• Təqvim

  • Unutma

  • Maraq



Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova BDU Qazax filialının tələbələri ilə görüşüb


Avropa İttifaqının maliyyə dəstəyi, UNİSEF-in, Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Bakının Xəzər, eləcə də Biləsuvar, Qazax, Şəmkir və Tovuz Rayon İcra hakimiyyətləri yanında gənclərin yerli məşvərət şuralarının üzvlüyünə seçim prosesi başlayıb.

Proqram çərçivəsində layihə ilə əlaqədar ilk seçimlərə yanvarın 13-14-də Qazax rayonundan start verilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidovanın növbəti görüşü bu gün Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alan tələbələrlə olub.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan auditoriyada keçirilən görüşdə filialın direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, bugünkü görüşün məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün Respublika Gənclər Təşkilatı gənclərimizin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrində  təhsil alan tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intelektual inkişafını, asudə vaxtının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq məqsədlərini uğurla həyata keçirir.

 

A.Rüstəmov qeyd edib ki, BDU-nun Qazax filialında da dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi sahəsində, tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın və rayonumuzun ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etmək məqsədilə məqsədyönlü işlər görülür.

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova  çıxış edərək görüşün təşkil olunmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə və filialın kollektivinə minnətdarlığını bildirib. Sonra məruzə ilə çıxış edən sədr layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi adları çəkilən həmin rayonlarda seçilmiş şuralar vasitəsilə qərarların qəbulunda yeniyetmə və gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları narahat edən məsələlərin müəyyənləşdirilməsi və həlli üçün birgə layihələrin hazırlanması və həyata keçirilməsidir. Həmçinin layihə çərçivəsində gənclərin liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırma bacarıqlarının inkişaf etdirilməsi, yerli idarəetmə orqanları ilə şuralar arasında müntəzəm dialoqun qurulması, birgə layihələrin işlənib həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda yerli məşvərət şurasının üzvlərinin regionun ictimai həyatında fəal iştirakı, gənclər arasında şəbəkələşmənin inkişafı və digər istiqamətlərdə də addımların atılması nəzərdə tutulub.


M.Məcidova yanvarın 1-dən start verilmiş "5 rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsinə bu il dekabrın 31-də yekun vurulacağını bildirib. Yanvar-fevral aylarında gənclərin məşvərət şuralarına üzvlərin seçiminin aparılacağını, növbəti iki ayda təlimlər keçiriləcəyini, may-iyunda isə sorğunun hazırlanması və təlimlərin ikinci mərhələsinin təşkil olunacağını qeyd edib. Vurğulayıb ki, bundan sonra iyul-oktyabr aylarında layihənin icrası təmin ediləcək. Görülmüş işlərlə bağlı hesabat konfransının noyabr-dekabr aylarında təşkil edilməsi planlaşdırılır. Layihədə həmin beş rayonda müxtəlif təbəqələrdən olan yeniyetmə və gənclərin - şagirdlərin, tələbələrin, gənc müəllimlərin, həkimlərin, məktəb və kolleclərdə çalışan şəxslərin, həmkarlar ittifaqlarının və gənclər təşkilatlarının nümayəndələrinin, işsiz və əlilliyi olan gənclərin, məcburi köçkün ailələrinin övladlarının və s. müraciət etməsi nəzərdə tutulur. Müraciət edəcək gənclər arasından hər rayon üzrə 20 üzv seçiləcəyini bildirib.

Tədbirdə ARGTMŞ-nin layihələr üzrə katibi Azər Əliyev, Qazax rayonu üzrə koordinator Akif Əmirov çıxış edərək layihə barədə fikirlərini bölüşüblər.

Sonda layihə haqqında ətraflı məlumatı özündəslayd nümayiş etdirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş