Əsas Səhifə > Ədəbiyyat > Fərqlilik yaxud İsmayıl Şıxlı dastanı

Fərqlilik yaxud İsmayıl Şıxlı dastanı


19-04-2019, 15:53


Belə deyirlər ki, F.M.Dostoyevskidə onu başqalarından fərqləndirən nəsə varmış.

Xalq yazıçısı İsmayıl Şıxlıda da həmin fərqli cəhət (lər) vardı.

Fərqli insandı.

Fərqli müəllim-pedaqoqdu.

Fərqli sənətkardı.

Fərqli ziyalıydı.

Fərqli şəxsiyyətdi, ictimai xadimdi. Ona görə də Sənətin fərqli nümunəsini (nümunələrini) yaratdı.

O, bizim üçün "Məni itirməyin!” deyən vicdan kimidir...

                                                                  ***

1985-ci ilin yayında Qazaxda növbəti Vaqif poeziya günləriydi. Şairin möhtəşəm heykəli önündə çıxışlar başlanmışdı. Söz İsmayıl Şıxlıya veriləndə camaatın durduğu yerə doğru addımladı. Bir ağsaqqalla görüşdü, əlindən tutdu, mikrafonun yanı tərəfə gətirdi. Dedi:

Abdulla Babanlı bizim Qazaxın məşhur müəllimlərindəndir. Mənim də müəllimim olub. Ola bilməz ki, bu poeziya məclisində biz baş tərəfdə duraq, o ayaq tərəfdə dayansın.

Alqış sədaları qopdu. Sanki bütün Qazax ayağa qalxdı. Və o vaxtdan mən də ayaq üstdəyəm. Elə bil oturmaq yadımdan çıxıb. O böyüklük qarşısında kiçilə biləcəyimin qorxusu hələ də canımdadır...

***

Hər bir yazıçı ən gözəl əsərini məncə ağsaqqallıq, ucalıq, böyük Söz önündə ayağa duranda, (dura biləndə!) özü deyil, içi ayağa qalxanda yazır.

İsmayıl Şıxlı da ən gözəl əsərlərini məhz belə bir məqamda yazıb-yaratmışdı. Hərdən ona qalxıb oturmaq üçün hörmətlə yer göstəriləndə, o, da qalxıb öz yerini böyük Sözə vermişdi, böyük İnsanlığa vermişdi, böyük Amala, Kamala vermişdi!

                                                                       ***

Kür kimi çaylar da böyük Sözdür! Belə çaylara oturub istədiyin kimi tamaşa edə bilməzsən. Ən azından bu cür tamaşanın effekti olmur. Gərək ona ayaq üstdə tamaşa edəsən. Gərək onun tarixlər boyu ayaq üstdə olduğundan ayaqda qaldığının fərqinə varasan.

Böyük adamlar da otururlar, dincəlirlər.

Amma ruhən həmişə ayaq üstdə olurlar!

                                                                       ***

Nəsrəddin Tusi insanları 4 ünsür - su, od, torpaq, hava kimi 4 yerə bölürdü. 1-ci bölümə - suya qələm əhlini aid edirdi (dünyanın davamlılığını təmin etmək anlamında). Yəqin bu üzdəndir ki, İ.Brodski yazmışdı: "Hər şeyin sonadək məhv olmaması faktı mənim nəslimin xidmətidir.”

Bu baxımdan su ünsürünə aid olan bir insanın (yazıçının) "Dəli Kür” romanı yazması təsadüfi deyildi.

Belə insanların öz dünyası olur. Həmin dünya öləndə onlar da ölürlər. Lakin onların öz dünyası ölsə də, özləri ölsə də bəşəriyyətə aid dünyanın ölməzliyini istəyirlər və o ölməzliyi öz ölməz həyatlarıyla, sənətiylə, şəxsiyyətiylə zənginləşdirir, əbədiləşdirir onlar!

Əslində İsmayıl Şıxlı yaddaşlarda məhz belə bir ölməzlik işarəsi, (ünsürü) su kimi, Dəli Kür kimi qaldı.

                                                           ***

İsmayıl Şıxlını xatırlayanda yadıma müdrik bir qeyri ədəbiyyatçının dediyi xarakterik sözlər düşür: "Ədəbiyyatımızda Qazaxın timsalında Səməd Vurğun cəsarəti, Mehdi Hüseyn qətiyyəti, Osman Sarıvəlli zərifliyi, İsmayıl Şıxlı ləyaqəti olub”.

Dəqiq qənaətdir. Nə deyilibsə dübbə-düz deyilib.

                                                           ***

İsmayıl Şıxlının taleyi bir çox cəhətdən qohumu, "Top Allahı” Əlağa Şıxlinskinin taleyinə oxşayır. Hər ikisi zamanında vəzifəsindən istefa verməyi bacarıb. Hər ikisi ömrünün son illərində ağır xəstə olub, göz nurunu itirib.

Hər ikisi ölüm ayağında əsərini diqtə edib, yazdırıb. (Ə.Şıxlinskinin "Xatirələrim” kitabı filosof Heydər Hüseynovun tapşırığıyla qələmə alınıb. İ.Şıxlının "Ölən dünyam” romanını həyat yoldaşı o, dedikcə yazıya alıb).

Hər ikisinin ölümü müharibə dövrünə təsadüf edib. Hər ikisinin ən böyük silahi vicdanı olub.

                                                           ***

Makedoniyalı İsgəndərin düşmənlərinə elə gəlirdi ki, onun bədəni nəsə sehrli bir işıq saçır.

Bu mənada İsmayıl Şıxlının qələmi də şölə saçırdı.

İsgəndər həyatı üçün atası Filippə, ləyaqəti üçün müəllimi Aristotelə borclu olduğunu deyirdi.

Biz də (bizim nəslimiz də) ləyaqətimiz üçün müəllimimiz İsmayıl Şıxlıya borcluyuq.

                                                           ***

İ.Şıxlının təfəkkürü epos təfəkkürüydü. "Dədə Qorqud”, "Koroğlu” kimi dastanlarımızdan gələn təfəkkür idi-sazla bağlıydı.

Bu təfəkkürün formalaşmasında onun da yaşadığı ilk mühit, sazlı-sözlü bir bölgədən olması mühüm rol oynamışdı.

Yazıçı "Aşığın yübileyi” adlı bir hekayəsində uşaq vaxtlarından saza, sözə necə vurğun olduğunun aydın bəlirtilərini verib. O vaxt yaşadığı kənddə (Kosalarda) evlərdə qış gecələrində keçirilən aşıq məclislərinə sən demə, uşaq-muşağı yaxın qoymurlarmış. Bu qaçıb qabaqcadan evdəki yükün (yorğan-döşək yığılan yerin) dalında gizlənibmiş. Məclis başlananda, saz dinəndə bu, necə olursa bərk həyəcanlanır, qurcuxur, Yük uçur. Və bunu görürlər.

Məclisi idarə edən kənd ağsaqqalı soruşur ki, sən burda nəğayrırsan, a bala, kimin uşağısan? Adın nədir?

Bu qayıdır ki, Qəhrəman müəllimin oğluyam. (söhbət yazıçının atası lenin ordenli Q.Şıxlinskidən gedir) Adım da İsmayıldır.

Onda dəymirlər xətrinə.

Aşığa deyilir ki, di başla dastan məclisinə.

Aşıq soruşur:

Hansı dastanı başlayım?

Ağsaqqal hökmlə dillənir: - bu uşağın adının və saza, sözə olan sevgisinin xətrinə "Şah İsmayıl dastanı”nı başla.

Və beləcə o dastan gecəsindən (gecələrindən!) sonra xalqımızın yeni bir dastanı  da - qəhrəmanları Dəli Kür, Cahandar ağa, Ömər koxa, Hasan ağa, Qəmər at, Alan it və s. olacaq bir ölməz dastanı da formalaşmağa başlayacaqdı: "İsmayıl Şıxlı dastanı”

Və çox-çox sonralar tanınmış şair Müzəffər Şükür Məchul bir şeir də yazacaqdı, fəxrlə, qürurla deyəcəkdi:

Çətin günlərimdə mən səni anıb,

Köməyə səslədim duyan insanı.

Ariflər içində çoxdan yaranıb,

İnsanlıq dastanı - Şıxlı dastanı.

***

Əfsanələşmiş, dastanlaşmış, ömür-gün yaşayan, millətini sevən, onun sazını-sözünü, milli dəyərlərini dəyərləndirən həmişə ayaq üstdə olubdu və ayaq üstdə də olmalıdır.

İsmayıl Şıxlının dərs dediyi ali məktəb auditoryalarında ayaq üstdə olanlar oturanlardan çox olurdu. Digər fakültələrin tələbələri qaçıb onun mühazirələrinə, söhbətlərinə qulaq asmağa gəldikləri üçün.

                                                           ***

Böyük olmaq istəyən, xalqını böyük görmək istəyən əslində ömründə oturub dincələ bilməz və dincəlməyə (oturmağa) haqqı da yoxdur.

Dəli Kürün dincəldiyini kim görüb?

Yaranandan ayaq üstdədi millətimizdən ötrü!

İsmayıl Şıxlı da beləydi, daima ayaq üstdəydi. Ayaq üstdə olmağıyla yaraşığa mindirirdi öz boy - buxununu! Ayaq üstdə olanda oturub dincini alırdı. Oturanda da ayaq üstdəydi!

Dəli Kürün ekiz qardaşıydı.

Ona görə də "Dəli Kür” kimi möhtəşəm bir roman-epopeyanın müəllifi oldu.

Dəli Kür çay olaraq Azərbaycan coğrafiyasına, Qərbdən Şərqə uzana-uzana Azərbaycan torpaqlarına hansı gücü, enerjini verirsə İ.Şıxlının əsərləri də, xüsusilə, "Dəli Kür” romanı da Azərbaycan ədəbiyyatına və Azərbaycan tarixinə, Azərbaycan milli dəyərlərinə həmin gücü verir, enerjini qatır.

...İsgəndər belə hesab edirdi ki, hərbi nailiyyətlərə çatmaq üçün "İlliada”nı öyrənmək lazımdır və hərbi yürüşlərə gedəndə "İlliada”nı o, özüylə götürürdü.

Güclü insan olmaq üçün, (güclü türk olmaq üçün!) güclü kişi olmaq üçün "Dəli Kür”ü oxumaq lazımdır. "Dəli Kür” hər birimizin evində başının altında olmalıdır.

İ.Şıxlıya sual vermişdilər ki, "Qüdrətli insanların yetişməsi üçün nə lazımdır?” Cavab vermişdi: "Cılızlıq cəngavərliyə meydan oxumamalıdır. İnsanı sındıran, insanın mənliyini tapdalayan məhdudiyyətlər olmamalıdır”.

...Şeyx Şamil Peterburqa gətiriləndə saray əhli tamaşaya yığılıbmış. Fikirləşirlər ki, Əlahəzrətin qarşısında əyilmiyən bu dağlığını necə əymək olar?

Daxil olduğu qapının yuxarı hissəsini taxtalayırlar ki, bu maneədən məcbur olub, əyilib keçsin. Şamil işi başa düşür. Bir zərbəsiylə taxtanı param-parça edir və düz qamətilə salona daxil olur.

İsmayıl Şıxlı da məhz belə kişi idi.

Əyilmədi! Sınmadı!

Köhnə kişilərin yadigarı kimi ayaq üstdə, dim-dik halda!

O, ədəbiyyatımızı və cəmiyyətimizi diziaynalı pəhlivanlardan qoruyurdu. (və qoruyur!)

Xalq İ.Şıxlını görmüyəndə darıxırdı, karıxırdı, özünü itirirdi, narahat hiss edirdi. Hamı inanırdı ki, ən çətin gündə və anda İ.Şıxlının dediyi söz kömək eyləyər ki, hər kəs  özünə gəlsin, ayaq üstdə (ayaqda!) qalmağı bacarsın.

Oğlu Elçin Şıxlıdan soruşurlar ki, atan sizə nə vəsiyyət etdi? Deyib: "Kişi olun!”-dedi.

Ondan danışanda gərək Kişi sözünü də, İnsan sözünü də, Yazıçı sözünü də, Şəxsiyyət sözünü də böyük hərflə yazasan!

Dəli Kür kiçik çayları başına yığıb böyütmək istədiyi kimi, İsmayıl Şıxlı da dəli fikirləri başına cəmləyib hamını ağıllı-kamallı, ən əsası, böyük olmağa çağırırdı.

                                                           ***

Məncə əsl yaradıcılıq qələm götürüb nəsə yazmaq deyil. Söz qarşısında ayağa qalxmaqdır. Böyük söz qarşısında hamını ayağa qalxmağa hazırlamaqdır.

İsmayıl Şıxlının həyatı da, sənəti də bu missiyanı yerinə yetirirdi.

İ.Şıxlı qələminin qüdrətini düşünəndə hərdən elə sanıram ki, Allahı axtarmağa da ehtiyac yoxdur. Böyük söz hardadırsa, Allah da orda olmalıdır, ordadır! Və orda Allah qalxıb öz yerini Sözə veribdi, məhz həmin böyük Sözə!

Mən inanıram ki, İsmayıl Şıxlının adı gələndə də hər kəs qürur hissi keçirir, ən azından ayağa durmaq istəyir. (Durur da!)

Mən də "Dəli Kür”ün adı çəkiləndə ayağa qalxmaq istəyirəm və qalxıram da!

                                                           ***

Mehdi Hüseyn İsmayıl Şıxlıya və İsa Muğannaya bir tapşırıq vermişdi: "Çalışın Ədəbi vicdanlara ləkə düşməsin”. Hər ikisi ömür boyu bu nəsihətə əməl etdi. Ədəbi vicdanların keşiyində durdu. Vicdana və vicdanlara ləkə düşməməsi üçün əllərindən gələni etdi.

...İsa Muğanna 2013-cü ilin payızında Ağstafadakı evində ağır vəziyyətdə xəstə yatırdı. Həyat yoldaşı Firuzə ana bütün ümidlərini itirmişdi. Sakitcə mənə pıçıldayırdı "Bu dəfə deyəsən qalxmayacaq”.

Ustad gözlərini yumsa da yatmayıbmış. Bizə doğru boylanıb gülümsədi. Bir az aynı açılsın, fikri dağılsın, deyə keçmişlərdən söhbətləşməyə başladıq. İsmayıl Şıxlıdan da söz düşdü. Bu halatda dedi:

Bu saat İsmayıl o qapıdan içəri girsin, sıçrayıb ayağa qalxmasam, mənə nə deyirsiniz, deyin!

Baxın, böyüklük, dostluq, kişilik qarşısında ayağa qalxmağın daha bir nümunəsiydi bu!

                                                           ***

Keçən ilin yanvarında Bakıda 7-ci dəfə cərrahiyyə əmaliyyatına girməliydim. Əməliyyatdan əvvəl mənəvi gücümü artırmaq üçün, Allahın lütfünə sığınıb hər şeydən əmin-arxayın olmaq üçün hansısa bir əsəri oxumaq istədim.

"Ölən dünyam”ı tapdım. Təkrar bir nəfəsə oxuyub bu əsərdən elə bir enerji aldım ki, əməliyyata sanki ayaq üstdə girdim... ayaq üstdə də çıxdım.

Heç nə olmamış kimi!

Kim bilir, bəlkə o vaxt böyük yazıçımızın özü də gəlib əməliyyat stolunun olduğu yerdə ayaq üstdə mənim baş ucumda dayanmışdı?!

                                                           ***

Azərbaycanın mifik təfəkkürlü rəssamı Cavad Mircavadov haqda qəzetlərin birində çox maraqlı bir yazı oxudum. Orada deyilirdi ki, sonralar Çingiz Aytmatovun böyük önəm verdiyi rəssamın ümidsiz şəkildə xəstə olduğu vaxtlarmış. Avropadaymış. Vyanada "Bethoven” mehmanxanasında qalırmış. Çox sevdiyi bəstəkarın adını daşıyan mehmanxanada qalmaq ona kömək edirmiş, bir ayrıca güc verirmiş, xəstəliyini unutdururmuş. 

İsmayıl Şıxlının adı da, sənəti də həmişə bizə beləcə kömək edib, güc verib, ümidsiz vaxtımızda bizdən ötrü ümidə çevrilib.

Millətimizin onun adı gələndə necə sevindiyini, necə dirçəldiyini, necə gücləndiyini, nə ola, hər dəfə öz gözünlə görəydin və görə biləsən!

C.Mircavadov haqda olan məqalə belə adlanırdı: "Keçmişdən gələn adam”.

İ.Şıxlı haqda düşünəndə də onun da keçmişdən, çox-çox uzaqlardan gələn bir adam olduğu zənnindəyəm.

Dünən yanımızdaydı.

Bu gün də yanımızdadı.

Gələcəkdə durub yolumuzu gözləyir.

                                                           ***

Söz bu gün hələ də öz qüdrətini saxlayırsa böyük sənətkarlara borcludur.

Çoxlarının üzü onların sözündən qızarmışdı. Amma Sözün üzü onlara görə bircə dəfə də qızarmamışdı. (elə özlərinin də!).

Onlar sözləriylə çox "mənəm-mənəm deyənləri” diz çökməyə məcbur etmişdilər.

Amma sözü diz çökməyə qoymamışdılar! (Elə özlərini də!).

İ.Şıxlı gözünün işığını itirdi ki, Sözün gözü işığını itirməsin. Əlinə çəlik götürdü ki, söz əlinə çəlik götürməsin!

...Onlar bir Sözü də ayağa düşməyə qoymurdular. Nadanların və cahillərin ucbatından yıxılmış sözləri də ayağa qaldırırdılar.

Sözün əbədilik ayaq üstdə olmasını istəyirdilər! (Elə özlərinin də!)

                                                           ***

"Hər bir mərhələdə xalqımız mədəni səviyyəsini inkişaf etdirmək üçün, milli ruha daha da qovuşmaq üçün, həmişə görkəmli ziyalılarımızın yaradıcılığına, fəaliyyətinə, əsərlərinə möhtac olub, onlardan bəhrələnib və bu ağır yolu müvəffəqiyyətlə keçib.

Bu çətin yolun keçilməsində Azərbaycanın görkəmli ziyalılarının, alimlərinin, yazıçılarının, mədəniyyət xadimlərinin, siyasətçilərinin  böyük xidmətləri olmuşdur.

Onların içərisində İsmayıl Şıxlı görkəmli yer tutur.

Onun ömrü, yaradıcılığı, insani keyfiyyətləri hər Azərbaycan vətəndaşı üçün örnək ola bilər”. (Heydər Əliyev)

                                                           ***

Mənə elə gəlir ki, İsmayıl Şıxlı deyiləndə onu sevənlər hökmən ayağa qalxırlar.

Mən onu heç vaxt ölüm yatağında təsəvvürümə gətirə bilməmişəm.

Ölüm gəlib, İsmayıl Şıxlı ayaq üstdə onun üzünə öz qapısını açıb və deyib:

-Xoş gəlmisən!

-Gedəkmi?

-Gedək!

-Kişi kimi deyirsən?

-Kişi kimi!

Və beləcə o ölməz insan, böyük yazıçı heç kimə hara getdiyini demədən onunla çıxıb gedib.

Mən onun gözünü yumub heç vaxt yatdığına da inanmaq istəməmişəm. Durnalar uça-uça yatdıqları kimi!

...Mən adi bir bəndəyəm.

Kiməm ki?!

İstəyəndə otururam, istəyəndə yatıram.

Ancaq nə eybi!

Ürəyim ayaq üstdədi!

İsmayıl Şıxlı kimi sənətkarın qarşısında!

Amalın, Kamalın, böyük Sözün qarşısında!

                                                                                                          Barat VÜSAL,

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri,

Əməkdar incəsənət xadimi, şair


Geri qayıt