Fərqlilik yaxud İsmayıl Şıxlı dastanı
Belə deyirlər ki, F.M.Dostoyevskidə onu başqalarından
fərqləndirən nəsə varmış. Xalq yazıçısı İsmayıl Şıxlıda da həmin fərqli cəhət
(lər) vardı. Fərqli insandı. Fərqli müəllim-pedaqoqdu. Fərqli sənətkardı. Fərqli ziyalıydı. Fərqli şəxsiyyətdi,
ictimai xadimdi. Ona görə də Sənətin fərqli nümunəsini (nümunələrini) yaratdı. O, bizim üçün "Məni
itirməyin!” deyən vicdan kimidir... *** 1985-ci ilin yayında Qazaxda növbəti Vaqif poeziya günləriydi. Şairin möhtəşəm heykəli önündə
çıxışlar başlanmışdı. Söz İsmayıl Şıxlıya veriləndə camaatın durduğu yerə doğru
addımladı. Bir ağsaqqalla görüşdü, əlindən tutdu, mikrafonun yanı tərəfə gətirdi.
Dedi: Abdulla Babanlı
bizim Qazaxın məşhur müəllimlərindəndir. Mənim də müəllimim olub. Ola bilməz
ki, bu poeziya məclisində biz baş tərəfdə duraq, o ayaq tərəfdə dayansın. Alqış sədaları
qopdu. Sanki bütün Qazax ayağa qalxdı. Və o vaxtdan mən də ayaq üstdəyəm. Elə
bil oturmaq yadımdan çıxıb. O böyüklük qarşısında kiçilə biləcəyimin qorxusu hələ
də canımdadır... *** Hər bir yazıçı ən
gözəl əsərini məncə ağsaqqallıq, ucalıq, böyük Söz önündə ayağa duranda, (dura
biləndə!) özü deyil, içi ayağa qalxanda yazır. İsmayıl Şıxlı da ən
gözəl əsərlərini məhz belə bir məqamda yazıb-yaratmışdı. Hərdən ona qalxıb
oturmaq üçün hörmətlə yer göstəriləndə, o, da qalxıb öz yerini böyük Sözə vermişdi,
böyük İnsanlığa vermişdi, böyük Amala, Kamala vermişdi! *** Kür kimi çaylar da
böyük Sözdür! Belə çaylara oturub istədiyin kimi tamaşa edə bilməzsən. Ən
azından bu cür tamaşanın effekti olmur. Gərək ona ayaq üstdə tamaşa edəsən. Gərək
onun tarixlər boyu ayaq üstdə olduğundan ayaqda qaldığının fərqinə varasan. Böyük adamlar da otururlar,
dincəlirlər. Amma ruhən həmişə
ayaq üstdə olurlar! *** Nəsrəddin Tusi
insanları 4 ünsür - su, od, torpaq, hava kimi 4 yerə bölürdü. 1-ci bölümə - suya
qələm əhlini aid edirdi (dünyanın davamlılığını təmin etmək anlamında). Yəqin
bu üzdəndir ki, İ.Brodski yazmışdı: "Hər şeyin sonadək məhv olmaması faktı mənim
nəslimin xidmətidir.” Bu baxımdan su
ünsürünə aid olan bir insanın (yazıçının) "Dəli Kür” romanı yazması təsadüfi
deyildi. Belə insanların öz
dünyası olur. Həmin dünya öləndə onlar da ölürlər. Lakin onların öz dünyası ölsə
də, özləri ölsə də bəşəriyyətə aid dünyanın ölməzliyini istəyirlər və o ölməzliyi
öz ölməz həyatlarıyla, sənətiylə, şəxsiyyətiylə zənginləşdirir, əbədiləşdirir
onlar! Əslində İsmayıl
Şıxlı yaddaşlarda məhz belə bir ölməzlik işarəsi, (ünsürü) su kimi, Dəli Kür
kimi qaldı. *** İsmayıl Şıxlını
xatırlayanda yadıma müdrik bir qeyri ədəbiyyatçının dediyi xarakterik sözlər
düşür: "Ədəbiyyatımızda Qazaxın timsalında Səməd Vurğun cəsarəti, Mehdi Hüseyn
qətiyyəti, Osman Sarıvəlli zərifliyi, İsmayıl Şıxlı ləyaqəti olub”. Dəqiq qənaətdir. Nə
deyilibsə dübbə-düz deyilib. *** İsmayıl Şıxlının
taleyi bir çox cəhətdən qohumu, "Top Allahı” Əlağa Şıxlinskinin taleyinə
oxşayır. Hər ikisi zamanında vəzifəsindən istefa verməyi bacarıb. Hər ikisi
ömrünün son illərində ağır xəstə olub, göz nurunu itirib. Hər ikisi ölüm
ayağında əsərini diqtə edib, yazdırıb. (Ə.Şıxlinskinin "Xatirələrim” kitabı
filosof Heydər Hüseynovun tapşırığıyla qələmə alınıb. İ.Şıxlının "Ölən dünyam”
romanını həyat yoldaşı o, dedikcə yazıya alıb). Hər ikisinin ölümü
müharibə dövrünə təsadüf edib. Hər ikisinin ən böyük silahi vicdanı olub. *** Makedoniyalı İsgəndərin
düşmənlərinə elə gəlirdi ki, onun bədəni nəsə sehrli bir işıq saçır. Bu mənada İsmayıl
Şıxlının qələmi də şölə saçırdı. İsgəndər həyatı
üçün atası Filippə, ləyaqəti üçün müəllimi Aristotelə borclu olduğunu deyirdi. Biz də (bizim nəslimiz
də) ləyaqətimiz üçün müəllimimiz İsmayıl Şıxlıya borcluyuq. *** İ.Şıxlının təfəkkürü
epos təfəkkürüydü. "Dədə Qorqud”, "Koroğlu” kimi dastanlarımızdan gələn təfəkkür
idi-sazla bağlıydı. Bu təfəkkürün formalaşmasında
onun da yaşadığı ilk mühit, sazlı-sözlü bir bölgədən olması mühüm rol
oynamışdı. Yazıçı "Aşığın
yübileyi” adlı bir hekayəsində uşaq vaxtlarından saza, sözə necə vurğun
olduğunun aydın bəlirtilərini verib. O vaxt yaşadığı kənddə (Kosalarda) evlərdə
qış gecələrində keçirilən aşıq məclislərinə sən demə, uşaq-muşağı yaxın
qoymurlarmış. Bu qaçıb qabaqcadan evdəki yükün (yorğan-döşək yığılan yerin)
dalında gizlənibmiş. Məclis başlananda, saz dinəndə bu, necə olursa bərk həyəcanlanır,
qurcuxur, Yük uçur. Və bunu görürlər. Məclisi idarə edən
kənd ağsaqqalı soruşur ki, sən burda nəğayrırsan, a bala, kimin uşağısan? Adın
nədir? Bu qayıdır ki, Qəhrəman
müəllimin oğluyam. (söhbət yazıçının atası lenin ordenli Q.Şıxlinskidən gedir)
Adım da İsmayıldır. Onda dəymirlər xətrinə. Aşığa deyilir ki,
di başla dastan məclisinə. Aşıq soruşur: - Hansı dastanı
başlayım? Ağsaqqal hökmlə
dillənir: - bu uşağın adının və saza, sözə olan sevgisinin xətrinə "Şah İsmayıl
dastanı”nı başla. Və beləcə o dastan
gecəsindən (gecələrindən!) sonra xalqımızın yeni bir dastanı da - qəhrəmanları Dəli Kür, Cahandar ağa, Ömər
koxa, Hasan ağa, Qəmər at, Alan it və s. olacaq bir ölməz dastanı da
formalaşmağa başlayacaqdı: "İsmayıl Şıxlı dastanı” Və çox-çox
sonralar tanınmış şair Müzəffər Şükür Məchul bir şeir də yazacaqdı, fəxrlə,
qürurla deyəcəkdi: Çətin günlərimdə mən səni anıb, Köməyə səslədim duyan insanı. Ariflər
içində çoxdan yaranıb, İnsanlıq dastanı - Şıxlı dastanı. *** Əfsanələşmiş,
dastanlaşmış, ömür-gün yaşayan, millətini sevən, onun sazını-sözünü, milli dəyərlərini
dəyərləndirən həmişə ayaq üstdə olubdu və ayaq üstdə də olmalıdır. İsmayıl Şıxlının dərs
dediyi ali məktəb auditoryalarında ayaq üstdə olanlar oturanlardan çox olurdu.
Digər fakültələrin tələbələri qaçıb onun mühazirələrinə, söhbətlərinə qulaq
asmağa gəldikləri üçün. *** Böyük olmaq istəyən,
xalqını böyük görmək istəyən əslində ömründə oturub dincələ bilməz və dincəlməyə
(oturmağa) haqqı da yoxdur. Dəli Kürün dincəldiyini
kim görüb? Yaranandan ayaq
üstdədi millətimizdən ötrü! İsmayıl Şıxlı da
beləydi, daima ayaq üstdəydi. Ayaq üstdə olmağıyla yaraşığa mindirirdi öz boy -
buxununu! Ayaq üstdə olanda oturub dincini alırdı. Oturanda da ayaq üstdəydi! Dəli Kürün ekiz
qardaşıydı. Ona görə də "Dəli
Kür” kimi möhtəşəm bir roman-epopeyanın müəllifi oldu. Dəli Kür çay
olaraq Azərbaycan coğrafiyasına, Qərbdən Şərqə uzana-uzana Azərbaycan
torpaqlarına hansı gücü, enerjini verirsə İ.Şıxlının əsərləri də, xüsusilə, "Dəli
Kür” romanı da Azərbaycan ədəbiyyatına və Azərbaycan tarixinə, Azərbaycan milli
dəyərlərinə həmin gücü verir, enerjini qatır. ...İsgəndər belə
hesab edirdi ki, hərbi nailiyyətlərə çatmaq üçün "İlliada”nı öyrənmək lazımdır
və hərbi yürüşlərə gedəndə "İlliada”nı o, özüylə götürürdü. Güclü insan olmaq
üçün, (güclü türk olmaq üçün!) güclü kişi olmaq üçün "Dəli Kür”ü oxumaq
lazımdır. "Dəli Kür” hər birimizin evində başının altında olmalıdır. İ.Şıxlıya sual
vermişdilər ki, "Qüdrətli insanların yetişməsi üçün nə lazımdır?” Cavab
vermişdi: "Cılızlıq cəngavərliyə meydan oxumamalıdır. İnsanı sındıran, insanın
mənliyini tapdalayan məhdudiyyətlər olmamalıdır”. ...Şeyx Şamil Peterburqa
gətiriləndə saray əhli tamaşaya yığılıbmış. Fikirləşirlər ki, Əlahəzrətin
qarşısında əyilmiyən bu dağlığını necə əymək olar? Daxil olduğu
qapının yuxarı hissəsini taxtalayırlar ki, bu maneədən məcbur olub, əyilib
keçsin. Şamil işi başa düşür. Bir zərbəsiylə taxtanı param-parça edir və düz
qamətilə salona daxil olur. İsmayıl Şıxlı da məhz
belə kişi idi. Əyilmədi! Sınmadı! Köhnə kişilərin
yadigarı kimi ayaq üstdə, dim-dik halda! O, ədəbiyyatımızı
və cəmiyyətimizi diziaynalı pəhlivanlardan qoruyurdu. (və qoruyur!) Xalq İ.Şıxlını
görmüyəndə darıxırdı, karıxırdı, özünü itirirdi, narahat hiss edirdi. Hamı
inanırdı ki, ən çətin gündə və anda İ.Şıxlının dediyi söz kömək eyləyər ki, hər
kəs özünə gəlsin, ayaq üstdə (ayaqda!) qalmağı
bacarsın. Oğlu Elçin
Şıxlıdan soruşurlar ki, atan sizə nə vəsiyyət etdi? Deyib: "Kişi olun!”-dedi. Ondan danışanda gərək
Kişi sözünü də, İnsan sözünü də, Yazıçı sözünü də, Şəxsiyyət sözünü də böyük hərflə
yazasan! Dəli Kür kiçik
çayları başına yığıb böyütmək istədiyi kimi, İsmayıl Şıxlı da dəli fikirləri
başına cəmləyib hamını ağıllı-kamallı, ən əsası, böyük olmağa çağırırdı. *** Məncə əsl
yaradıcılıq qələm götürüb nəsə yazmaq deyil. Söz qarşısında ayağa qalxmaqdır.
