• Təqvim

  • Maraq



Qazaxda səfərdə olan "Yaradıcı gənclər düşərgəsi"nin iştirakçıları rayonun görməli yerlərinə ekskursiya ediblər


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qazax rayonunda növbəti dəfə təşkil etdiyi "Yaradıcı gənclər düşərgəsi" davam edir. 

Avqustun 12-dən Qazax Olimpiya İdman Kompleksində başlayan "Yaradıcı gənclər düşərgəsi"ndə respublikamızın 39 şəhər və rayonundan 15-25 yaş arası 65 nəfər gənc iştirak edir. 

17 avqust tarixinə kimi davam edən “Yaradıcı gənclər düşərgəsi”nin iştirakçıları Qazax rayonunun gəzməli-görməli yerləri ilə tanış olub, rayon haqqında dolğun məlumatlar əldə ediblər. 

Avqustun 15-də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Sərdar Orucovun, Gülnar Quluyevanın, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun baş məsləhətçisi Ülviyyə Zeynalovanın, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevin iştirakı ilə "Yaradıcı gənclər düşərgəsi" iştirakçılarının Qazax rayonunun gəzməli-görməli yerlərinə ekskursiyası təşkil olunub. 

44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksində, Qazax Rayon Heydər Əliyev Mərkəzində, Ədəbiyyat Muzeyində, Fəxri Qazaxlılar parkında, Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkda, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Qazax Dövlət Rəsm Qalereyasında olan düşərgə iştirakçılarına dolğun, əhatəli məlumatlar verilib.

 

Gənclər öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət ediblər. Gənclərə bildirilib ki, Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi ötən il 27 sentyabr – Anım Günündə istifadəyə verilib. 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə yaradılıb. Qeyd edilib ki, Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər torpaqlarımızın azadlığı uğrunda canından keçib. Qazax rayonu mənfur düşmənin apardığı müharibə nəticəsində bu günə kimi 339 nəfər şəhid verib. Şəhidlərdən 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb.


Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq gənclərin marağına səbəb olub. Mərkəzin direktoru Ceyhunə Hüseynova bildirib ki, 2008-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Qazax şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Original formalı geniş binada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən böyük ekspozisiya salonu vardır. Ümummilli Liderin Qazax rayonuna səfərlərini, ictimaiyyətlə görüşlərini, həyat və fəaliyyətini özündə əks etdirən fotoşəkillər böyük maraq doğurur. Mərkəzdə dünyada çox az sayda ölkədə olan, yalnız əlin toxunması ilə idarə edilən UbiqWindow sistemi qurulmuşdur. Bu qurğunun köməyi ilə fotoşəkillər, video görüntülər və mətnlər vasitəsilə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür. Mərkəzdə Qafqazda yeganə olan planetari qurulmuşdur. Onun yerləşdiyi salon kürə formalıdır. Salonun tam 180 dərəcə səthi ekran rolunu oynayır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, günəş sistemi, planetlər və s. göstərilir.


Gənclərin ziyarət etdiyi növbəti ünvan tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə tanış olan gənclər burada şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatlar əldə ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzey haqqında məlumat verərək bildirib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.


Gənclər Fəxri Qazaxlılar parkında da olublar. Burada gənclərə büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun, ətraflı məlumatlar verilib. 

Gənclər ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində tarixi binası əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyası, yerli əhəmiyyətli memarlıq abidəsi olan “İsrafil Ağanın hamamı”, bu günlərdə kümbəzi əsaslı təmir olunan Qazax "Cümə” məscidi ilə də tanış olublar. Hər üç tarixi bina və burada aparılan abadlıq işləri barədə gənclərə geniş məlumat verilib. 


Gənclərin ekskursiya etdiyi növbəti ünvan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının adını daşıyan park olub. Bildirilib ki, xalqımızın qəlbində əbədi yaşayan İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. 1995-ci ilin 26 iyulunda gözlərini əbədi yumub. Koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustasının xatirəsi hər zaman əziz tutulur. “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamı ilə Xalq yazıçısının 100 illiyi respublika səviyyəsində təntənə ilə qeyd olunub. 2007-ci ilin 30 mayında ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən, Qazax şəhərinin mərkəzində yerləşən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan park bu il rayon rəhbərliyi tərəfindən əsaslı şəkildə yenidən qurularaq iyulun 7-də rayon sakinlərinin istifadəsinə verilib.


Qazaxda qonaq olan gənclər Qazax Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkiblər. Muzeylə tanışlıq gənclərin böyük marağına səbəb olub. Bildirilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan qonaqlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.


Sonra gənclər 30 ildən artıqdır ki, fəaliyyət göstərən və bu gün də hər kəsin sevimli məkanına çevrilən Qazax Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər. Burada nümayiş olunan Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, miniatürləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin foto-şəkilləri gənclər tərəfindən böyük maraqla qarşılanıb. Gənclərə vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə bağlı ayrıca məlumatlar verilib. Qalereyanı ekskursiya edən gənclər dərnək üzvlərinin əl işləri və rəsmləri ilə yaxından tanış olublar. 

Rayonumuzda ilk dəfə qonaq olan gənclər onlara göstərilən qonaqpərvərlikdən razılıq edərək rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib və Qazaxdan xoş təəssüratlarla ayrılacaqlarını qeyd ediblər.

44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət

Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq

 

Ədəbiyyat Muzeyi ilə tanışlıq

 

Fəxri Qazaxlılar parkı ilə tanışlıq

Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkla tanışlıq

Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq

Qazax Dövlət Rəsm Qalereyası ilə tanışlıq

GOYEZEN.AZ



Facebook-da paylaş