• Təqvim

  • Unutma

  • Maraq



“Sülh istəyirik” adlı rəsm sərgisi

QAZAX RESPUBLİKA MƏTBUATINDA


“Sülh istəyirik” adlı rəsm sərgisi
Qazax rayonunda Mədəniyyət və Turizm Nazirliyi, Qazax rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Yalnızca Barışa Tarafız“ Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh istəyirik” adlı rəsm sərgisi təşkil olunub. Sərgi layihə rəhbəri, gənc rəssam Akif Əmirovun təşəbbüsü ilə keçirilib.

Sərgi başlamazdan əvvəl qonaqlar Qazax rayonunun tarixi və görməli yerləri ilə tanış olublar. Tanışlıqdan sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Sülh istəyirik” adlı layihənin iştirakçılarını qəbul edib. Sonra qonaqlara hədiyyələr təqdim olunub. İcra Hakimiyyətində keçirilən görüşdən sonra Qazax Dövlət Rəsm Qalereyasında “Sülh istəyirik” adlı rəsm sərgisi öz işinə başlayıb.

Sərgidə qonaqlar, sərgidə işləri nümayiş olunan şagirdlər və onların rəsm müəllimləri, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Sülh istəyirik” adlı rəsm sərgisində giriş sözü ilə çıxış edərək “Sülh istəyirik” adlı rəsm sərgisinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanı bu gün dünyada tanıdan sənətlərdən biri də rəssamlıq sənəti və gözəl əsərlər çəkən rəssamlarımızdır. Bütün dünyada rəssamlarımızın əl işləri nümayiş olunur, sərgiləri təşkil edilir. Bunun üçün ölkə başçısı tərəfindən rəssamlara hər cür dəstək göstərilir və yüksək şərait yaradılıb.

Gənc rəssam, layihənin rəhbəri Akif Əmirov çıxış edərək “Sülh istəyirik” adlı rəsm sərgisinin təşkilindən, həyata keçirilən layihənin məqsəd və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, layihənin qarşıya qoyduğu vəzifə ölkəmizdə sülhü tərənnüm edən əsərləri nümayiş etdirmək və gənclərimizi sülhü qorumağa, onu təbliğ etməyə çağırmaqdır. Eyni zamanda, gənc və yeniyetmələrdə rəssamlıq sənətinə maraq yaratmaq, onlarda olan istedadı üzə çıxarmaqdır.

Xalq rəssamı, Tərəqqi medalı laureatı Qəyyur Yunus, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nəzakət Əhmədova, rəssam Qafar Sarıvəlli çıxış edərək sərgidə nümayiş olunan əsərlər barədə öz fikirlərini bildirib, gənc rəssamlara yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə sərginin təşkilinə göstərdiyi dəstəyə bir qrup təşkilatçıya təşəkkürnamələr, rəsmləri nümayiş etdirilən gənc rəssamlara isə sertifikatlar verilib.

Tədbir iştirakçıları sərgiyə baxıblar. Sərgidə nümayiş etdirilən gənc rəssamların rəsmləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Vəli VƏLİYEV
“Respublika” qəzeti
20 dekabr 2017-ci il



Facebook-da paylaş