Böyük söz qarşısında hamını ayağa qalxmağa hazırlamaqdır. İsmayıl Şıxlının həyatı
da, sənəti də bu missiyanı yerinə yetirirdi. İ.Şıxlı qələminin
qüdrətini düşünəndə hərdən elə sanıram ki, Allahı axtarmağa da ehtiyac yoxdur.
Böyük söz hardadırsa, Allah da orda olmalıdır, ordadır! Və orda Allah qalxıb öz
yerini Sözə veribdi, məhz həmin böyük Sözə! Mən inanıram ki,
İsmayıl Şıxlının adı gələndə də hər kəs qürur hissi keçirir, ən azından ayağa
durmaq istəyir. (Durur da!) Mən də "Dəli Kür”ün
adı çəkiləndə ayağa qalxmaq istəyirəm və qalxıram da! *** Mehdi Hüseyn
İsmayıl Şıxlıya və İsa Muğannaya bir tapşırıq vermişdi: "Çalışın Ədəbi
vicdanlara ləkə düşməsin”. Hər ikisi ömür boyu bu nəsihətə əməl etdi. Ədəbi
vicdanların keşiyində durdu. Vicdana və vicdanlara ləkə düşməməsi üçün əllərindən
gələni etdi. ...İsa Muğanna
2013-cü ilin payızında Ağstafadakı evində ağır vəziyyətdə xəstə yatırdı. Həyat
yoldaşı Firuzə ana bütün ümidlərini itirmişdi. Sakitcə mənə pıçıldayırdı "Bu dəfə
deyəsən qalxmayacaq”. Ustad gözlərini
yumsa da yatmayıbmış. Bizə doğru boylanıb gülümsədi. Bir az aynı açılsın, fikri
dağılsın, deyə keçmişlərdən söhbətləşməyə başladıq. İsmayıl Şıxlıdan da söz
düşdü. Bu halatda dedi: - Bu saat İsmayıl o
qapıdan içəri girsin, sıçrayıb ayağa qalxmasam, mənə nə deyirsiniz, deyin! Baxın, böyüklük,
dostluq, kişilik qarşısında ayağa qalxmağın daha bir nümunəsiydi bu! *** Keçən ilin
yanvarında Bakıda 7-ci dəfə cərrahiyyə əmaliyyatına
girməliydim. Əməliyyatdan əvvəl mənəvi gücümü artırmaq üçün, Allahın lütfünə
sığınıb hər şeydən əmin-arxayın olmaq üçün hansısa bir əsəri oxumaq istədim. "Ölən dünyam”ı
tapdım. Təkrar bir nəfəsə oxuyub bu əsərdən elə bir enerji aldım ki, əməliyyata
sanki ayaq üstdə girdim... ayaq üstdə də çıxdım. Heç nə olmamış
kimi! Kim bilir, bəlkə o
vaxt böyük yazıçımızın özü də gəlib əməliyyat stolunun olduğu yerdə ayaq üstdə
mənim baş ucumda dayanmışdı?! *** Azərbaycanın mifik
təfəkkürlü rəssamı Cavad Mircavadov haqda qəzetlərin birində çox maraqlı bir
yazı oxudum. Orada deyilirdi ki, sonralar Çingiz Aytmatovun böyük önəm verdiyi
rəssamın ümidsiz şəkildə xəstə olduğu vaxtlarmış. Avropadaymış. Vyanada "Bethoven”
mehmanxanasında qalırmış. Çox sevdiyi bəstəkarın adını daşıyan mehmanxanada qalmaq
ona kömək edirmiş, bir ayrıca güc verirmiş, xəstəliyini unutdururmuş. İsmayıl Şıxlının
adı da, sənəti də həmişə bizə beləcə kömək edib, güc verib, ümidsiz vaxtımızda
bizdən ötrü ümidə çevrilib. Millətimizin onun
adı gələndə necə sevindiyini, necə dirçəldiyini, necə gücləndiyini, nə ola, hər
dəfə öz gözünlə görəydin və görə biləsən! C.Mircavadov haqda
olan məqalə belə adlanırdı: "Keçmişdən gələn adam”. İ.Şıxlı haqda
düşünəndə də onun da keçmişdən, çox-çox uzaqlardan gələn bir adam olduğu zənnindəyəm. Dünən
yanımızdaydı. Bu gün də
yanımızdadı. Gələcəkdə durub
yolumuzu gözləyir. *** Söz bu gün hələ də
öz qüdrətini saxlayırsa böyük sənətkarlara borcludur. Çoxlarının üzü
onların sözündən qızarmışdı. Amma Sözün üzü onlara görə bircə dəfə də
qızarmamışdı. (elə özlərinin də!). Onlar sözləriylə
çox "mənəm-mənəm deyənləri” diz çökməyə məcbur etmişdilər. Amma sözü diz çökməyə
qoymamışdılar! (Elə özlərini də!). İ.Şıxlı gözünün
işığını itirdi ki, Sözün gözü işığını itirməsin. Əlinə çəlik götürdü ki, söz əlinə
çəlik götürməsin! ...Onlar bir Sözü
də ayağa düşməyə qoymurdular. Nadanların və cahillərin ucbatından yıxılmış sözləri
də ayağa qaldırırdılar. Sözün əbədilik
ayaq üstdə olmasını istəyirdilər! (Elə özlərinin də!) *** "Hər bir mərhələdə
xalqımız mədəni səviyyəsini inkişaf etdirmək üçün, milli ruha daha da qovuşmaq
üçün, həmişə görkəmli ziyalılarımızın yaradıcılığına, fəaliyyətinə, əsərlərinə
möhtac olub, onlardan bəhrələnib və bu ağır yolu müvəffəqiyyətlə keçib. Bu çətin yolun
keçilməsində Azərbaycanın görkəmli ziyalılarının, alimlərinin, yazıçılarının, mədəniyyət
xadimlərinin, siyasətçilərinin böyük
xidmətləri olmuşdur. Onların içərisində
İsmayıl Şıxlı görkəmli yer tutur. Onun ömrü,
yaradıcılığı, insani keyfiyyətləri hər Azərbaycan vətəndaşı üçün örnək ola bilər”. (Heydər Əliyev) *** Mənə elə gəlir ki,
İsmayıl Şıxlı deyiləndə onu sevənlər hökmən ayağa qalxırlar. Mən onu heç vaxt
ölüm yatağında təsəvvürümə gətirə bilməmişəm. Ölüm gəlib,
İsmayıl Şıxlı ayaq üstdə onun üzünə öz qapısını açıb və deyib: -Xoş gəlmisən! -Gedəkmi? -Gedək! -Kişi kimi deyirsən? -Kişi kimi! Və beləcə o ölməz
insan, böyük yazıçı heç kimə hara getdiyini demədən onunla çıxıb gedib. Mən onun gözünü
yumub heç vaxt yatdığına da inanmaq istəməmişəm. Durnalar uça-uça yatdıqları
kimi! ...Mən adi bir bəndəyəm. Kiməm ki?! İstəyəndə
otururam, istəyəndə yatıram. Ancaq nə eybi! Ürəyim ayaq üstdədi! İsmayıl Şıxlı kimi
sənətkarın qarşısında! Amalın, Kamalın,
böyük Sözün qarşısında! Barat VÜSAL, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının
sədri, Əməkdar incəsənət xadimi, şair
Facebook-da paylaş