• Təqvim

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidi çavuş Elməddin Pənahovun doğum günündə məzarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Sentyabrın 7-si Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi çavuş Pənahov Elməddin Məqsəd oğlunun cənnətdəki növbəti doğum günüdür.

Yaşasaydı bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Elməddin Pənahovun 39 yaşı tamam olacaqdı... 

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidimizin doğum günündə igid Vətən oğlunun Ürkməzli kənd qəbiristanlığında olan məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla anıblar.

Şəhid Elməddin Pənahov 7 sentyabr 1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1991-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1999-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2001-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2003-cü ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Nümunəvi xidmətinə görə hərbi hissə rəhbərliyinin diqqətini cəlb etmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuş, fəxri fərmanlar almışdır.


“N” saylı hərbi hissənin tuşlayıcısı MAHHXHQ çavuş Elməddin Pənahov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn olunmuşdur. Ailəliydi. İlkin və Ömər adlı 2 azyaşlı oğul övladı yadigar qalıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Elməddin Pənahovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid çavuş Elməddin Pənahov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 


GOYEZEN.AZ



Facebook-da paylaş