“Tarix yazan şəxsiyyət - Heydər Əliyev" adlı dəyirmi masa keçirilib
İyunun 14-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə "Tarix yazan şəxsiyyət - Heydər Əliyev" adlı dəyirmi masa keçirilib.
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.
Qazax Gənclər Evində davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin direktoru Vüsal Hüseynov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu vurğulayıb. Möhtərəm Prezident İlham Əliyevin Ulu Öndər siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrildiyini bildirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin də bu uğurların məntiqi nəticəsi olduğunu qeyd edib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək Vətənin dar günündə ictimaiyyətin, ziyalıların xahişi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi fəaliyyətindən, onun hakimiyyətə qayıdışının dövlətimizin xilası üçün müstəsna əhəmiyyətindən danışıb. Bu gün Azərbaycanın regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Bu gün Ulu Öndərin sağlam təməllər üzərində qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Bugünkü Azərbaycan Respublikasının Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, demokratik və ərazi bütövlüyü təmin olunmuş Azərbaycan olduğunu diqqətə çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş