• Təqvim

  • Maraq



Qazaxlı gənclər “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi baş çavuş İsmayıl Qəsəbovun məzarını ziyarət ediblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Şuşa, sən azadsan" tədbirlər silsiləsi davam edir. 

Fəaliyyət çərçivəsində gənclər bu dəfə Şuşa fatehi, “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun məzarını ziyarət ediblər.

Gənclər məzarın üzərinə gül dəstələri qoyub, şəhidin ruhuna ehtiramlarını bildiriblər.


Qeyd edək ki, şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə qəbul olmuş və orada xidmət etmişdir. Sonra xidmətini “N” saylı hərbi hissədə davam etdirmişdir. DİN-nin DQ-nın “N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov 07.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci il tarixdə doğulub boya-başa çatdığı Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar qalıb. 


Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. 

GOYEZEN.AZ



Facebook-da paylaş