xanlıqlar kəndi üzrə 4, Cəfərli və Bala Cəfərli kəndləri üzrə 12 təklif olmaqla, ümumilikdə 100 təklif irəli sürülmüşdür.

Qazax şəhərində keçirilən görüş


İkinci Şıxlı kəndində keçirilən görüş

Ağköynək və Qarapapaq kəndlərində keçirilən görüş



Facebook-da paylaş