Qazaxda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı şəhid şəhər” başlığı altında anım tədbiri keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Xocalı şəhid şəhər” başlığı altında anım tədbiri keçirilib.
Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə Xocalı şəhidlərinin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb. Bildirib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Qeyd edib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülüb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün də dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyır.
Tədbirdə şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin direktoru Gülanə Hüseynova, Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri İlkin Hüseynov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi İlahə Yusifova və fəal gənc Şəhadət Abbasov çıxış ediblər.Azərbaycanın və dünyanın ən qədim insan məskənlərindən biri olan Xocalıda törədilmiş erməni vəhşiliyi zamanı heç bir müharibə qanunlarının gözlənilmədiyini və günahsız mülki vətəndaşlara qarşı analoqu olmayan amansızlığın göstərildiyini bildiriblər.
Tədbirin sonunda Xocalı faciəsini özündə əks etdirən filim nümayiş etdirilib. Qazax Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərinə baxılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş