• Təqvim

  • Maraq



Qazaxda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı rəsm müsabiqəsi keçirilib


Yanvarın 18-də Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olnmuş "Şəhidlik zirvəsi” başlığı altında rəsm müsabiqəsi keçirilib.

Yeniyetmə və gənc rəssamlar arasında keçirilən müsabiqədə ümumilikdə 26 nəfər iştirak edib.

Müsabiqə iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, müsabiqənin əhəmiyyətindən danışıb. 20 Yanvar faciəsini Azərbaycan xalqının milli iradəsinin əyilməzliyinin rəmzi kimi qiymətləndirən M.Xəlilova qan yaddaşımız olan faciənin unudulmaması üçün bu cür müsabiqələrin keçirilməsinin böyük rolu olduğunu qeyd edib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. V.Nəbiyev vurğulayıb ki, faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza böyük dayaq və təsəlli olmaqla onun mübarizə əzmini daha da yüksəltdi. Ulu Öndərimiz bu hadisələrin hüquqa, demokratiyaya qarşı yönəldiyini, humanizm prinsiplərinə zidd olduğunu bildirdi, haqq səsimizi bütün dünyaya çatdırmaqla, yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandırdı. Ulu Öndər Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra məhz onun təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov mövzu ətrafında geniş çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, 20 Yanvar faciəsini törətməklə Sovet rəhbərliyi Azərbaycan xalqının iradəsini və qürurunu sındırmaq istəyirdi, lakin buna nail ola bilmədi.

Sonda müsabiqədə iştirak etmiş yeniyetmə və gənc rəssamların 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm əsərlərinə baxış keçirilərək qaliblər müəyyən edilib.

Müsabiqədə gənc rəssamlardan Ema Carçılı I yerə, Eşqin Quliyev, Ruhin Xasməmmədov II yerə, Sevgi İbrahimli, Anar Bənnayev, Aida Nəsibli III yerlərə layiq görülüblər.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin qiymətli hədiyyələri və Diplomları ilə təltif ediliblər. 10 nəfər gənc rəssama isə fəal iştirakına görə həvəsləndirici Diplomlar təqdim olunub.








GOYEZEN.AZ



Facebook-da paylaş