• Təqvim

  • Maraq



Qazaxda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş vebinar keçirilib


Martın 31-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş vebinar keçirilib.
Ümumilikdə 100 nəfərin iştirak etdiyi vebinarda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, 103 il əvvəl xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın olan mart soyqırımı unudulması mümkün olmayan Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Bildirib ki, bütün faciələrə olduğu kimi, bu qanlı faicəyə də Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilmiş və Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlamışdır.

Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.

Daha sonra mövzu ətrafında Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və   Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Kollecin müəllimi Esmira Şıxməmmədova, tələbələrdən Tutu Qocayeva, Ruhəngiz Yusifova, Vüsalə Pepelyayeva çıxış edərək bildiriblər ki, 31 Mart Soyqırımı təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım deyil, eyni zamanda bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. İllər ötsə belə tarixi keçmişimiz, xüsusilə də qan yaddaşımız olan faciələr heç zaman unudulmamalıdır.
Tədbirin sonunda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Gülsüm Həsənova, Coşqun Əlizadə, Tamerlan Cəfərov və Məleykə Alməmmədova faciə qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.









GOYEZEN.AZ



Facebook-da paylaş