Yeni il ərəfəsində məcburi köçkünlərlə görüş keçirilib
Bu gün ölkəmizdə
qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşılır. Respublikamızın bütün bölgələrində "Qaçqınların
və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham
Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə məqsədyönlü tədbirlər həyata
keçirilir. Həmin Sərəncamla bütün bölgələrimizdə məskunlaşmış məcburi
köçkün ailələri üçün saysız-hesabsız yeni qəsəbələr salınır, onların həyat
şəraitləri mütəmadi olaraq yaxşılaşdırılır. Ermənistanla
168 km sərhəddi olan və Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Aşağı Əskipara, Yuxarı Əskipara kimi 7 kəndi düşmən tərəfindən işğal
olunan Qazax rayonunun sakinləri də elan olunmamış müharibənin ağrı-acılarını uzun
müddətdir ki, yaşayırlar. Bu gün rayonun 5 kəndi daim düşmən gülləsinin atəşi
altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu 285 şəhid verib. Bu gün Qazaxda həmin
işğal altında olan kəndlərin sakinləri dövlətin və dövlət başçısının qayğısını
hər zaman hiss edirlər. Rayonun
Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə də bu
diqqət və qayğının ən bariz nümunəsidir. Bütün infrastukturlarla tam təmin
olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait
yaradılıb. Rayonumuzda
məcburi köçkün ailələrinin bir qismi isə "Göy bina” deyilən ərazidə Bakı 2 və
2A küçəsində yerləşən çoxmənzilli binalarda məskunlaşıblar. Qəsəbədə olduğu
kimi, bu binalarda da həmin insanlar üçün lazımi şərait yaradılıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu ilk gündən şəhid ailələrinə, Qarabağ
müharibəsi veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim
qayğı ilə yanaşır. Onları narahat edən məsələləri yerindəcə öyrənir, qayğıları
ilə maraqlanır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata
keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə
yetirilir. Bunu rayon rəhbərinin istər yeni qəsəbədə yaşayan sakinlərlə,
istərsə də şəhərin müxtəlif ərazilərində məskunlaşımış məcburi köçkün ailələri
ilə mütəmadi görüşlər keçirməsindən, onlar tərəfindən qaldırılan hər bir
məsələnin dərhal həll olunmasından aydın şəkildə görmək olar. Rayon
rəhbərinin bayram qabağı məcburi köçkünlərlə görüşməsi isə bir ənənə halını
alıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər il olduğu kimi,
bu il də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə "Göy bina” deyilən ərazidə yaşayan
məcburi köçkünlərlə görüşüb, bayram təbriklərini çatdırıb, ən xoş arzularını
bildirib.
Binanın
qarşısında keçirilən görüşdə Milli
Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi
Umudov da iştirak edərək sakinlərlə səmimi söhbət aparıb, bayram təbriklərini
çatdırıblar. İcra başçısı
son iki il yarımda Qazaxda aparılan genişmiqyaslı abadlıq və tikinti-quruculuq
işlərindən, rayonun sosial-iqtisadi
göstəricilərindən söz açaraq yola saldığımız 2018-ci ilin rayonumuz üçün uğurlu
bir il olduğunu bildirib. Qeyd edib ki, rayonumuzda elə bir sahə yoxdur ki,
orada inkişaf, tərəqqi olmasın. "Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial
obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının
inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu
dediklərimizin əyani sübutu kimi qiymətləndirib. "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət
A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı
kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri
aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq”
LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının 2018-ci ilin
yaddaqalan uğurlarından biri olduğunu qeyd edib. Dövlət
başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı
Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişindən söz açan
rayon rəhbəri Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli,
Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli
kəndlərinə yeni asfalt yolların çəkilməsini vətəndaşlara olan qayğı kimi
dəyərləndirib. Qeyd edib ki, Qazax rayonunda yol infrastrukturunun
inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə
artmasının nəticəsidir ki, bu il daha bir avtomobil yolunun çəkilişinə
başlanılıb. 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol
infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq Dəmirçilər kəndində
yeni asfalt yolun çəkilməsi isə başa çatıb.
Rayon rəhbəri ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı
təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən
həyata keçirilən məqsədyönlü işlərdən də söz açıb. Qeyd edib ki, bu gün həmin Sərəncamın
düzgün icra edilməsinin nəticəsidir ki, ötən il 78, bu il isə daha 49 ədəd çoxmənzilli
yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində,
su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və
həyətlərində abadlıq işləri aparılıb. 4 çoxmənzilli yaşayış
binasının həyətində isə xeyir-şər evləri tikilib və yaxud da əsaslı təmir
olunub. Bu gün rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq
127-nin yüksək səviyyədə təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini
vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas
işlərdən biri hesab edib. Dünən isə şəhərin mərkəzində N.Nərimanov yaşayış
massivində yerləşən beşmərtəbəli, dörd bloklu, 1 saylı çoxmənzilli binanın
da əsaslı təmirdən sonra açılış mərasiminin olduğunu bildirib. Digər çoxmənzilli
binalar kimi, sakinlərin yaşadıqları binaların da əsaslı şəkildə təmir
olunduğunu qeyd edib.
Rayonda olan bağçalardakı şəraitdən, körpə balalara olan qayğıdan söz açan
rayon rəhbəri bildirib ki, bu gün 25 bağçadan 18-i müasir standartlara cavab
verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd
bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış
yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar
kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı,
Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin
əyani sübutudur. Şəhərdə
yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən
qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 7 bağçanın - İkinci
Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı
kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu
bildirib. Məcburi köçkün ailələrinə göstərilən
diqqət və qayğıdan danışan icra başçısı Rəcəb Babaşov qeyd edib ki, əlavə
olaraq 300-dən artıq ailənin məskunlaşacağı yeni binaların, əlavə olaraq məktəb
və bağçanın tikilməsinin nəzərdə tutulması isə o deməkdir ki, məcburi köçkünlərə
olan dövlət qayğısı hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə
olacaqdır.
Milli Məclisin
deputatı Kamran Nəbizadə çıxış edərək 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə
bütün məcburi köçkün ailələrini səmimi qəlbdən təbrik edib, xoş arzularını
bildirib. Ölkə başçısı İlham Əliyev tərəfindən məcburi köçkün ailələrinə hər
zaman yüksək diqqət və qayğı göstərildiyini qeyd edib. Dövlət başçısının Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün
ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılışında iştirak edərək öz ad gününü həmin ailələrlə birlikdə qeyd etməsini onlara olan
diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirib.
Milli Məclisin
deputatı Ülviyyə Ağayeva da çıxış edərək əlamətdar günlər münasibətilə bayram
təbriklərini çatdırıb. 2018-ci ilin dövlətimiz, xalqımız üçün uğurlu bir
olduğunu qeyd edən deputat qarşıdan gələn yeni ildə də xalqımızı daha böyük
nailiyyətlərin gözlədiyini qeyd edib. Respublika Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağında olan rayonlarımızın, eləcə
də Qazaxın 7 kəndinin işğaldan azad olunmasını və bayram əhval-ruhiyyəli belə
görüşlərin həmin torpaqlarda keçirilməsini arzu edib.
Bağanıs Ayrım
kənd sakinlərindən Bəhlul Poladov, Müşkünaz Aslanova, Nəcibə Adıgözəlova,
Cavanşir Əliyev və başqaları çıxış edərək qeyd ediblər ki, bu gün biz
Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə
olunmuşuq. Bizim üçün hər cür şərait yaradılıb. Bu gün ölkə başçısının və sizin
kimi insanların sayəsində biz özümüzü tam qayğı ilə əhatə olunmuş hiss edirik. Sizin
hər dəfə bizlərlə görüşməyiniz, qayğılarımızla maraqlanmağınız bunun əyani
sübutudur. Bəli, son iki il yarımda rayonda görülən işlər göz qabağındadır.
Ağızdan çıxan hər bir istəyin, qaldırılan məsələlərin dərhal həll olunması isə bir
daha sübut edir ki, rayonda vətəndaş amili həmişə ön planda olub. Dövlətimiz
tərəfindən bizlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş
Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş
torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq. Rayon
rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən
məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham
Əliyevə və icra başçısı Rəcəb Babaşova bütün məcburi köçkün ailələri adından
minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş