Bu zəmanənin...
Aktyoru olduğum Gəncə teatrı Tbilisidə qastrolda idi. Bakı kinostudiyasından teleqram aldım. Teleqramda yazılmışdı ki, Cahandar ağa obrazı üçün sınaq çəkilişinə gəl. Teleqramı rejissor Hüseyn Seyidzadə göndərmişdi. Mən həm də müqavilə yolu ilə kinostudiyada işləyirdim. O, mənə demişdi ki, "Ələddin, bu yaxınlarda İsmayıl Şıxlının "Dəli Kür" romanının çəkilişi olacaq. Mən sənə bu filmdə hər hansı bir rol verəcəyəm. Əlbəttə ki, baş rolu yox”.
İnanmadım. Ona görə inanmadım ki, birdən-birə rejissor fikrini dəyişə bilər və məni baş rol üçün çəkilişə dəvət edə. Hər şeyi dəqiq öyrənmək üçün kinostudiyanın direktoru Adil İsgəndərova teleqram vurdum. İkinci dəfə cavab aldım ki, bu fikir doğrudur və yubanmadan gəl. Vaxt itirmədən yola düşdüm.
Kinostudiyaya çatan kimi məni qrim otağına keçirdilər. Mən burada tam qrimlənib gəldim rejissor otağına. Sən demə məndən iki-üç gün əvvəl respublikanın məşhur aktyorlarından Məlik Dadaşov, Rza Əfqanlı, Həsənağa Salayev və başqa bir osetin aktyoru çəkiliş sınağından keçib və bədii şura heç birini qəbul etməyib.
Rejissor otağında bir saata yaxın gözləməli oldum. Bunun da əsas məqsədi o idi ki, direktor özü gəlib çəkilişdə iştirak etməli idi. Adil müəllim dediyi vaxtda gəldi və sınaq çəkilişinə başlandı. Çəkiliş gedə-gedə Adil İsgəndərov rejissor Hüseyn Seyidzadəyə:
- Görürsənmi, qadam, axtaranda tapmaq olur, - dedi.
Bu hisslər məndə inam və qürur hissi yaratdı. Sınaq çəkilişi qurtardı və mən yenidən qrim otağına keçib, paltarımı əynimdən çıxartdım. Bu vaxt dedilər ki, İsmayıl Şıxlı gəlib. Tələm-tələsik rejissor otağına keçdim. İsmayıl Şıxlı otağa keçən kimi:
- Noldu, ay Seyid, bu boyda Azərbaycanda Cahandar ağa tapılmadı?
Hüseyn Seyidzadə:
- Tapmışıq, - dedi.
- Doğrudan? Kimdir o?
Rejissor məni göstərib:
- Budur.
İsmayıl müəllim mənə çox diqqətlə baxdı və başını bulaya-bulaya:
- Ə, bunu deyirsən?
Mən naümid halda bayıra çıxdım. Sınaq çəkilişinə gəldiyimə peşiman oldum. Səbrim tükəndiyindən həyətə düşdüm və burada ürək çırpıntısı ilə var-gəl edə-edə bədii şuranın cavabını gözlədim. Aradan iki, ya üç saat keçmişdi. Bir də xəbər gəldi ki, səni İsmayıl Şıxlı çağırır. Elə bil belimin ipliyi qırıldı. Yəqin etdim ki, yaxşılığa çağırış deyil. Hökmən İsmayıl müəllim öz iradını bildirəcək və deyəcək ki, Ələddin incimə, səndən Cahandar ağa olmaz. Bu fikirlərlə sürüncəkli geri qayıtdım... İçəri girən kimi İsmayıl Şıxlı məni qucaqlayıb:
- Ayə, ayə, sən əsl mənim babam Cahandar ağasan ki, var. Ekranda nə gözəl, nə qədər mənalı alınıb, sənin duruşun, baxışın. - Sonra da əlavə etdi:
- Maşınları hazırlayın.
İsmayıl Şıxlı həmin günü bu münasibətlə bizə bir yaxşı qonaqlıq verdi.
Mən rejissordan xəbər aldım:
- Çəkilişi nə vaxt başlayacağıq?
- İyirmi gün vaxt verirəm. - dedi - Bu müddət ərzində Cıdır meydanında at çapmaq öyrənməlisiniz.
Vaxtı öyrəndim. Mən Cıdır meydanına daxil olanda baxdım ki, atabaxanların bəzisi yedəklərində at gəzişirlər, bəziləri də rejissorun başına cəm olublar. Atabaxanlardan biri məndən xəbər aldı:
- Heç ömründə at minmisənmi?
-Yox - dedim - İndi özümü sınayaram.
Atabaxanlar biri o birisinə:
- Qırxında öyrənən gorunda çalar. - sonra da əlavə etdi. - Get, alaşalardan birini bəri çək.
Həmin adam getdi və bir qədərdən sonra arxasınca çəkə-çəkə ölləş atla geri qayıtdı. Dedim:
- A kişi, bu nədir?
- Hələ at minməyə öyrəş, sonrasına baxarıq.
- Yox - dedim - Elə at gətirin ki, quş kimi uçan olsun. Yıxılanda da desinlər ki, kişinin oğlu atdan yıxılıb, alaşadan yox... Bunu qaytarın.
Görünməmiş bir at gətirdilər. Oyur-oyur oynayırdı. Qısa qulaq, hündür, zil qara rəngdə idi. Tükləri şüşə kimi parıldayırdı. Elə bilərdin büllur şüşədir canı-cəmdəyi. Atabaxan atın qantarğasından tutmuşdu. Cüt ayağımı yerə vurub, yəhərə qalxdım. Bu vaxt atabaxan qəti tapşırdı ki, nəbadə atın qarnını paçanla sıxasan, ya da ki, şapalağını onun sınırına toxundurasan. Özüm qəsdən atı söyüdlüyün altına sürdüm və söyüddən bir çubuq qırıb onu gözlənilməz bir anda atın sınırına ilişdirdim... At ildırım tək qabağa şığıyıb baş götürdü. Atabaxanlar qışqırışdılar. Mən atın yalmanına yatıb, həvəslə meydan boyu çapırdım. Hər dəfə də onların yanından keçəndə rejissor həyəcanla səsböyüdücü vasitəsilə qışqırırdı:
- Saxla! Saxla deyirəm, sənə!!!
Mən qəsdən atı saxlamırdım. Onlar isə qorxurdular ki, indicə at məni yerə çırpıb məhv edəcək. Amma bilmirdilər ki, uşaqlığım ana babamgildə, Hürü uşağı kəndində keçib. İşim-peşəm Kür qırağı düzənliklərində dəlisov atları yəhərsiz-yüyənsiz minib çapmaq olmuşdur. Nəhayət ki, rejissorun bərabərinə çatanda, atın başını çəkib saxladım və quş kimi yəhərdən yerə atıldım. Bu vaxt rejissor həm hirsli, həm də sevincək:
- Sən ki, at minməyin mahir ustasısanmış. Bəs, bunu məndən niyə gizlətmisən?! Bu gündən məşqdən azadsan!
Çəkilişdən xeyli əvvəl, İsmayıl Şıxlının mənə dediyi və ciddi tapşırdığı sözlər indi də qulaqlarımda səslənir:
- Ələddin, Hüseyn Seyidzadə bir az rus meylli insandır. O, sənə nə irad tutsa "yaxşı, əməl edərəm", de. Amma öz bildiyini et. Elə et ki, babalarımızın az qala yaddan çıxmış qüruru, mərdliyi, mənəm-mənəmliyi Cahandar ağada öz həllini tapsın. Sözün həqiqi mənasında sərt və möhkəm ol.
Çox təəssüf edirəm, yana-yana xatırlayıram ki, filmin elə məzmunlu, elə mənalı yerləri qayçılandı ki… Moskva qayçıladı onların hamısını. İsmayıl müəllim çox çalışdı-vuruşdu. Amma Moskva dediyini dedi. Bunlardan birini xatırlatmaq istəyirəm:
Çar generalı Cahandar ağanı çağırtdırır. Bəy ondan soruşur:
- Xeyirdirmi?
General:
- Bəy, səndən bir xahiş üçün gəlmişik. Sənin o qoruğun ki var. Oranın gözəlliyi, nadir quşları Qafqaz canişini Vorontsovun xoşuna gəlib. Onun qiyməti neçəyədir? Pulunu verək, oranı satginən.
Cahandar ağa:
- Axı o yerləri mən pulnan almışam ki, pulnan da satam. Ora mənim babamın yadigarıdır. Məndən sonra da övladlarıma yadigar qalacaq.
General:
- Bəy, sən gəl razılaş. Axı, ora Vorontsovun xoşuna gəlib. Nə qədər istəsən pul verərik.
Cahandar ağa:
- Sizin Vorontsovun çox şeydən xoşu gələ bilər. Mənim atımdan da, ev-eşiyimdən də. Hər şeydən xoşu gələ bilər. Bəlkə ürəyindən ayrı şeylər də keçir. Get, Vorontsova de ki, mən bu qoruğu pulnan almamışam ki, pula da satam! - deyir və qapını çırpıb gedir. Özü də elə bir vəziyyətdə gedir ki, qarşısına çıxanı öldürməyə hazırdır.
Bəy gedəndən sonra general yanındakılara:
- Deyəsən, onunla çox yumşaq danışdıq... deyir.
Mənim yeganə arzum odur ki, filmin bu yerləri və buna bənzər çəkilişləri yenidən bərpa oluna. Onda xalqımız İsmayıl Şıxlı böyüklüyünə, İsmayıl Şıxlı uzaqgörənliyinə bir daha səcdə qılar.
Bizim Gəncə teatrı İsmayıl Şıxlının "Odlu çarpazlar" əsərini tamaşaya qoymuşdu. Mən həmin əsərdə iştirak etmədiyim üçün tamaşadan sonra təşkil olunmuş qonaqlıqda olmağımı öz-özlüyümdə məsləhət bilmədim. İsmayıl Şıxlı süfrə arxasına göz gəzdirəndə görür ki, mən yoxam. Məni axtartdırıb tapdırmışdı. İçəri daxil olub stolun ayaq tərəfində əyləşmək istəyəndə tez səsini qaldırıb:
- Ağa, bəri gəl, - dedi - Mənim babam mənimlə çiyin-çiyinə, hələ bir az da yuxarı başda əyləşməlidir. - Öz yanında əyləşməyi xahiş etdi.
Hər zaman mənim vəziyyətimlə, dolanışığımla maraqlanırdı. Bir dəfə dəniz kənarı gəzintisinə çıxmışdım. Bir də baxdım ki, İsmayıl Şıxlı bir neçə adlı-sanlı yazıçı ilə gəlir. Məni görəndə onlardan aralandı və qucaqlayıb sinəsinə basdı. Sonra xəbər aldı:
- Səni incidib eləmirlər ki?
- Allah ömrünü uzun eyləsin, Cahandar ağanın da qəbri nurla dolsun, - dedim. Hara gedirəmsə məni "Cahandar ağa" deyə çağırırlar. Mənə əbədi çörək, əbədi baş ucalığı bəxş etmisiniz. Bu sözlərdən sonra gülüb məni yenidən qucaqladı və onların dəstəsinə
qoşulmağımı xahiş etdi. Mən həmin günümü ömrümün ən mənalı günlərindən biri hesab edirəm.
İsmayıl Şıxlının mayası saflıqdan, təmizlikdən, halallıqdan yoğrulmuşdu. Sadəlik, gözəllik, təmizlik simvolu idi. Gözü-könlü tox, dünya malına zərrəcə gözü olmayan, nəfsi saf insan idi. Heç kəsdən, heç kimdən pay ummazdı. Bir sözlə, o bu zəmanənin adamı deyildi.
Ələddin ABBASOV,
Respublikanın Xalq artisti
Facebook-da paylaş